Erməni general Bakıya görə separatçıları təhdid etdi: “Ya 8 min manat ödəyin, ya da…”

Ermənistanın DOK Partiyasının sədri Vardan Qukasyanın Qarabağdakı keçmiş qondarma rejimin "müdafiə naziri" olmuş, general-leytenant Kamo Vardanyanla bağlı iddiaları müzakirələrə səbəb olub.

Olaylar.az xəbər verir ki, Qukasyan 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş antiterror əməliyyatlarını xatlırladıb.

Qukasyanın sözlərinə görə, separatçılara məxsus hərbi texnikanın Azərbaycan ordusunun nəzarətinə keçməməsi üçün məhv edilməsinə çalışılıb:

"Əməliyyatların keçirildiyi gün Qarabağda Drmbon briqadasının hərbçiləri texnikanın salamat şəkildə azərbaycanlıların əlinə keçməməsi üçün tanklara qum tökməyə başlayıblar. Hərbçilərə texnikaların hamısını məhv etmək əmri verilib. Lakin Kamo Vardanyan bundan xəbər tutur və mane olur. Vardanyan komandanlıq vasitəsi ilə hərbçilərlə əlaqə saxlayıb və texnikalara zərər verəcək hər kəsi cinayət məsuliyyətinə cəlb etməklə hədələyib. Hətta onların 2 milyon dram (təxminən 8 min 640 manat-red.) cərimə olunacağını deyib. Beləliklə əməliyyatlardan sonra texnikaların çoxu Azərbaycan ordusunun nəzarətinə salamat şəkildə keçdi".

Qeyd edək ki, bundan öncə Kamo Vardanyanın 2023-cü ilin sentyabrın 25-də Xankəndidə 200-dən çox insanın ölümü ilə nəticələnən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məsuliyyətə cəlb oluna biləcəyinə dair məlumatlar yayılıb. Ermənistan İstintaq  Komitəsi məsələnin araşdırıldığını bildirib. Hərbi hissədə partlayış baş verdiyi zaman əsgərlərə ermənilərin yanacaqla təmin olunması və Qarabağdan təhlükəsiz çıxışlarına nəzarət edilməsi tapşırılıb. Lakin nəzarət uğursuz olub. Həmin vaxt separatçıların başında dayanan şəxsin Kamo Vardanyan olması səbəbindən məsuliyyətin onun üzərinə düşdüyü bildirilir.

Xatırladaq ki, K.Vardanyan hər iki Qarabağ müharibəsi, həmçinin 2016-cı il Aprel döyüşlərində aktiv iştirak edib. O, 2021-ci ildə keçmiş separatçı rejimin hazırda Bakıda istintaq təcridxanasında saxlanılan "rəhbəri" Araik Arutyunyan tərəfindən "müdafiə naziri" təyin olunub. Bir il sonra isə general-leytenant "rütbəsi" verilib. O, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından sonra Ermənistana qaçıb. Ötən il K.Vardanyanın Ermənistanın müdafiə naziri Suren Papikyanın qeyri-kommersiya əsaslı müşaviri təyin olunduğuna dair məlumat yayılıb, lakin sonra təkzib edilmişdi.

K.Vardanyan müsahibələrinin birində hər üç müharibədə təsadüfən sağ qaldığını deyib. (Globalinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31