ABŞ-dan Ermənistana təxribat dəstəyi
17 Yanvar 2025 12:00 SiyasətABŞ-nin min illərdən bəri formalaşmış dövlət siyasəti heç dəyişməyib. İstər xristianlıq xislətindən, istərsə də dövlətçilik maraqlarından irəli gələn məsələlərdə bu dövlət heç vaxt güzəştə getməyib. Elə indi də eyni prinsiplər ABŞ-nin xarici siyasətində davam etməkdədir. Xüsusən, bu ölkənin Cənubi Qafqaza münasibətində heç vaxt birmənalı qənaət olmayıb. Məhz regionda baş verən proseslərə münasibətdə konkret mövqeyin olmaması səbəbindən illər boyu işğalçı dövlət öz adı ilə çağrılmayıb. İngilis bayrağı kimi tez-tez dəyişən ABŞ-nin Cənubi Qarqaz siyasəti daim ikili standartlarla müşahidə olunub.
Eyni mövqe, eyni prinsiplər ABŞ-nin çağdaş xarici siyasətində də qorunub saxlanılır. Ermənistan-Azərbaycan münaqişəsi yaranandan bəri dəfələrlə cilddən cildə girən Birləşmiş Ştatlar artıq "çidanı çuvalda gizlədə bilmir". "Sülh göyərçini" libasına girərək dəfələrlə Ermənistanla Azərbaycana "barış" təklif edən ABŞ əslində Cənubi Qafqazla bağlı öz maraqlarından çıxış edib. Nəticə əldə olunmayanda isə ikitərəfli danışıqların qarşısına daş diyirlədib. Azərbaycanla Ermənistan arasında vasitəçisiz sülh sazişi imzalanması ərəfəsində isə ABŞ-nin əsil xisləti üzə çıxdı. Uzun- uzadı danışıqlardan, düşünülmüş siyasi manevrlərdən sonra nəhayət ki, ABŞ Ermənistanı təsiri altına sala bildi. Bununla da ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və strateji tərəfdaşlıq haqqında xartiyanı imzaladı. Sözügedən strateji tərəfdaşlıq haqqında xartiya iki ölkə arasında siyasi-iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin inkişafına, habelə aktual beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir. Sənəddə Ermənistan silahlı qüvvələrinin təlimlərinin və hərbi texniki imkanlarının artırılmasına yardım Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir. Eyni zamanda, Ermənistanda güc strukturlarına ABŞ tərəfindən təlimlərin keçirilməsi də sənəddə əksini tapıb. Xartiyanın icrasını təmin etmək adı ilə ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərməlidir. Dövlət katibi Blinken bildirib ki, komandanın missiyası Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılmasıdır.
Məlum idi ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən yürütməkdə maraqlıdır. Çünki, bununla ABŞ "bir güllə ilə bir neçə dövşan vurmuş olur". Belə ki, ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiyanı imzalamaqla Cənubi Qafqazda lövbər salmış olur. Ermənistanı Rusiyanın caynağından qoparır, region dövlətlər olan Türkiyə, Rusiya, İran və Azərbaycan üçün təhlükə mənbəyi rolunu oynayır. ABŞ-nin İranla uzun illərdən bəri "nüvə mübahisəsi" davam edir, Rusiya ilə əbədi və əzəli problemləri mövcuddur, Suriya hadisələrindən sonra Türkiyə ilə fikir ayrılığı yaranıb və ən nəhayət Azərbaycanın müstəqil xarici siyasət yürütməsi Amerikanın dalağını sancır. ABŞ-nin Ermənistanı Suriyada qüvvələr balansını tarazlaşdırmaq adı altında orada baş verən proseslərə cəlb edəcəyi danılmaz faktdır. Nəzərə almaq lazımdır ki, vaxtilə Ermənistan Suriyada Bəşər Əsəd rejiminin təmənnasız müdafiəçisi olub. Belə bir şəraitdə ABŞ-nin Cənubi Qafqazda yerləşməsi həm də region dövlətlərin maraqlarına cavab vermir. Konkret olaraq bu razılaşmadan sonra Ermənistanın KTMT-dan çıxması məsələsi gündəmə gəlir. O da nəzərə alınmalıdır ki, KTMT-nın üzvləri həm də Avrasiya İqtisadi Birliyində təmsil olunurlar. Ermənistanın bu təşkilatlardan çıxması Rusiyanın hərbi və iqtisadi rıcaqlarının əlindən çıxması deməkdir. Ancaq nədənsə hələ ki, region dövlətlər seyirçi mövqe sərgiləyirlər.
Konkret Azərbaycanın maraqlarına gəldikdə qeyd edilməlidir ki, işğalçı dövlət olan Ermənistanda üçüncü dövlətin hərbçilərinin yerləşməsi ölkəmiz üşün heç də xoş deyil. Ermənistan sərhədlərinin ABŞ hərbçiləri tərəfindən qorunması, Avropa İttifaqının "diplomatiya missiyasına" yeni hərbçilərin əlavə olunması, erməni hərbçilərinə təlimlərin keçirilməsi təbii ki, rəsmi İrəvanın sülh sazişinidən vaz keçməsinə əlavə stimul verəcək. ABŞ kimi nəhəng dövlətdən ən azı mənəvi dəstək alan Ermənistan nəinki Azərbaycanın sülh təkliflərini qəbul etməyəcək, üstəlik əlavə iddialar da ortaya qoyacaq. Belə məlum olur ki, Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistan tərəfindən hazırlanan təxribat planına ABŞ də qoşulmuş olur.
Alim Hüseynli