Növbədənkənar prezident seçkiləri yeni dövrün siyasi başlanğıcı oldu- ÖZƏL

Cənab İlham Əliyevin xalqımızın etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsinin birinci ili tamam olur. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd edib ki, 2024-cü il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 92,12 faizi Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə etimad göstərməklə Azərbaycanı qalib və tarixinin ən qüdrətli dövlətinə çevirən uğurlu siyasətin davamına səs verdi: "Əvvəlcə onu qeyd edim ki, seçkilərin növbədənkənar keçirilməsi beynəlxalq seçki praktikasında qəbul edilmiş hüquqi normadır. Müəyyən səbəblərdən hər bir seçkinin keçirilmə tarixi təqvimdə qabağa çəkilə bilər. Olduqca qürurvericidir ki, respublikamızda son prezident seçkiləri məhz respublikamızı və xalqımızı şərəfləndirən hadisələr səbəbindən növbədənkənar keçirildi. Prezident İlham Əliyev keçən il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələni ətraflı şərh etdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi prezident seçkilərinin növbədənkənar keçirilməsinin birinci səbəbi suverenliyimizin tam bərpasıdır. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi suverenliyimizin tam bərpa olunması epoxal hadisə kimi Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Növbədənkənar prezident seçkiləri isə yeni dövrün siyasi başlanğıcı oldu".

Onun sözlərinə görə, yeni dövrün siyasi başlanğıcı olması baxımından 7 fevral seçkiləri Azərbaycanın müstəqilliyi dövründə buna qədər keçirilmiş bütün seçkilərdən fərqləndi: "Bu seçkinin başqa bir əlamətdar tərəfi müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində təşkil olunması, Qarabağ və Şərqi Zəngəzurda da səsvermənin keçirilməsidir. Ona görə bu siyasi hadisə tarixdə həm də Zəfər seçkisi kimi yadda qaldı. Ailə üzvləri ilə birlikdə Xankəndidə səs verən Müzəffər Lider İlham Əliyevin qutuya atdığı bülleten isə, özünün dediyi kimi erməni separatçılarının tabutuna vurulan son mismar idi. Bu mənada növbədənkənar prezident seçkilərinin əlamətdar siyasi məziyyətlərindən biri də torpaqlarımızda erməni separatçılığına son qoyulması ilə bağlı dünyaya çatdırdığı mesaj oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31