Ekspert: “Azərbaycandan sonra Gürcüstan da AŞPA-ya yerini göstərdi” – ÖZƏL

"Gürcüstan  Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxmaq qərarında tamamilə haqlıdır. Çünki  AŞPA  özünü müstəqil dövlətlər üzərində hegemon qurum kimi aparmaq niyyətinə düşüb".

Bu fikirləri Olaylar.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli deyib:

"Üzv dövlətlərə, xüsusilə də MDB məkanından olan dövlətlərə Qərbin maraqları çərçivəsində təzyiq göstərməyə, xarici siyasət kursunun müəyyən olunması üçün tezislər verilməsinə cəhd göstərilir. Təbii ki, müstəqil dövlətlər belə yanaşmanı qəbul edə bilməz. Hər bir dövlətin özünün suveren hüquqları və maraqları mövcuddur. Rəsmi Tiflisin Gürcüstanın maraqları çərçivəsində qərar qəbul etməsi və AŞPA-nı tərk etməsi tamamilə doğru yanaşmadır. Gürcüstan AŞPA-nın parlament seçkiləri ilə bağlı tələbini yerinə yetirmək niyyətində deyil. Gürcüstanda artıq seçkilər keçirilib və Gürcüstan vətəndaşları öz siyasi iradələrini ifadə ediblər. Gürcüstanda legitim hakimiyyət mövcuddur və Gürcüstan hakimiyyətinin legitimliyini müəyyən elmək baxımından AŞPA-nın heç bir hüququ mövcud deyil. AŞPA-nin üzv dövlətlərin hakimiyyətlərinin legitimliyi ilə bağlı öz üzərinə belə səlahiyyətlər götürməsi yolverilməzdir".

Analitik qeyd edib ki, Azərbaycandan sonra Gürcüstan da AŞPA-ya yerini göstərmiş oldu:

"AŞPA  Azərbaycana qarşı da yolverilməz şərtlər irəli sürmüşdü və Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmışdı. Rəsmi Bakı da haqlı olaraq  AŞPA daxilindəki fəaliyyətini dondurmuşdu. İndi Gürcüstan da analoji atdı. Bununla da  AŞPA-ya açıq mesaj verilir ki, üzv dövlətlər AŞPA-nın idarəçiliyi altında deyillər. Müstəqil dövlətlərdir və öz xarici siyasətlərini müəyyən edərkən və eyni zamanda daxili idarəçilik sistemini formalaşdırarkən  AŞPA-dan icazə almaq məcburiyyətində deyillər. Bu baxımdan, AŞPA artıq belə davranışları ilə öz nüfuzunu itirməyə başlayıb. Belə davam edərsə, tezliklə  AŞPA-nın sıralarının daha da seyrəlməsi qaçınılmaz ola bilər".

Qeyd edək ki, Gürcüstan parlament  nümayəndə heyəti yanvarın 29-da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb. 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31