Trampın Yaxın Şərq planı: Qəzza boşaldılsın, fələstinlilər köçürülsün! – ÖZƏL

ABŞ-nin yeni prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, bu ideyanı İordaniya kralı II Abdullahla telefon danışığı zamanı səsləndirib. Trampın arqumentinə görə, Qəzza artıq yaşayış üçün yararsız hala düşüb, burada demək olar ki, salamat bina qalmayıb və gələcəkdə İsrailin bölgəni yenidən bombalamayacağına heç bir təminat yoxdur.

Siyasi ekspert Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında bildirib ki, Trampın Qəzzanı boşaltmaq planı təkcə humanitar deyil, strateji məqsədlərə də xidmət edir. Ekspertin fikrincə, ABŞ və İsrailin əsas məqsədlərindən biri Qəzzada silahlı müqaviməti tamamilə məhv etməkdir:

"İsrail hava zərbələri ilə üstünlük əldə etsə də, quru əməliyyatlarında eyni uğuru göstərə bilmir. Çünki HƏMAS uzun illər ərzində gizli tunellər şəbəkəsi yaradıb və bu tunellər onların əsas dayaq nöqtəsidir. Qəzzada hərbi müqavimətin davam etməsi İsrail üçün ciddi problem yaradır. Ona görə də HƏMAS-ı sıradan çıxarmağın ən effektiv yolu bölgəni tamamilə boşaltmaqdır."

Z.Əmrəliyev bildirir ki, İsrailin bölgədə yeni yəhudi yaşayış məskənləri salmaq siyasəti də bu planın tərkib hissəsidir:

"Tramp  Misir və İordaniyaya təklif edir ki, Qəzzadakı fələstinli qaçqınlar qəbul edilsin və onlar üçün yeni yaşayış sahələri yaradılsın. Ancaq bu, əslində fələstinliləri torpaqlarından məhrum etmək deməkdir. Çünki Qəzza boşaldıqdan sonra İsrailin bu ərazini nəzarətə götürəcəyi aydın məsələdir."

Siyasi ekspertin fikrincə, bu planın üçüncü məqsədi müstəqil Fələstin dövlətinin yaranmasına mane olmaqdır:

"Qəzza  Fələstin dövlətinin iddia etdiyi iki əsas bölgədən biridir. Digəri isə hazırda Fələstin Muxtariyyətinin yerləşdiyi İordan çayının qərb sahilidir. İsrail bu bölgədə də yəhudi yaşayış məntəqələri salır və artıq  ABŞ bu əraziləri İsrailin torpağı kimi tanıtmağa çalışır. Trampın bu addımı, faktiki olaraq, Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəlib."

Ancaq Misir və İordaniya Trampın planına qarşı çıxır. İordaniya artıq 2 milyon fələstinliyə sığınacaq verdiyini əsas gətirərək yeni qaçqın axınını qəbul etməyə hazır olmadığını bildirir. Misir isə ağır iqtisadi vəziyyət və xarici borc yükünü səbəb göstərərək bu yükü daşımaq istəmir. Ekspert qeyd edir ki, Misirin mövqeyi xüsusilə diqqətçəkəndir:

"Misir xarici borclarının silinməsi müqabilində fələstinli qaçqınları qəbul edə bilər. Bu ehtimal reallaşarsa, Qəzzanın boşaldılması mümkün görünə bilər. Amma bu proses olduqca uzunmüddətli və çətin olacaq. Trampın hakimiyyətinin bu planı tam icra etməyə çatıb-çatmayacağı isə hələ sual altındadır."

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31