Ekspert: “USAID-in Bakıdakı ofisi də bağlanmalıdır” – ÖSƏL
10:25 Siyasət"USAID Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edib. Əsassız, absurd və məntiqsiz iddialar, ittihamlar irəli sürüb, olduqca gülünc və hüquqi əsası olmayan çağırışlar edib. Bunu dəfələrlə müşahidə etdiyimizə görə, USAID-in necə qərəzli qurum olduğu şübhə doğurmur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib:
"Burada önəmli məqam ondan ibarətdir ki, USAID-in mövqeyi adətən Amerika Birləşmiş Ştatlarının mövqeyi kimi qəbul olunub və təşkilat ABŞ Dövlət Departamentinin tərkibində olan qurumdur. ABŞ Dövlət Departamentinin icazəsi və ya təlimatı olmazdısa, USAİD Azərbaycana qarşı belə qərəzli və məntiqsiz mövqe nümayiş etdirə bilməzdi. USAİD-in ermənipərəst, anti-Azərbaycan mövqeyi Bayden administrasiyası dövründə ən yüksək həddə çatmışdı. Həmin dönəmdə qurum aşkar şəkildə Azərbaycana qarşı yalnız qərəzli yox, həm də ermənilər səviyyəsində düşmənçilik mövqe sərgiləmişdi. Bu, dəfələrlə müşahidə olunub".
Ekspert qeyd edir ki, USAID-in Azərbaycanda olan baş ofisinin ləğv olunması artıq gündəmə gətirilməlidir:
"Ümumi götürdükdə, belə təşkilatların müstəqil dövlətlərə təsir göstərməsinin qarşısını almaq üçün baş ofislərinin müstəqil dövlətlərin ərazilərində yaradılmasına icazə verməmək lazımdır. Əgər baş ofislər mövcuddursa, onların dərhal ləğv olunması lazımdır. USAID-in Bakı şəhərində olan baş ofisinin ləğv olunması artıq gündəmə gətirilməlidir. Bu baş ofisin ləğv olunması olduqca böyük önəm daşıyır. Çünki USAID ABŞ dövlət tərkibindəki qurumdur və Azərbaycanda baş ofis açıb hər şeyə müdaxilə etməyə cəhd göstərir. Xarici dövlətin qurumu, hətta rəsmi qurumdur. ABŞ Azərbaycanda yalnız Amerika Birləşmiş Ştatlarının səfirliyi ilə təmsil oluna bilər və olunur. USAID-ə ehtiyac yoxdur. Ona görə də bu təşkilatın Bakıdakı baş ofisinin ləğv olunmasının vaxtı çoxdan çatıb".
E.Xalidbəyli İlon Maskın USAID haqqında dediklərinə də toxunub:
"Ümumiyyətlə, bu quruma qiymət vermək üçün o qədər də uzağa getməyə ehtiyac yoxdur. USAID-in necə təşkilat olduğunu Tramp administrasiyasının tərkibində yer alan dünyaca məşhur milyarder İlon Mask dəyərləndirib. Mask bildirib ki, USAID cinayətkar təşkilatdır. ABŞ və dünyada böyük nüfuza sahib olan, Tramp administrasiyasının tərkibində yer alan İlon Mask USAID-i cinayətkar təşkilat elan edirsə və bu təşkilatın fəaliyyətinin dayandırılması istiqamətində addımlar atılmağa başlanıbsa, USAID haqqında əlavə faktları gündəmə gətirməyə ehtiyac yoxdur. İlon Mask bu məsələyə nöqtəni tam dəqiqliyi ilə vurub".
Qiymət Mahir