Ermənistana Zəngəzur dəhlizi ilə göndərilən ciddi xəbərdarlıq – ŞƏRH
8 Yanvar 20:03 SiyasətErmənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun açılmasına razılıq verməlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
"Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun açılmasına razılıq verməlidir. Bunu beynəlxalq hüquq, üçtərəfli bəyanat mütləq edir. Ermənistan sözdə buna razılıq versə də, indiyədək praktikada bunun reallaşması üçün heç bir addım atmayıb. Azərbaycan tərəfi bununla bağlı məsələləri müzakirə etməyə, praktiki işlər görməyə hazırdır", - o bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın işğal edilən ərazilərindən Ermənistanla şərti sərhədədək kommunikasiya layihələri hazırlanır:
"Söhbət Ermənistanın ərazisindən bu yolun keçməsinə prinsipial razılığın verilməsi və texniki hazırlığın görülməsindən gedir. Azərbaycan bununla bağlı öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Amma, təəssüf ki, Ermənistandan bunu görmürük.
Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün çox vacib, strateji, həyati məsələdir. Prezident İlham Əliyev də dünənki müsahibəsində bunun vacibliyini bir daha vurğuladı. Dövlət başçısının Zəngəzur dəhlizinin açılacağını deməsi Ermənistan üçün ciddi bir xəbərdarlıq olmalıdır".
Milli Məclisin deputatı Anar İsgəndərov isə Trend-ə açıqlamasında bildirib ki, Zəngəzur birmənalı olaraq Azərbaycan torpağıdır:
"Azərbaycanın Şərqi Zəngəzuru varsa, deməli, Qərbi Zəngəzuru da var. Qərbi Zəngəzur deyilən ərazi də birmənalı olaraq azərbaycanlıların yaşadığı tarixi torpaqlardır. Ermənilər özləri də bilirlər ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın 8 kəndi ermənilərə verildikdən, Mehri rayonu yaradıldıqdan sonra Naxçıvanla quru sərhədlər bağlandı. Bunlar tarixdir, şübhəli heç bir şey yoxdur. Niyə Azərbaycan torpaqları bir-birindən ayrı qalmalıdır? Niyə Naxçıvana getmək üçün Azərbaycan hakimiyyəti başqa yollar fikirləşməlidir?"
Deputat qeyd edib ki, Ermənistan çıxılmaz vəziyyətdə olduqda Qərb dövlətlərindən heç biri onun yanında olmur.
"44 günlük müharibəyə qədər də ermənilərin düşüncəsində "Qarabağın tarixi erməni torpağı olması" düşüncəsi var idi və havadarları da ermənilərdən daha çox cəhd göstərirdilər. Nəticədə qarşı tərəf danışıqsız təslim olmağa məcbur edildi. Ermənistan bunların hamısını düşünməlidir ki, əgər burada Azərbaycanın maraqları təmin olunmasa, bölgənin gələcək taleyində nələr baş verə bilər.
Ermənistan ağır vəziyyətə düşəndə heç bir qərb dövləti onun yanında ola bilməz. Onlar Ermənistanı qızışdırırlar, bu, tarix boyu belə olub. Bu gün hansısa dövlət Ermənistana silah bağışlaya, onun müdafiə qabiliyyətini möhkəmləndirmək üçün yardımlar da edə bilər. Lakin bu yardımlar və silahlar Ermənistanı Azərbaycandan güclü edə bilməz", - deyə millət vəkili vurğulayıb.