Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vahid milli birliyimizin təntənəsidir – ÖZƏL
29 Dekabr 2024 15:02 SiyasətDünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün azərbaycanlıların birlik və həmrəylik bayramıdır.
Bu fikirləri siyasi ekspert Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında bildirib. O vurğulayıb ki, dünyada yaşayan azərbaycanlılar bu günü xüsusi təmtəraqla qeyd edirlər və bunun tarixi kökləri var.
"Azərbaycan xalqı hər zaman milli məsələlərə qarşı vahid birlik nümayiş etdirib. Xüsusilə 44 günlük Vətən müharibəsi, sonrakı antiterror əməliyyatları və təyyarə hadisəsi zamanı xalqın mütəşəkkillik göstərməsi bunun bariz nümunəsidir. Bu həmrəylik dünya azərbaycanlıları üçün böyük örnək olmaqla yanaşı, digər xalqlara da nümunə təşkil edir," - deyə ekspert bildirib.
Zeynal Əmrəliyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas ideya müəllifi ümummilli lider Heydər Əliyevdir. Məhz Ulu Öndərin təşəbbüsü və qərarları əsasında bu gün təsis edilib və qeyd olunmağa başlanılıb. Sovet İttifaqının dağılmasından sonra o taylı və bu taylı azərbaycanlıların birləşmək arzusu və sərhəd hərəkatları milli birliyimizin əzəmətini nümayiş etdirmişdi. "Həm Güneydə, həm də Quzeydə yaşayan vətənpərvər övladlar sərhəd maneələrini aşaraq bir-birinə qovuşdu. Bu, tarixi ədalətsizlik nəticəsində parçalanmış Azərbaycanın birləşdirilməsi üçün böyük səy idi," - deyə o əlavə edib.
Ekspert bildirib ki, bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar Azərbaycanın uğurlu siyasətini dəstəkləyir, dost və tərəfdaş ölkələr də bu siyasətə rəğbət göstərir. Azərbaycan dövləti isə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ümumi vətəni kimi fəaliyyət göstərir və onlara dəstək verir.
Zeynal Əmrəliyev Həmrəylik Gününün Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxan əlamətdar bir bayram olduğunu vurğulayaraq qeyd edib: "Bu gün milli birliyimizin və həmrəyliyimizin təntənəsidir".
Qiymət Mahir