Rizvan Nəbiyev APA-nın iclasında Qərbi azərbaycanlıların geri dönüş hüququndan danışıb

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev yanvarın 11-13-ü Bağdadda təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edib. "Olaylar" xəbər verir ki, iclasda çıxış edən Rizvan Nəbiyev 1980-ci illərin sonlarında Ermənistan tərəfindən zorla qovulmuş Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri dönüş hüququ barədə danışıb.
Deputat bu qayıdışın yalnız humanitar hüquqların bərpası deyil, həm də regionda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsi üçün vacib bir addım olacağını diqqətə çatdırıb.
R.Nəbiyev, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan sonra regionda yeni siyasi vəziyyətin yarandığını, de-fakto sülh və sabitliyin bərqərar olunduğunu vurğulayıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistana təklif edilmiş sülh müqaviləsinin iki maddəsi istisna olmaqla ümumən razılaşdırıldığını, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyasının fəaliyyət göstərdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31