Həmrəylik – Dünya azərbaycanlılarının ürək döyüntüsü – ÖZƏL

Dekabrın son günləri Azərbaycanın tarixi təqvimində özəl bir yer tutur. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə təqvimdə bir qeyd deyil, millətimizin varlığını, iradəsini, birlik və həmrəylik ruhunu əks etdirən əlamətdar bayramdır. Bu gün təkcə Azərbaycan Respublikasında deyil, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız tərəfindən coşqu ilə qeyd olunur. Bəs bu günün mənası nədən ibarətdir?

Həmrəylik deyəndə ilk növbədə parçalanmış millətimizin qəlblərinin bir döyündüyü anları xatırlayırıq. Xalqımızın tale yolu bizi ayrı-ayrı ölkələrdə yaşamağa məcbur etsə də, Azərbaycan adı hər birimizin qəlbində birləşdirici qüvvə kimi dayanır. Tarixi ədalətsizlik nəticəsində sərhədlər çəkildi, lakin həmin sərhədlər bizim milli birliyimizi heç vaxt məhv edə bilmədi.

1991-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir azərbaycanlının öz milli kimliyinə sahib çıxmasının, mənəvi köklərinə bağlanmasının təzahürüdür. Bu gün Azərbaycan xalqı təkcə müstəqil dövlətinin gücünü deyil, həm də qlobal səviyyədə birliyini nümayiş etdirir. 44 günlük Vətən müharibəsi bunun ən parlaq nümunəsidir. Hər bir azərbaycanlı bu dövrdə vətənpərvərlik nümunəsi göstərərək, haqq savaşında öz dövlətinin yanında oldu.

Bu gün həm də bir xatırlatma rolunu oynayır: Azərbaycanlı olmaq təkcə mənsubiyyət deyil, həm də məsuliyyətdir. Harada yaşamağımızdan asılı olmayaraq, milli maraqlarımızı qorumaq, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi yaşatmaq hər birimizin borcudur. Azərbaycan dili dünyanın dörd bir yanında yaşayan soydaşlarımızı birləşdirən güclü vasitədir və onu qorumaq bizim həmrəylik borcumuzdur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bayram deyil, həm də gələcəyə olan çağırışdır. Bu çağırış bizə bir olmağı, birgə hədəflər uğrunda çalışmağı öyrədir. Azərbaycanın bugünkü uğurları dünya azərbaycanlılarının qürur mənbəyidir. Bizim həmrəylik gücümüz yalnız milli birliyimizlə deyil, həm də beynəlxalq müstəvidə qazandığımız dost və tərəfdaşlarla ölçülür.

Bu gün bizlərdən hər biri üçün mesajdır: biz bir millətik, birliyimiz isə bizim gücümüzdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər birimizi bu böyük ailənin bir üzvü olduğumuzu xatırladır və bu ailənin daha da güclü olmasına töhfə verməyə səsləyir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər bir soydaşımızı təbrik edir, birlik və həmrəylik içində firavan və uğurlu bir gələcək arzulayıram!

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31