Bu, Azərbaycan-Kanada münasibətlərini kifayət qədər zəiflədir - ÖZƏL

"Kanada xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar yeni bəyanatlar deyil. Bu şəxs fransız əsilli olduğu üçün onlarla kifayət qədər münasibətləri olan bir şəxsdir. Eyni zamanda, Kanadanın özünün də Fransa ilə müəyyən əlaqələri və erməni diaporasının təsilərini nəzərə alsaq Kanadada Azərbaycana qarşı münasibət heç də normal deyil".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Xüsusilə də 44 günlük savaş zamanı Kanada özünün bütün siyasətinin mahiyyətini ortaya qoydu. Hələ o zamanlar Türkiyənin Bayraktar TB2 PUA-larının döyüşdə iştirakına görə bir çox ehtiyat hissələrinin satılması ilə bağlı embarqo tətbiq etdi. Kanadanın bu tipli açıqlamaları bizim üçün yeni deyil. Eyni zamanda, Kanada bölgədə öz mövqeyini gücləndirmək üçün Fransaya dəstək verir. Təsadüfi deyil ki, Aİ-nin cəsuslardan ibarət olan missiyasının tərkibinə həm də Kanada atlı polisləri də qatılıblar. Bu da "Kanada kimi dövlətin Güney Qafqazda nə işi var" sualını ortaya gətirir. Kanadanın bu davranışları təbii ki, qəbuledilməzdir.  Azərbaycan da buna adekvat cavablar verməkdədir. O ki qaldı bu çağırışlara, əslində, Qarabağda vaxtilə terror rejiminə rəhbərlik etmiş və Azərbaycana qarşı cinayətləri törətmiş şəxslərin məhkəməsinə bu cür təzyiq göstərmək heç bir nəticə verməyəcək. Azərbaycan Ədalət Məhkəməsi onları layiq olduğu cəzaya çatdıracaqlar. O ki qaldı Kanadanın verdiyi bu bəyanatların hansı təsir doğuracağına və beynəlxalq münasibətlərə necə təsir edəcəyinə, təbii ki, bu bəyanatlar Azərbaycan-Kanada münasibətlərini kifayət qədər zəiflədir və gərginlik yaradır. Eyni zamanda, Kanadanın özünün də maraqlarına uyğun deyil. Amma hansısa ciddi nəticələr doğuracağını demək də doğru olmaz. Kanadanın dünya siyasətində rolu olsa da, bu həlledici rol deyil. Xüsusilə də Güney Qafqazda Kanadadan 10 min kilometr uzaqlıqda bir bölgədə hansısa təsirin olması qeyri-realdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31