İran artıq islahatlara getməli, dəyişməlidir - ÖZƏL
19:00 Siyasət"Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin qonşu İrana səfərini müsbət müstəvidə dəyərləndirmək istərdik".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Həqiqətən də Azərbaycan dövləti, özəlliklə də yaxın qonşulara bir jest edir, xoş məram nümayiş etdirir, əl uzadır ki, münasibətlər yaxşı məcrada davam etsin. Amma təəssüflər olsun ki, elə məhz bu İran İslam Cümhuriyyəti adlı dövlət Azərbaycanın bu xoş məramını heç vaxt düzgün qiymətləndirə bilməyib. Bilmədiyinə görə də ən çox özü əziyyət çəkib. Çünki Azərbaycan Respublikasının bir dövlət olaraq İran İslam Cümhuriyyəti adlı bir dövlətə, ölkəyə ehtiyacı yoxdur. Bizim onlardan asılılığımız yoxdur, bizim dünyaya açılmağımız üçün İran bir pəncərə deyil, ümumiyyətlə bölgəmizdə yürütdüyümüz siyasətdə də İranın rolu sıfıra bərabərdir. Yəni bizim İrana elə ciddi ehtiyacımız yoxdur. Sadəcə olaraq Azərbaycan dinc qonşuluq siyasətinə üstünlük verir və bu baxımdan da, o cümlədən İrana əl uzadır, xoş məram nümayiş etdirir. Əvvəlki dövrlərdə də belə cəhdlər az olmayıb, amma İran həmin cəhdləri düzgün qiymətləndirməyib, əksinə, Azərbaycanın daxilində qarışıqlıq yaratmaq üçün müəyyən şəbəkələşməyə gedib, hətta cinayətkar ünsürləri belə dövlət səviyyəsində dəstəkləyib. Azərbaycan o hərəkatların demək olar ki, hamısını təmizləyib, yerbəyer edib, yenidən İrana bir şans vermək istəyir ki, normal münasibətlər qurulsun. Bunlar bunu dəyərləndirə biləcəklərmi? Açığını deyim ki, o qədər də əmin deyiləm. Amma bununla bərabər düşünürəm ki, Azərbaycan prezidenti düzgün qərar verib, Azərbaycan dövləti öz nümayəndəsini İrana göndərməklə düzgün addım atıb. Yəni bir daha o dövlətə göstərir ki, biz sizinlə normal qonşuluq münasibətlərində maraqlıyıq. Təbiidir ki, bu münasibətlər sadəcə olaraq iki ölkə arasında istiləşmə ilə bitməyəcək. Ardınca Azərbaycanın ən mühüm məsələsi Güney Azərbaycan türklərinin, bütövlükdə İran türklərinin hüquqlarının gündəmə gəlməsi olacaq. Bunun üçün də İran hazırlıqlı olmalıdır. Yəni İran artıq islahatlara getməli, dəyişməlidir. Öz üzərində işləməli və ən azından orta əsrlər cəngəlliklərindən çıxıb bizim çağımıza uyğunlaşmalı, yetişməlidir və Azərbaycan bu məsələlərdə İrana çox kömək edə bilər. O baxımdan deyirəm ki, İran bunu düzgün dəyərləndirə biləcəkmi? O qədər də əmin deyiləm. Amma istənilən halda Azərbaycan tərəfinin bu addımını təqdir edirəm".