Azərbaycan beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir- ÖZƏL
6 Yanvar 13:52 Siyasət"Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra dünya dövlətləri üçün önəmli tərəfdaşdır". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Dövlətimiz beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirib. Məlum olduğu kimi, 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı istiqamətində hərəkət edən "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hər birimizi dərindən sarsıtdı. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət başçısı müsahibə zamanı bildirdi ki, biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir".