Arçutlu (Ardıclı) gənclərin inkişaf konsepsiyası

Gənclik fəlsəfəsinin əsasları

"ARDIC" Hərəkatının  "Arça" Düşüncə Mərkəzinin   təqdimatında

Yazı  Azərbaycanın  Milli  Qəhrəmanı, birinci  Qarabağ müharibəsi  şəhidi  Fərhad Hümbətova ithaf olunur

"Arçutumuzu heç kəsə verə bilmərik; çünki O, bizim Ardıcımızdır! Böyüklərimiz ağacları əmanət qoyub gəliblər. Biz  geriyə dönüb onları öz əllərimizlə sulamalıyıq!"

"Allah  əcdadlarımıza rəhmət eləsin! Öz doğma Arçut kəndlərinin Ardıc ağacı mənasını heç zaman erməninin öz dilində səsləndirdiyi ayı yozumuna təslim etməyiblər! Deməli, ulu kəndimiz mübariz və vətənpərvər olub!  Biz  o yolun  davamçılarıyıq!"

02 fevral Azərbaycan gəncləri günüdür. Gənclər gününn təsis olunmasından bu yana ölkə gəncliyinin yeni inkişaf mərhələsi başlayıb. Postmodernist dövrdə gənclik istər ölkədə, istərsə də dünyanın müxtəlif bölgələörində bəşəriyyətin inkişafına layiqli töhfələrini bəxş etməkdədirlər. Ölkə gəncliyi ilə bağlı qəbul edilən qanunvericilik aktları, dövlət proqramları özlüyündə bu sahədə ciddi bir konsepsiya  formalaşdırıb.    Bu baxımdan  da ümumi konsepsiya daxilində Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut (Ardıc) gənclərinin də öz inkişaf konsepsiyaları formalaşıb. Bu konsepsiya ümumazərbaycan gəncləri konsepsiyasının tərkibini təşkil etməkdədir.  Ardıc gəncləri  hələ  Qərbi Azərbaycanda yaşayarkən, qaçqın düşməmişdən öncə  öz həyatlarını daimi şəkildə Azərbaycan ölkəsi ilə bağlamışlar.  Ali və orta ixtisas təhsili, müxtəlif peşələrə yiyələnmək bu amilin şərtlənməsində həlledici vasitə olub.  XX əsr  Arçut gənclərini konsepsiyası Azərbaycanın o zamankı konsepsiyası ilə uyğunluq təşkil edib və ondan bəhrələnib.   Bu gün də bu proses davam etməkdədir. Arçut gəncləri ölkənin ictimai həyatında fəal rol oynamaqdadırlar. Ümumazərbaycan konsepsiyasının reallaşmasında öz layiqli töhfələrini bəxş etməkdədirlər.  

Hər bir şəxs, fərd öz doğma yurdunun təmsilçisidir, nümayəndəsidir.  Doğma yurdu təcəssüm etdirən bütövdür, vəhdətdir, birləşdirici və bağlayıcı vasitədir, elementdir.  Yurdun təbii ruhunun daşıyıcısıdır.  Şəxs, fərd doğma yurdun, diyarın abı-havasının, məkanın və mühitin   elementlərinin təcəssüm etdirənidir, gerçəkliyidir.  Çünki şəxs həmin yurdun, məkanın, ətraf mühitin, bu baxımdan iqlimin, flora və fauna mühitinin, litosfer və hidrosferin, atmosferin elementlərinin təcəssüm olunduğu fərddir, varlıqdır. Sosial strukturun tərkibidir. Mədəniyyəti ifadə edən elementlərin daşıyıcısıdır.  Ünsiyyət və əlaqə elementidir.  Mübadilələr sayəsində ruh elementlərinin ötürülməsi ilə məkanın mədəniyyət bütövü meydana gəlir. Buradan da icma, toplum, xalq və millət formalaşır. İcma və xalq eyni və müxtəlif dillərdə danışan və məkana bağlı olan etno-mədəni elementlərin vəhdətidir. 

İnsan bir fərd olaraq dünyaya gəldikdə öz irsinin  bioloji daşıyıcısı olmaqla yanaşı, zaman-zaman ətraf mühitin də özünə toparlayıcı, çəkici, cəzbedici  ünsürünə çevrilir. Çünki ətrafdan qidalanır və xassəsini qəbul edir.  İnsan öz əməlləri  və davranışları ilə vərdişlər yaradır və bununla da öz cəımiyyətinin xassəsinin formalaşmasında iştirak edir.   Müəyyən bir məkanın nümayəndəsi olan şəxs, fərd özündə daşıdığı xassələrlə həmin məkanın identifikasiyasını yaradır. Sanki özünün  şəxsiyyətini təsdiq edən daşıyıcı bütövünə çevrilir. 

İnsan böyüdükcə əxlaq və estetika daşıyan mənbəyə və lokomotivə, qatara  çevrilir.  Öz nəslindən və zamanından, məkanından qəbul etdiyini yaşadır və irsən ötürür.  İnsan xaraktercə vərdişləri qəbul edən olur və vərdişləri də ötürür, mübadilədə iştirak edir. Bu mübadilədən də ətraf mühit meydana gəlir.  Bu baxımdan  da insan ətraf mühitdə yaradıcı və qurucu ünsür, subyekt, tərəf rolunu oynayır. (Qeyd: Ardıc gəncləri öz yaradıcılıqlarını və quruculuqlarını həm kənddə, həm də ölkənin digər məskənlərində ifadə edirdilər. Bununla da özlərini təsdiq edirdilər. Kəndin adını şərəflə, ləyaqətlə  daşıyırdılar. Öz icmalarında və başqa ictimai və sosial strukturlarda Ardıcı ləyaqətlə təmsil edirdilər. Başqa icmalardan qəbul etdiklərini da Ardıcda tətbiq edirdilər).   Yaradıcılıq və quruculuq qabiliyyəti təbii olmaqla yanaşı, istedada, bilik və bacarığa söykənir. Həyat vərdişləri, əmək təcrübəsi ilə təkmilləşir və bu təkmilləşmə prosesi özlüyündə bir məktəbə çevrilir. Bu yöndə qəbul etmək lazımdır ki, cəmiyyətin aparıcı qüvvəsi olan yeniyetmə və gənclik harmonik əsaslı  keçirici, ötürücü və bağlayıcı funksiya kəsb edir. Bu təbəqə irsən qəbul etdiyini daha da təkmilləşdirir, qazancları artırır və cəmiyyətin fonunu zənginləşdirir. Gənclik təkmilləşdikcə öz gücünü daha da artırır və faydalarını ardıcıl formada  və silsilə qaydada təqdim edir. Gənclik həyat yolunda öz xidmətini həyata keçirir və estafeti sonrakı nəslə ötürür.   Gəncliyin hərəkəti, kəmiyyət və keyfiyyət dəyişikliyi ilə xassələnən dinamikası və universal dəyişən fon  özlüyündə inkişafdır. (Qeyd: Arçut gəncləri çox aktiv idilər. Onlar əldə etdikləri biliklərdən yüksək səviyyədə istifadə etmək strategiyasını seçirdilər. Özlərini böyük ölkənin ictimai və sosial mühitində təsdiq etməyə can atırdılar. Kəndin adını yüksəkliklərə qaldırırdılar.  Cəmiyyət quruculuğunda yaxından iştirak və özünüsübut və özünütəsdiq başlıca kredo və meyar idi. Arçut gəncliyi öz iştirakı ilə öyünür və fəxarət hissi duyurdu).  Gəncliyin inkişafı dedikdə, onun ruh elementlərinin, mental dəyərlərinin zənginləşməsi ilə meydana gələn dəyişiklik  kimi başa düşülə bilər. Gəncliyin ideya bazasının zənginliyi, cəmiyyətə, həyata real baxışları  və bu baxışların sistemləşməsi özlüyündə konsepsiyanı, ideyalar məcmusunu meydana gətirir. Gəncliyin inkişaf konsepsiyası nəzəri baxımdan özündə çoxlu sayda ideya, təklif və təşəbbüsləri əks etdirir. Gənclik bu konsepsiya ilə özündə tələb və təklif yaradır. Tələbatın, ehtiyac meyarlarının ödənilməsi üçün gəncliyin potensialı mütləq cavab verən olur. Gənclik reaksiyası təbii instinktdir və adekvatlılıq şərtdir. Gənclik özünü proseslərdən kənarda saxlaya bilmir və proseslərin axarında görür. Eləcə də axarları formalaşdırır.  (Qeyd: Arçut gəncləri cəmiyyətdə avanqard ideya mənbəyi rolunu oynayırdı. Sovet quruculuğunda, həmçinin Azərbaycan və Ermənistanın həyatında  yaxından iştirak edirdi. Bununla da mədəniyyəti mənimsəmə məqsədini güdürdü). Gənclik özündən tələbləri yaradır və özü də həmin təkliflərə cavab verir, təkliflərin təminatını həyata keçirir.  Bu yöndə gənclik böyük qüvvədir. Gənclik bir təbəqə olaraq daim çevikdir, aktivdir. Xarakteri elədir ki, yenilik axtarışındadır. Elementləri daimi olaraq qazanmaq strategiyasını güdür.  Gənclik mütəhərrikdir.(Qeyd: Arçut gəncləri də əldə etdikləri biliklər sayəsində   həm öz kəndlərində, həm də digər məkanlarda  yenilik axtarışında olurdular. Qazanclar və nailiyyətlər məna idi.  Texniki vasitələrin əldə olunması və bundan yararlanmaq başlıca strategiya və taktikaya çevrilmişdi).   Yeniliklər forma və mahiyyətin dəyişməsindədir, həm də formanı dəyişməklə mahiyyəti saxlamaqdadır. Bu proseslərin mərkəzi qüvvəsində gənclik dayanır. Əzmkarlıq, dəyanətlilk, ləyaqətlilik, mübarizlik, qətilik, iradəlilik, şücaətli olmaq, mətinli, sarsılmaz, möhkəm  olmaq, vüqarlı olmaq, hünərli olmaq,  prinsipiallıq, pozitivlik, inadkarlıq, dönməzlik  və s. kimi müsbət insani keyfiyyətləri özündə ifadə edən və şəxsiyyəti tamamlayan, nizam-intizamın və sistemliliyin əsaslarını özündə cəmləşdirən  gənclik bu kimi keyfiyyətləri, əlamətləri çeviklik, çalışqanlıq kimi keyfiyyətlərlə birləşdirdikdə tamamlama meydana gəlir. Gənclik öz yaradıcılıq və quruculuq xassəsini efirə, səhnəyə çıxardır. Təqdim edir.   Bununla da öz mənlyini qoruyur, möhkəmləndirir.  Gənclik daim ölkənin, xalqın  iftixarının, vüqarının mərkəzində qərarlaşmaq strategiyasını və hədəfini seçir. (Qeyd: Ardıc gəncliyi bölgədə nüfuz qazanmaq, seçilmək, ad-san əldə etmək, rəhbər ideyalarla çıxış edtmək, müasirliyi daha tez mənimsək strategiyasını seçmişdi. Bu strategiya və proqram uğurla alınırdı. Nailiyyətlər  silsilə və ardıcıl xarakter kəsb edirdi. Arçut gəncləri XX əsrin 60-80-ci illərində  texniki-inqilab və quruculuq bumunun aktiv iştirakçıları idilər).

Şəxs, fərd bu yöndə elin, obanın  mədəniyyətinin ifadəçisidir.  Daşıyıcılıq sayəsində kimlik, identifikasiya müəyyən olunur. Məlumdur ki, hər bir şəxs bir məmləkətdə doğulur. Doğulduğu yerin ruhunu təşkil edən elementləri qəbul edir. Həmin elementlərin realizəsi ilə yurdunun xassələrini kənar məkanda da ifadə etmiş olur. Ardıc kənd sakinləri qürbətdə olsalar da belə  öz ruhlarını son 35 ildə eyni olaraq, baza etibarilə dəyişməz şəkildə  saxlayıblar, tərkib elementləri itirməyiblər. Ardıc əsilli uşaq, yeniyetmə və gənclər öz böyüklərindən qəbul etdikləri elementlərin daşıyıcılarına çevriliblər. Böyüklərə bənzəmək, onlardan müsbət keyfiyyətləri və estafeti qəbul etmək bir şərtdir. Arçut gəncləri daimi olaraq  yaşda böyümək, əməldə böyümək, vəzifədə böyümək taktikasını seçərək, müəyyən pillələrə qədər qalxmağı hədəf kimi müəyyən edirdilər. Böyümək və nüfuz qazanmaq, cəmiyyətdə sayılıb-seçilmək, barmaqla göstərilmək  bir şərəf idi. 

İnkişaf konsepsyası  özündə çoxlu sayda ideyaları məcmulaşdırır. Bu ideyalar fərdə, şəxsə, cəmiyyətə, dövlətə, bəşəriyyətə bağlı olur. İnkişaf konsepsiyası əlaqəli şəkildə inkişaf, hərəkət, dinamika elementlərini özündə ehtiva edir. Hərəkət, dəyişiklik, forma və məzmun keçidləri və əldə olunan qazanclar, fon və məzmun, mühit dəyişmələri inkişafın şərtlərinə aid olur. İnkişaf yaradıcılıq və qurucluqda özünü ifadə edən konstruktiv düşüncələrin əsaslarını əks etdirir. Rəngli, çalarlı və sistemli təcəssüm, həm də sistemli görünüş, nizam-intizam inkişafın özülünü, bazasını ifadə edir. Nizam-intizam bir əxlaqdır. Bu nizam-intizam özlüyündə  gözəlliyi və ciddiliyi  ifadə edir. Nizam-intizama çalarlı  elementlər cəlb edildikdə, rənglərin, çalarların harmonik, uyğun sintezindən gözəllik əldə olunur. Bu gözəllik ruhu zəngin edir. Ruhu qidalandırır.  Ruhu sakitləşdirir, ruha estetik zövq verir. İnkişafın təcəssümü ruhun zənginləşməsinə xidmət edir. Arçut kəndinin uşaqlarının, yeniyetmə və gənclərinin sağlam ruhda inkişafı başlıca şərt idi.  Sağlam ruhun rəhnində elə sağlam tərbiyə dayanırdı. Sağlam tərbiyə ciddi etikanın əsasını təşkil edirdi və sağlam baxışları özündə cəmləşdirirdi.  Gəncliyin potensialından fərdin özünün və cəmiyyətin  səmərəli  əsaslarla istifadəsi başlıca şərt idi. Gəncləri mənalı şəkildə həyata bağlamaq valideyn və müəllim tərbiyəsinin  prioritet məqsədlərinə, vəzifə və öhdəliyinə aid idi. Sağlam gənc yetişdirmək hər bir ailənin və məktəbin arzusu idi. Sağlam yeniyetməlik və gənclik sağlam irsin və ənənənin əsaslarını özündə ifadə edirdi. Gəncliyin elmi, təhsili, maarifçiliyi, dünyagörüşü, əxlaqı, estetikası birlikdə gənclik konsepsiyasını tamamlayırdı.  (Qeyd: Arçut gəncliyi sadalanan sahələr üzrə öz konsepsiyasını formalaşdırırdı. Kənddə uşaqların, yeniyetmə və gənclərin sağlam şəkildə bir-birini əvəzləməsi mühüm şərt idi. Gənclər həyata yeniliklər qatmaqla yaşamalı idilər. Eyni zamanda köhnəliyi saxlamaq, irsə sahib çıxmaq və  sadiq qalmaq  onların önündə başlıca vəzifə və öhdəlik idi.  Gənclər mədəni olmalı, tərbiyəli davranış nümayiş etdirməli idilər. Gənclər böyüyün-kiçiyin yerini bilməli idilər. Tələb həm də ondan ibarət idi ki, həyatlarını şən keçirməli idilər. Gənclik, yeniyetməlik həyata rənglər qatmalı, kəndin ruhunu zənginləşdirməli idilər. Bu baxımdan da məqsəd və vəzifələrə aid olmalı idi).

Arçut kəndində uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı məşhur tezislərdən, şüarlardan biri belə idi: "Yaxşı, əla qiymətlərlə  oxuyursansa, tərbiyən yanaşı olmalıdır. O, olmadıqda oxumağın heç nədir!"  Tərbiyə, gözəllik, təmizlik oxumağı tamamlayırdı.  Bu tamamlama da özlüyündə şəxsiyyətin tərkibini təmin edirdi.  Ləyaqətli, dəyanətli, dəyərli, inanılan, zəmanətli və digər keyfiyyətlərə sahib olan insan yetişdirirdi. Müəllimlər tərbiyənin, özü də ictimai tərbiyənin  əsas mərkəzi elementləri idi. Ailə tərbiyəsini kənddə müəllim tərbiyəsi tamamlayırdı.

Ardıc kəndi Qərbi Azərbaycanın aparıcı yaşayış məskənlərindən biri  olub.  Kəndin aparıcılıq xüsusiyyətləri onun əhalisinin inkişaf tempi ilə əlaqədar olub. Kənd bir tərəfdən böyük potensial formalaşdırıb, digər tərəfdən də bu potensialdan səmərli istifadə edib.  Kənd geniş sosial ünsiyyətə malik olub və zəngin sosial -mədəni struktur yaradıb.  Bu avanqard xüsusiyyət  kəndin potensialında özünü ifadə edib. Belə ki, XX əsrin ikinci yarısından sonra kənddə maarifçilik hesabına, kadr və mütəxəssislər  sayəsində  böyük potensial formalaşıb. Kənddə kənd təsərrüfatı mütəxəssisləri fəaliyyət göstərib, kəndin təkmil inzibati idarəçilik sistemi olub.  Kənd orta məktəbi dünyəvi təhsil verib və bu təhsildən çoxlu sayda müxtəlif sahələri əhatə edən ilkin kadr yetişib, mütəxəssislər hazırlanıb. Mütəxəssislər hazırlayan ali və orta ixtisas məktəbləri üçün bazanı təmin edib.  O zamankı gənclərin əsas maraqları elm, mədəniyyət, incəsənət, ədəbiyyat və müxtəlif texniki peşələrə yiyələnməkdən ibarət olub. Mühəndislik, həkimlik və müəllimlik peşələri, o cümlədən kənd təsərrüfatı texnikasının öyrənilməsi prioritetlik kəsb edib.

Cəmiyyətin sağlamlığı kənd camaatının prioritet məqsədi olub. Uşaqların fiziki və mənəvi sağlamlıqları üçün əhatəli, şaxəli formalı  mühüm tədbirlər həyata keçirilib. Uşaqlar, yeniyetmə və gənclər fiziki sağlamlığa cəlb olunublar. İdman və bədən tərbiyəsi geniş yayılıb. Eyni zamanda ruh sağlamlığı da önəm kəsb edib. Gənclərin yetişməsində başlıca tələb olub.  Uşaqların, yeniyetmə və gənclərin tərbiyəsi kənd icmasının başlıca məqsədi ni təşkil edib.  O zaman kənd icması dedikdə, kəndin məktəb müəllimləri, ağsaqqal və ağbirçəkləri, kənddə nüfuzu olan və  söz sahibinə malik    digər şəxslərin qeyri-formal birliyi kimi başa düşülüb.  Bu birlikdə partiya və komsomolun böyük təsiri olub. Gənclər komsomola və partiyaya qoşulmaq üçün həvəsləndiriliblər. Dəyərli Sovet vətəndaşı yetişdirmək siyasətin başlıca hədəfi olub.

Kənddə yaşayanda məhlədə belə uşaqlar və yeniyetmələr küçədə müəllim və yaşlı adam  görəndə utandıqlarından qaçıb evlərinə gizlənərdilər, sıxılardılar.  Uşaqlar o dərəcədə ciddi tərbiyə olunurdu ki, müəllimdən və valideynlərindən, yaşlı insanlardan çəkinirdilər. Böyük danışanda kiçiklər  susurdular və diqqətlə qulaq asırdılar. Məktəb əsil etika və estetika amili   idi. Gənclər önündə böyüklərdən götürmək, onlardan öyrənmək tələbi qoyulurdu.   

Kəndin uşaq, yeniyetmə inkişaf dövrünü başlıca olaraq iki böyük qismə ayırmaq olar: 1988-ci ilə qədərki dövr və 1988-ci ildən sonrakı mərhələ.  1988-ci ildən sonrakı, qaçqınlıq mərhələsi daha mürəkkəb oldu və dəyərlərin saxlanılması məsuliyyətini özündə saxladı. Yeni şərait, yeni gerçəkliklər yeni-yeni tələbləri ortaya qoydu.  Yeni gerçəkliklərlə ayaqlaşmaq Arçut gənclərinin ümdə vəzifəsinə və məsuliyyətinə çevrildi.  Yeni reallıqları çiyinlərində məsuliyyətlə daşımaq kəndin gənclərinin ümdə vəzifəsi idi. Tapşırıq olaraq qarşıya qoyulmuşdu.

Arçutlu gənclərin inkişaf konsepsiyaları, yəni inkişaf yollarının, üsullarının, metodlarının, fəaliyyət, hərəkət variantlarının sistemli, mexanizmli və strukturlu  ideoloji əsasları,  normalara salınmış, standart formula və proqram, eləcə də  strategiya əsaslı   nəzəri müddəaları, fəlsəfi düşüncə prinsipləri  başlıca olaraq, həm də şərti qeyd etməklə,   iki mühüm mərhələni özündə ehtiva edir: birincisi, 1988-ci ilin dekabr ayına qədərki mərhələni; ikincisi, 1988-ci ilin dekabr ayından 2024-cü il də daxil olmaqla, əhatə olunan dövrü. Konsepsiya qanunauyğunluq kəsb edən nəzəri və təcrübi ideya və bilikləri, nailiyyətləri özündə ehtiva edir.  Konsepsiyanın əsasları gerçəkliklərdən törəyən  ideyalardan və reallıqlara tətbiq olunan düşüncələrdən  ibarətdir. Bu baxımdan trayektorik məzmunda hər iki halda ortaya atılan ideya, təklif və təşəbbüs bir-birini şərtləndirir.  Etiraf etmək lazımdır ki, Arçut gəncləri   bütün bu dövr ərzində ideya və təcrübi əməllərlə  artan templə yüksək səviyyədə inkişaf ediblər. Həm özlərini inkişaf etdiriblər, həm də əməlləri ilə cəmiyyətin tərəqqisini təmin ediblər.  Onlar cəmiyyətdən qazandıqlarını  həm özlərində saxlayıblar, özlərini zənginləşdiriblər, həm də  cəmiyyətin özünə ötürüblər. Bu mübadilədən digərləri də qazanıblar. Passiv elementləri daha çox aktiv fazaya keçiriblər. Bu üsulla da inkişafa məruz qalıblar.  Arçut gəncləri dünyəvi ruhda böyüyərək orta və ali məktəblərdə dünyəvi biliklərə yiyələniblər. İnkişafın əsasını maariflənməkdə, biliklər qazanmaqda, dünyanı əhatəli dərk etməkdə görüblər. Hadisələrə rasional, gerçək və dərin mahiyyəti üzrə baxmaq gənclərin prosesləri yüksək dərk etmək, tam təfsilatı ilə anlamaq məqsədlərindən və istəklərindən meydana gəlib. Rasional idrak, dünyəvi baxışlar və əməllər yeniyetmə və gənclərin nadanlıq, xurafat, mövhumat kimi qaranlıqlardan işıqlığa keçidini təmin edib. Bu baxımdan da bilik qazanmaq uğrunda sözün əsil mənasında marafon yarışı  keçirilib.  Həmçinin  qazandıqlarını da kəndə cəmiyyətə və xalqa ötürüblər.  Bu gün də bu proses davam etməkdədir.  Zamanla ayaqlaşmaq və zamana öz töhfəsini vermək Arçut gənclərinin vəzifəsini müəyyən edən  ümdə prinsipləri özündə ehtiva edib. Onlar sözün əsil mənasında zamanlar arasında körpü yaratmaq qabiliyyətlərini, keçmişin, bu günün  dəyərlərini gələcəyə ötürmək funksiyasını həyata keçirilər.   Gənclərin inkişafı onların ardıcıl qaydada əlaqə yaratmaları əsasında mövcud olub və öz artan tempini qoruyub saxlayıb. Əlaqələrin əsas mövzusu, əsas müzakirə mərkəzini yaradan amili elm, bilik, mədəniyyət, ədəbiyyat, incəsənət,   idman, əyləncə və digər  bu kimi amillərdən ibarət olub. Elm və təhsil yolu ilə dərketmə arealını genişləndirmək və həyata aydın, ziyalı təfəkkürlə baxmaq, irfan (böyük və əhatəli bilik) qazanmaq gəncləri kitaba, qəzet və jurnallara bağlayan amilləri özündə ehtiva edir.  Gənclər mədəniyyət içərisində (erməni mədəniyyəti)  mədəniyyəti qoruyub saxlayaraq öz milli  mədəni irslərinə layiqincə sahib çıxmağı bacarıblar. Dünya mədəniyyətinə yiyələnmək və ədəbiyyatını mənimsəmək, öyrənmək gənclərin ümdə vəzifələrinə aid olub.  "Evində kimin daha çox kitabı var",  şüarı əksər gənclərin polemika mövzusu olub və gənclər daim  öz şəxsi kitabxanaları ilə fəxr ediblər.  Arçut kəndində evlərdə kitab rəfləri və kimin daha çox kitab oxuması bir dəb halını alıb. İftixar hissinin əsas predmeti olub.

Gənclər hələ kənddə ikən kəndin adına xidmət edərək, adın şərəfini və ləyaqətini qoruyublar. Erməni xalqının içində öz milli mədəniyyətlərini təbliğ və təşviq ediblər. Bununla da bir güclü potensiala sahib olan kənd kimi  ermənilərin diqqətini çəkiblər.    Müəyyən mövqelər qazanaraq elmi, ictimai və sosial  statuslar əldə ediblər. Arçut gənclərinin ideyaları daim onların mənəvi aləmlərinin zənginləşməsinə xidmət edib və gənclər öz bəşəri ideyalarından zövq alıblar və mənalar aşkarlayıblar. Həyatı öz gerçəkliyi ilə mənalı yaşamaq bir şərt olub və gənclik bundan zövq alıb. Qeyd olunduğu kimi, gənclər öz mədəniyyətləri ilə yanaşı, erməni xalqının da mədəniyyəti ilə yaxından tanış olublar və erməni dilini  yaxşı öyrənməyə çalışıblar.   

İnkişaf konsepsiyası dedikdə,  inkişafı, yəni yenilikləri,  tərəqqini, çiçəklənməni, mühit dəyişmələrini şərtləndirən, proseslərə yön verən, axarları tənzim edən, axarların, cərəyanların, proseslərin forma və məzmununu müəyyən edən    fikirlərin, düşüncələrin, vəzifə və funksiyaların, amalların, məqsədlərin, iradə və məsləklərin, ümumiyyətlə, inkişafa əsaslanan, inkişafdan törəyən, səbəb və nəticələri özündə ehtiva edən rasional əsaslı mürəkkəb və sadə ideyaların məcmusu kimi başa düşülə bilər.  Rasional əqli duyğu ilə birləşdirmək, duyğuları əqlə tab etdirmək əsas xətt olub.  İnkişaf müstəvi üzrə əhatələnən prosesləri, cərəyanları və axarları özündə xassələndirir. İnkişaf proseslərin sistemli qaydada dövri olaraq və ardıcıl hadisələrlə xassələnən təzahürüdür, gerçəkliyidir. İnkişaf müəyyən formulaların, standartların, etalonların hadisələrə tətbiqi sayəsində meydana gələn zəncirvari və bu yöndə şərtləndirici proseslərin məcmusudur.  Arçutun inkişaf prosesləri ümumölkə üzrə inkişaf axarlarının tərkibindən faydalanıb. Proseslərdə baza üzərində yeni elementlərin meydana gəlməsi bir qanunauyğunluqdur. İnkişaf prosesləri nəzəri konsepsiyalarda, müddəalarda, norma və qaydalarda konstruktiv formada və bağlayıcı mahiyyətdə, harmonik  və uyğunlaşdırıcı əsaslarda  öz əksini tapır.

İnkişaf konsepsiyası çox geniş anlayışdır və özündə tərkibi zəngin olan bütöv və vahid, ümumi və tərkib  müstəvilərini  ehtiva edir.  İnkişaf konsepsiyası tərkibində strateji (yaxın və uzaq zamanların hədəfinə yönələn)  və taktiki-cari məsələləri əks etdirir, nəzəri əsaslarını ehtiva edir.  İnkişaf cəmiyyətin, dövlətin bütün sahələrini əhatə edən şaxəli prosesdir və ətrafa və dərinə doğru müstəvi üzrə yayılır.   Dairəvi müstəvidə üfiqi və şaquli trayektoriya üzrə şaxələnir.  Ardıc gəncləri də inkişafın bütün modellərini mənimsəmək və tətbiq etmək strategiyasını seçirdilər. Bu prosesin forma baxımından xarakterik cəhəti ondan ibarətdir ki, prosesdə iştirak edən, onun tərkibini təşkil edən elementlər ilk növbədə çoxluq təşkil edir, sonra da şərtləndirici, təkanverici əsaslarla müəyyən xətlərə düzülür. Bu düzülmə özlüyündə enerji axınını yaradır. Enerji axınının  tərkibi, daxili, forması elə əslində inkişafın özünü meydana gətirir. İnkişaf bu yöndə gerçəklik yaradan, mövcud gerçəkliklərə aktivlik əlavə edən, axarda elementləri gücləndirən, tərkibcə artıran elementlər topasının təzahürüdür. Bu axın təbii ki, müstəvi dəyişikliyini meydana gətirir. İnkişaf konsepsiyasının məqsədi prosesləri diqqətdə saxlamaqdan, müşahidə etməkdən və təhlilini həyata keçirməkdən, həmçinin proseslərin nəzəri əsaslarını vahid mərkəzlərə cəlb etməkdən  ibarətdir.  Konsepsiya bu baxımdan öyrənilən və öyrədilən prinsiplərin və əsasların məcmusunu özündə təsbit edir. Konsepsiya mexanizmləri və standartları, sistem və qaydaları özündə cəmləşdirən bir anlayışdır. Konsepsiyanın tərkib elementlərinə inkişaf proseslərində iştirak edən hissəciklər və hissələr aiddir. Konsepsiyaya dövlət qanunvericliyi, qanunlar və digər aktlar, o cümlədən inkişaf proqramları, fəaliyyət planları, doktrinalar, strategiyalar və digər  strateji sənədlər aiddir.  (Qeyd: Ardıc gənclərinin rəhbər ideyaları daim oxşar olub, yaxın mənalar kəsb edib. Norma və qaydalar bir-birini şərtləndirib və şaxələndirib).  Konsepsiyalarda inkişaf meyarları, axınlar, hərəkət sahələri və istiqamətləri, şərtləri, cəzbedici əsasları  öz əksini tapır. Konsepsiyalar vahid tətbiq standartları olaraq layihələr şəkilində əks olunur. (Qeyd: bu yöndə "ARDIC"  Hərəkatının gələcək inkişaf konsepsiyası əksər Ardıc gəncləri üçün qəbuledilən ola bilər. Hərəkatın konsepsiyası nəzəri baza rolunu oynaya bilər). Cəmiyyətin inkişaf konsepsiyalarına, yəni lahiyələrinə, qanunvericilik aktlarına, tədbirlər proqramına onun bütün sahələrinin cəm halda nəzəri inkişaf şərtləri daxil olur. Sosial inkişaf proqramlarına insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətlərində atılacaq addımların əsasları daxil edilir. Bu yöndə konsepsiyalarda baxışlar, mövqelər, statuslar, təşəbbüslər, təkliflər  və digər formalı  fikirlər, bu yöndə tezislər  öz əksini tapır. Təbii ki, cəmiyyətin sosial təbəqələrə bölünməsi onu deməyə əsas verir ki, ümumi və fərdi, məxsusi, çərçivə formalı  inkişaf konsepsiyaları hazırlansın. Onu da nəzərə almaq lazımdır ki, bütün konsepsiyalar elmi əsaslara söykənir və bazisləri özündə əks etdirən rasional sənədlər rolunu oynayır. Ciddi addımları və qərarları özündə ehtiav edir.  İnkişaf konsepsiyaları proseslərin artan tempini zamanla müəyyən edir, müşahidə altında saxlayır. 

Gənclərin inkişaf konsepsiyası dedikdə,  gənclik yaradıcılığının və quruculuğunun genişlənməsindən ibarət olan proseslər məcmusunun nəzəri müddəalarının normalarla əks olunduğu məcmu  və vahid vasitə başa düşülə bilər. Bu konsepsiyalarda gənclik ruhunu ifadə edən tezislər toplanır. Bu konsepsiyalarda əks olunan müddəalarda  bioloji xarakter ondan ibarətdir ki, bütün normalar gəncliyə istinadən, gəncliyi təmin edən əsaslarda əks olunur. Gənclik psixikası, gənclik ruhu konsepsiyanın məğzini təşkil edir. Arçutunun yeniyetmə və gənclərinin inkişaf konsepsiyası ümumölkə modellərini özündə ehtiva edib. Siyasi və ictimai modellərin tətbiqini, nəzəri mahiyyətini özündə ehtiva edib. 

Konsepsiya informasiyalardan təşkil olunur. Ardıc gəncləri öz mədəni irslərinə dair məlumatları toplayaraq, bu məlumatların daşıdığı irsi dəyərlərdən faydalanaraq, məlumatlardan dərs götürərək, nəticələr çıxararaq öz həyatlarını təşkil etmişlər və bu gün də bu proses davam etməkdədir.  İndiki zamanda Ardıc gənclərinin başlıca məqsədi keçmiş gəncləri təqlid etmək, onların rasional məzmunlu yolları ilə getməkdən ibarətdir. Vəzifələrin, məqsədlərin tarixin axarı boyu uyğunlaşdırılması prinsipiallıqdan ibarətdir.   

Ardıclı (Arçutlu) gənclərin inkişaf konsepsiyalarını  əvvəlcə də qeyd olunduğu kimi,  nəzəri baxımdan tarixi nöqteyi-nəzərdən, xronoloji ardıcıllığın sistemləşdirilməsinə görə   bir neçə mərhələyə, dövrə  bölmək olar. Konsepsiya bir-birini tamamlayan və əvəzləyən inkişaf dalğaları hesabına genişlənməyə başladı.  XX əsrdə bu bölgünü müasir  inkişaf tempinə və tendensiyalarına  görə daha çox əsrin ortalarından sonrakı mərhələlərə ayırmaq olar. Çünki gəncliyin dirçəlişi başlıca olaraq II Dünya Müharibəsindən sonrakı dövrə təsadüf edir. Arçutda müasir gənclik, dünyəvi ruhlu gənc təbəqə  öz inkişaf çağına əsasən XX əsrin 60-80-ci illərində çatmışdı. Belə ki, maariflənmə proseslərinin sürəti, dünyəvi biliklərin əldə edilməsi, sistemli elmi  biliklərin qazanılması özlüyündə gənclərin inkişafını şərtləndirdi. Gənclərin oyanış, dirçəliş, tərəqqi dövrünə qədəm qoymalarına səbəb verdi.  Cəmiyyətdə, ölkədə baş verən sürətli yaradıcılıq və  quruculuq işləri, axınlar, inkişaf dalğaları, cərəyanlar  bütün ölkə gəncliyi ilə yanaşı, Arçut gəncliyini də öz ağuşuna aldı.  Arçut gəncliyi zamanın postulatları ilə ayaqlaşmaq zərurəti ilə üzləşdilər. Bu yöndə Arçut gəncliyi də axına qoşularaq öz töhfələrini bəxş etməyə başladı. XX əsrin maariflənmə prosesi kəndin uşaq, yeniyetmə və gənclərinin dünyəvi ruhda böyüməsinə, tərbiyə olunmasına rəvac verdi və müvafiq  şəraitləri meydana gətirdi. Kəndin dünyəvi təhsil verən orta məktəbi XX əsrin 60-80-ci illərində yetişməkdə olan gənc mütəxəssis və kadrların hesabına kadr baxımından  zənginləşdi, bazanı gücləndirdi. Öz tədris potensialını böyütdü. Gənc kadrlar hesabına Arçut kənd orta məktəbi regionda qabaqcıl  bir tədris mərkəzinə çevrildi.  Orta məktəbin mərkəzə çevrilməsi hesabına   kənd bir tərəfdən gənc, cavan mütəxəssislərlə zənginləşdi, digər tərəfdən də ali və orta ixtisas təhsili alan  və yetişən gənclərin, müəllim kadrların  kəndə qayıdışı hesabına təhsil və maariflənmə sürətlə inkişaf etdi. Gənclərin inkişaf konsepsiyalarına aid olan müasir norma və standartlar çoxaldı. Dünyəvi və müasir proseslərin zənginləşməsi gənclər üçün yeni açılım, dünyaya yeni baxış tələblərini ortaya qoydu.   Orta məktəb çoxlu sahələr üzrə dünyəvi kadrların yetişməsində mühüm bir baza, tədris, təlim -tərbiyə  mərkəzi rolunu oynadı. Gənclərin diqqəti məktəbə yönəldi. Məktəb bir konsepsiya bazası rolunu oynamağa başladı.  Ölkənin və cəmiyyətin dünyəvi əxlaq, təlim-tərbiyə  kodeksi məktəb və maariflənmiş ailələr tərəfindən uşaqlarına verildi. Bununla da dünyaya gözüaçıq şəkildə  baxan gənclərin sayı çoxalmağa başladı. Yetişməkdə olan müasir gənclik keçmiş SSRİ-nin müxtəlif diyarlarına səpələndi və bu amil də gənclərin dünyaya açıq baxışlarını şərtləndirdi. Ruhlarında tolerantlıq və multikulturallıq yaratdı. Arçut gəncləri dünyaya açılım hesabına başqa xalqların nümayəndələri ilə (əsasən ruslar, beloruslar, türkmənlər) də ailələr qurdular.  Xarici dillərin, o cümlədən ölkədə ümumi vahid danışıq və rəsmi dil olan rus dilinin öyrənilməsi gəncləri dünya ədəbiyyatı ilə yaxından tanış olmağa cəlb etdi.  Yüksək dünyəvi biliklər qazanan kənd gəncləri sənayeləşmə dövrünün, elmi-texniki tərəqqinin dəyərlərindən əlverişli əsaslarla istifadə etməklə sağlam və çalışqan, peşəkar gəncliyin təşəkkül tapmasına əsas vermiş oldu. Arçut kəndinin gənci özündə əxlaqı- estetikanı-elmi və təhsili-ədəbiyyatı, incəsənəti birləşdirən nümunəvi  model rolunu oynadı. Onu da qeyd etmək yerinə düşər ki, məktəbdə bilik yarışmları keçirilirdi. Çoxlu kitab və qəzet oxumaq bir dəb idi. Camaatın dilində belə bir fikir var idi: "Filankəsin uşağı elə biliklidir ki, artıq uşaq yaşlarında kitabdan əlavə qəzet də oxumağı bacarır..." Bu kimi şüarlar gəncləri yaxşı və əla oxumağa sövq edirdi. Orta məktəb şagirdləri "bilik duelləri"nə dəvət olunurdular. Sual-cavablar  (suallaşmalar) təşkil  olunurdu.

Arçutlu gənclərin inkişaf konsepsiyalarına, inkişaf proqramlarına çoxlu sayda müddəalar daxil oldu. Şən və coşqu  həyata rəvac verən amillər qərarlaşdı. Bu, həyatın bütün əlaqəli sahələrinin inkişafı ilə bağlı idi. İnkişaf prosesləri bütün hər tərəfi əhatə etmişdir. Gənclərin faydalanması üçün açıq qapılar formalaşmışdı. Yaranmış gerçəkliklərdən irəli gələrək, gənclik öz konsepsiyasını formalaşdırmaq üçün qarşısına yeni məqsəd və vəzifələr qoydu. Bu vəzifələr içərisində sənaye və kənd təsərrüfatında məsuliyyətlə, şərəflə, vicdanla və ləyaqətlə, ədalətlə və haqqı pozmadan çalışmaq, nailiyyətlə qazanmaq, bilik əldə etmək və bilik tətbiq etmək, elmi-texniki tərəqqinin əldə olunmasında iştirak etmək, ədəbiyyat, musiqi, incəsənət sahələrində yaradıcı və qurucu ideyalarla çıxış etmək, ümumiyyətlə, ölkənin, cəmiyyətin, xalqın şərəfli evladlarından birinə çevrilmək amilləri əks olundu. Zamanın, məkanın, yaranmış əlverişli şəraitin nəbzini tutmaq, ruhunu duymaq Ardıc  gənclərinin ümdə vəzifəsi idi. Zamanın tələblərini həyat tərzinə çevirmək, bu yöndə cəmiyyət və dövlət quruculuğunun axarlarını "udmaq", trendləri qəbul etmək bir şərtə çevrildi. Müasirliyi düşüncələrdə və baxışlarda dərk etməklə,  reallıqda görməklə elementləri axara çevirmək və trend kimi qəbul etmək başlıca şərt rolunu oynadı. Arçut gənclərinin başlıca vəzifəsi keçmişin ənənəsini davam etdirmək, qoruyub saxlamaq və bununla yanaşı, yenilikləri, təzə görünüşləri həyata  qatmaqdan və bununla da həyatı daha çox mənalı etməkdən ibarət idi. Bu baxımdan da gənclər böyük ölkənin dörd bir yanına səpələnir  və gördükləri yenilikləri öz həyatlarına tətbiq etmək yolunu tuturdular.  Bu baxımdan da yeni-yeni informasiyalar əldə etməklə həyatlarında dönüş yaratmaq ümdə vəzifə, həm də həvəs idi. Hər bir informasiya özü ilə yeniliyi, müəyyən bir tamlığı və gerçəkliyi  daşıyırdı.  Həyatın incəlilklərindən, yaradıcılığın və quruculuğun təqdim etdiyi məhsullardan, əşyalardan zövq almaq prioritet idi.  Əşyaların modelləşdirilıməsi və yeni görünüşlərin, zövqlü üslubların əldə edilməsi mühüm bir şərt idi.

Gənclər nəinki kənd təsərrüfatını inkişaf etdirmək, eləcə də ölkənin çiçəklənməkdə olan sənayesində və  tikintisində  iştirak etmək    strategiyasını və taktikasını seçmişdilər.  Bununla da kəndə və şəhərə məxssusluğu sintez etmək başlıca olaraq qarşıya məqsəd kimi qoyulmuşdur. Gənclər kəndin yenidən tikilməsində, böyüməsində  və yeni təsərrüfat quruculuğunda yaxından iştirak edirdilər.  Arçut gəncliyi üçün zamandan geridə qalmaq tənqid obyekti idi və inkar predmetinə çevrilmişdi. Keçmiş ənənələri "dartaraq"  yeni formada qabağa gətirmək mühüm şərt idi. Gənclik üçün köhnəlik inkar edilirdi.  Köklü dəyişiklik də, köhnəliklərdən yaxa qurtarmaq da  mühüm şərt olaraq qalırdı. Bu dəyişikik əsasən ədəbiyyatda, musiqidə, elm və təhsildə (mədrəsə yox, dünyəvi təhsil qəbul olunurdu)  özünü açıq büruzə verirdi. Belə ki, Arçut gəncliyi mədrəsə əvəzinə dünyəvi məktəbi, çarıq əvəzinə müasir ayaqqabını, çuxa əvəzinə palto və plaşları, sazla yanaşı, gitaranı, qarmonu, klarneti,   damlar, komlar əvəzinə yeni-yeni işıqlı otaqları olan mənzilləri  seçdi. Dəbli geyimlər, qısa ətəklər, şalvarlar, gödəkçələr və köynəklər artıq yeni gənclik modelini və obrazını yaratdı. Hərbi geyimlər, mundirlər, şinellər gənclərin əyinlərini bəzəyən uniforma vasitələrinə çevrildi.  Ölkədə dəb kimi yayılan trapez şalvarlar,  jiletlər, qalstuk köynəklər,  hündürdaban ayaqqabılar Arçut gənclərinin də gündəlik geyim vasitələrinə və əşyalarına çevrildi. Uzun hörüklü klassik və ənənəvi saçlarla yanaşı, kare (qısa) saçlar da əllərində çanta gəzdirməyə başlayan qızların müasir dəbinə, yeni qız obrazını yaradan görünüş vasitələrinə  çevrildi. Ətirlərdən, parfümeriyadan istifadə, sürmələrdən və xınalarla yanaşı,  saç boyalarından istifadə qızların xarici görünüşünə əlavə gözəllik qatdı. Kəlağayılarla yanaşı, kiçik örtüklərdən, dəbli baş şallarından istifadə qızların əsil gündəlik dəb geyiminə çevrildi. Çadralardan, hicab və tesettürlərdən,  niqablardan (üzü örtən pərdələrdən) imtina, çalma və türban geyimlərinin sadələşdirilməsi sözün əsil mənasında   Arçut gəncliyinə yeni bir həyat tərzi bəxş elədi. Beli kəndirli, balaqlı şalvarlar əvəzinə kostyum-şalvarın geyinilməsi, yeni model şlyapalar  kişi gənclərin xarici görünüşünü tamamilə dəyişdi. Təbii ki, kənddə köhnəliklər də unudulmadı. Kəlağayılar, bel və baş şalları ana-bacıların, kürklər, yapıncılar, buxara papaqlar  yaşlı kişilərin,  ata və babaların  əyin-başlarını bəzəməkdə qaldı.

Arçut gənclərinin düşüncələrində inqilab yaradan  modernləşmə proseslərində kitablar, qəzet və jurnalllar, eləcə də radio və televiziya, kinoteatr salonlarındakı proyektorla baxılan filmlər   və vallı, kasetli  maqnitofonlar mühüm rol oynadı.  Musiqi və filmlər duyğuların incələşməsinə əsas verdi. Gündəlik informasiyalar Arçut gənclərinin həyatına rəngarənglik qatdı, çalarları bəxş etdi. Futbol, voleybol, basketbol və xokkey yarışlarına həvəs gücləndi. Kəndlər və rayonlar arasında  futbol yarışları geniş vüsət aldı.  Arçut gəncliyi ev əşyalarını da zamanın tələblərinə uyğun şəkildə dəyişdi. Yeni baxışlar hesabına köhnə bufetləri servantlar əvəzlədi. Yerdə bardaş qurub əyləşənlər artıq yeni masalar və stollar ətrafında əyləşməyə başladılar. Divan və kreslolar rahatlığın, dincliyin əsas vasitələri rolunda çıxış etdilər.  Döşəmədə yatmağı mebelli çarpayılar əvəzlədi.   Çılçıraqlar yeni tikilən evlərin otaqlarını daha da geniş şəkildə işıqlandırdı. İşıqlandırma vasitəsi olan neft lampalarından geniş istifadə üçün  imtina olundu.  Ümumiyyətlə, XX əsrin 60-80-ci illəri kənd gəncliyi üçün tərəqqi, renovasiya, intibah dövrü kimi xassələnə bilər. Kəndin rabitə vasitələri ilə təmin olunması, ats-lərin mövcudluğu gənclər arasında asan qiyabi ünsiyyəti geniş inkişaf etdirdi.  Kənd təsərrüfatında texnikanın tətbiqi güclü qazancları əldə etdi.  Gənclər tərəfindən müasir minik avtomobillərinə maraq da artdı. Bunun hesabına kəndə minik avtomobilləri axmağa başladı. İntibah prosesləri adət-ənənələrdə də özünü göstərdi. Bəylər və gəlinlər öz toylarında dəbli gəlinlik və bəylik paltarları geyindilər. Aşıqları xanəndələr əvəzlədi. Estrada musiqisi geniş yayıldı. Həmçinin xalq və bəstəkar  mahnlarına diqqət daha da artdı. Azərbaycandan gətirilən valların və kasetlərin hesabına milli muisiqi ilə yaxından tanışlıq baş verdi. Yeniliklər gənclik ruhuna yeni duyum, yeni incəlik bəxş etdi. Arçut gəncliyi köhnəlikdən birdəfəlik imtina etmədi, əksinə köhnəliyin əksər elementlərini saxlamaqla yeniliyə rəvan keçidi təmin etdi. Köhnəlik üzərində yeni reallıqları, yeni görünüşləri yaratdı. Saz, tar, zurna musiqi alətləri ilə yanaşı, ansambla, kompleksə, kombinasiyaya qarmon, gitara, klarnet kimi alətlər də əlavə olundu. Yeni-yeni musiqi qrupu formalaşdı.  Musiqi çaları genişləndi. Musiqi dərnəklərinin fəaliyyəti genişləndi.  Yallı rəqsi ilə yanaşı, estrada və disko  rəqsləri də,eləcə də cütlük rəqsləri də  gəncliyin mədəni həyatını bəzədi.  Müasir rəqslər mənimsənildi.             Bayram günlərində kəndin gəncləri avanqard qüvvə kimi çıxış elədi.  Dağlarda, düzənliklərdə, məhlələrdə piyada, at və ulaq belində gəzməklə yanaşı, uşaqların və gənclərin velosipeddə və motosikletdə gəzməkləri də əlavə olundu. Texniki vasitələr gənclərin həyatına ciddi şəkildə sirayət elədi. Onlarda texniki təfəkkürü formalaşdırdı.

Gənclər üçün zövqlü həyatdan biri də bayram günlərində hədiyyələşməni tətbiq etmək  oldu. Bu, qarşılıqlı hörmətdən, ehtiramdan və diqqətdən, qayğıdan irəli gəlirdi. Həm də səmimiyyətə və azad sevgi münasibətlərinə xidmət etdi.    Oğlanlar və qızlar arasında bu kimi adətlərin olması gəncliyi daha da səmimiləşdirdi. Onları bir-birinə sıx bağladı. Təfəkkürlərində dəyişiklik yaratdı.   Kəndin toy və nişan, eləcə də elçilik adətləri də azad sevgiyə xidmət elədi. Gənclər sərbəst seçim imkanları əldə etdilər. Saf məhəbbətlə, aşkarlıq şəraitində  ailə həyatı qurmağa başladılar. Solğun həyatdan çiçəkli həyata keçidin əsası qoyuldu. Arçut gəncliyinin ən böyük dəyəri həm də onunla müəyyən olundu ki, gənclər öz irslərinə hörmətlə yanaşdılar. Maddi-mədəniyyət abidələrini qorudular, vasitələri, əşyaları  toplayaraq, kənd müəllimi Səyyad Rəfiyevin təşkilatçılığı ilə muzey yaratdılar. Bununla da maddi-mənəvi irsə dəyər kimi baxdılar.

Kənd gəncliyinin  fəxr etdiyi digər bir amil də  "diplomlu gənc", "attestatlı gənc", "sertifikatlı gənc", "ağ xalatlı gənc", "medallı və ordenli gənc", "hərbi biletli gənc",  "hərbi paqonlu, baftal (ipək saplardan toxunulmuş bəzəkli qaytanlar) və hərbi şinelli, hərbi çəkməli   gənc", "sürücülük vəsiqəli gənc", "qolu qovluqlu gənc", "idmançı gənc", "traktorçu gənc", "kombaynçı gənc", "hesabdar gənc", "zootexnik gənc", "aqronom gənc",  "bənnaçı gənc", "qaynaq edən gənc", "partiyaçı gənc",  "komsomolçu gənc", "katib gənc", "sürücü gənc", "gitaraçı gənc", "qarmonçu gənc", "sintezatorçu gənc", "gənc müəllim" kimi adları  daşımaqdan ibarət oldu. Bu kimi anlayışlar həvəs oyatdı, stimul yaratdı. Adlar şəxsiyyəti tamamlayan statusa çevrildi.  Hər kəs maariflənmənin, savadlanmağın  tərkib hissəsi olmağa can atdı. Cəmiyyətdə yüksək nüfuz sahibi olmaq uğrunda yarışlar həyata keçdi. Bu yarışma sayəsində Arçutun böyük elmi və mütəxəssis, kadr potensialı formalaşdı.   Layiqli yer tutmaq hər bir gəncin şərəfini təşkil edən elementləri özündə cəmləşdirdi. Kəndin bir çox gəncləri yeni həyat əldə etmək üçün  şəhərlərə də  üz tutdu və texniki peşə məktəblərində o zaman üçün dəbdə olan  fəhlə peşələrinə (məsələn, tikişçi, dərzi,  qaynaqçı, motorçu, çilingər, kombaynçı, motorçu, elektrik, traktorçu, tornaçı  və s.) yiyələndilər. Kənd təsərrüfatını yaxşı mənimsəmək üçün baytarlıq həkimi peşəsi, zootexnik və aqronom kimi ixtisaslara yiyələnmək də zamanın tələbinə çevrildi. Kənddə çobanlıq da davam elədi.  Yapıncı və çoban çomağı da unudulmadı.  Fəaliyyət və peşə sahələrinin çoxluğu özlüyündə gənclik həyatını çoxşaxəli etdi və mənalar qatdı. Rəhbər ideyalar həyata ciddi təkan verdi.  Komsomol və partiya işlərində yaxından iştirak etmək də mühüm strategiya idi. Gənclərin ictimai həyata assosiativ inteqrasiyasını sürətləndirdi. Ardıc gəncləri başlıca olaraq rayon (Quqark), respublka (İrəvan)  və ittifaq səviyyələrində (Moskvada)  partiya qurultaylarına qatıldılar. 

Gənclər həyatda öz bilik və bacarıqlarına görə layiqli mövqelər tuta-tuta yüksəldilər. Bu yüksəlişin nəzəri əsasları özlüyündə Arçut gənclərinin konsepsiyasını ortaya qoydu.

Ümumiyyətlə, Arçut gəncləri doğma kənddə olarkən prinsipiallıq kəsb edən mühüm tezislərlə yaşadılar. İdeya arxasınca getdilər.  Həyata yeni baxışları sistemləşdirdilər, yeni ideyaların ayaq tutmasında rol oynadılar.

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisit. "ARDIC" Hərəkatının təsisçisi və məsul katibi. Qərbi Azərbaycan İcmasının üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31