Erməni kimliyinin maskası: Ter-Petrosyanın iddiaları nəyə işarə edir? – ÖZƏL

Son günlər erməni mənbələrinin yaydığı, 23 iyul 1993-cü ildə Ağdamın işğalı ilə bağlı birinci Ermənistan prezidenti Levon Ter-Petrosyanın çıxışından götürülmüş sensasiyalı kadrlar hər kəsin diqqətini yenidən bu qanlı tarixə çəkdi. Bəs, bu video niyə üzə çıxdı?

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu, Levon Ter-Petrosyanın şəxsində erməni milli kimliyinin ifşası prosesidir:

"Həqiqətən də onun verdiyi kodlaşdırılmış ifadələr, 600 illik erməni tarixi iddiası birbaşa erməni tarixi saxtakarlığı ilə əlaqədardır. Əgər 1388-ci il Azərbaycan tarixinə nəzər salsaq, həmin dövr Teymurun hücumları ilə xarakterizə olunur. Onların məntiqi bundan ibarətdir ki, guya azərbaycanlılar köçəri, monqol əsillidirlər və bu coğrafiyada aborigen xalq deyillər. Halbuki tarix göstərir ki, həmin dövrdə bölgəmizdə Cəlairilər dövləti mövcud idi, bu isə bizim öz dövlətçilik tariximizdir.

Ermənilər yalnız saxta tarix yaratmaqla kifayətlənməyiblər, həm də üç Azərbaycan rayonunun adını xüsusi olaraq çəkərək, Ermənistan ərazisində azərbaycanlıların çıxarılmasını ideoloji əsaslandırmağa çalışıblar. Ter-Petrosyan bu çıxışı ilə təkcə öz mövqeyini yox, ümumilikdə erməni milli vəzifəsini də bu formada təqdim edir.

Buradan bir çox nəticə çıxarmaq mümkündür, məsələn, onun Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi məsələsi gündəmə gətirilə bilər. Bununla belə, Ermənistan daxilində gedən siyasi mübarizənin başlanğıc nöqtəsi kimi də bu hadisəyə baxmaq kifayətdir.

Paşinyan sanki yeni bir "Xaç yürüşü" elan edir. O, Ter-Petrosyanın saxta demokratik imicini təkrar yaratmağa və Azərbaycanla qarşılıqlı münasibətlər kontekstində yeni erməni imici formalaşdırmağa çalışır. Amma buna nail ola biləcəkmi? Çətin ki, çünki o da zamanında özünə ustad hesab etdiyi və indi maskasını cırdığı Ter-Petrosyanın yolu ilə gedib. 2020-ci ildə günahsız insanların Gəncə, Tərtər və Bərdədə bombalanması kimi ağır cinayətlərə əl atması bunun bariz nümunəsidir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31