Avropa Birliyi Azərbaycan-Ermənistan münasibətlərinə mane olmağa çalışır - ÖZƏL
31 Yanvar 2025 14:11 Siyasət"Çox təəssüflər olsun ki, Avropa Birliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə vermək fikrində deyil, bunu bacarmır, yaxud da istəmir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əslinə qalanda daha çox istəmədiyi aşkar olunur. Uzun illər idi Azərbaycan Ermənistanla normal münasibətlər qurmaq, bütün problemləri danışıqlar yolu ilə həll etmək üçün çalışdı, əlindən gələni etdi. Nəticə əldə edə bilməyəndə də məcburiyyət qarşısında Ermənistanın hərbi təxribatının qarşısını almağa başlayaraq öz torpaqlarını da azad etməli oldu. Azad etdikdən sonra Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, yenə də yumşaq davranırdı, sülh çağırışları edirdi, üçüncü tərəfləri bu məsələlərdə yardımçı olmağa çağırırdı. O cümlədən də Avropa Birliyi ilə Azərbaycanın çox intensiv danışıqları olmuşdu. Yəni Avropa Birliyi Şurasının o vaxtkı prezidenti Şarl Mişel dəfələrlə Ermənistanla Azərbaycan arasında vasitəçilik etmiş, prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanı görüşdürmüşdür və həqiqətən də müəyyən müsbət nəticələr əldə etmək üçün ümidlər yaranmışdı. Amma təəssüflər olsun ki, özəlliklə də Fransanın oyunpozanlığı nəticəsində o proses dayandırıldı və birtərəfli yanaşma yenə də davam etdirildi. Nəticədə bu gün ən çox əziyyət çəkən elə Ermənistanın özüdür, ermənilərin özüdür. Yəni Avropa Birliyi bir tərəfdə guya Ermənistana qahmar çıxır, yardımçı olur kimi özünü göstərməyə çalışır. Digər tərəfdən də ermənilərə çox böyük zərbə vurur, ziyan edir. Halbuki Avropa Birliyi bu sayaq təktərəfli, birtərəfli müdaxilə etməsəydi, Azərbaycanla Ermənistan daha tez anlaşa bilərdi və əlbəttə ki, növbəti mərhələdə də sülh müqaviləsi imzalanar, tərəflər diplomatik münasibətlər qurar, artıq normal dövlətlər kimi birgə yaşayışa keçə bilərdilər. Amma göründüyü kimi, Avropa Birliyi buna hər vəchlə mane olmağa çalışır. İtirən də yenə Ermənistan olur. Bax, bu "müşahidəçi" missiyanın müddətinin uzadılmasını bu cür dəyərləndirmək olar. Yəni bunlar faktiki olaraq bu münaqişənin davam etməsində maraqlı olduqları üçün bu "missiyanın" vaxtını uzadıblar.