Əyalət mollalarına təlimatlar Ali dini rəhbərin ofisindən verilir-Məhəmməd Əsədullazadə- ÖZƏL
8 Yanvar 10:22 Siyasət"Prezident İlham Əliyev İranın anti-Azərbaycan siyasətini sərt tənqid edərək, Tehranı üzr istəməyə dəvət etdi. Demək olar ki, Azərbaycana qarşı Rusiya və İran açıq şəkildə hibrid və informasiya müharibəsini inkişaf etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Xüsusilə, İranın anti-Azərbaycan siyasəti açıq şəkildə fəaliyyət göstərir. Prezident İlham Əliyev bunun başında İranın Ali dini rəhbərinin olduğunu mesajını verdi. Çünki, Ərdəbilin İmam cüməsi S. Amulini Ali dini rəhbər Xamenei təyin edir. Bütün təlimatlar Ali dini rəhbərin ofisindən verilir.
İran- Azərbaycan əlaqələri yenidən kəskinləşib. Baxmayaraq ki, bir neçə gün bundan əvvəl, İran- Azərbaycan xüsusi təyinatlı qüvvələri birgə hərbi təlimlər keçirdi. Türkiyənin Suriyada Əsədi devirməsi, Yaxın Şərqdə və Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasi Tehran rejimini narahat edir.
Azərbaycan Tehrandan səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır. Rusiya və İran Azərbaycana qarşı kəskin şəkildə siyasi və kəşfiyyat müharibəsinə keçib. Rusiya mülki təyyarəmizi vurur, məsuliyyəti boynuna götürmür. İran səfirliyimizə terror həyata keçirir, üzr istəmir və məsuliyyəti üzərindən atır. Prezidentin dediyi kimi əyalət mollası vasitəsilə xalqımızı təhqir edir, üzr istəmir.
Azərbaycan Türkiyə ilə siyasi və hərbi əlaqələri koordinasiyalı şəkildə inkişaf etdirməli və regionda yeni siyasi çağırışlara hazır olmalıdır. Yaxın perspektivdə Rusiya və İran arasında siyasi münasibətlərin normallaşması gözlənilmir".