Azərbaycan gəncləri azad, özünə güvənən ölkədə yaşayır- ÖZƏL

"Gənclərimizə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin əsas tərkib hissəsi olub.  Onun təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real addımları  ilə doğruldur. Cənab  İlham Əliyevin  Sərəncamı ilə 2007-ci il ölkəmizdə  "Gənclər ili", 2020-ci il isə "Könüllülər ili" elan edildi. Respublikanın şəhər və rayonlarında "Gənclər evi"nin yaradılması da bu qayğının tərkib hissəsidir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə xeyir vermək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31