Natali Luazonun sülhə maneə yaradan çıxışları nəyi göstərir? – ÖZƏL
27 Dekabr 2024 14:22 SiyasətNatali Luazonun Qərbi azərbaycanlıların qayıdış hüququna qarşı çıxışı və Ermənistanı bu məsələni müzakirə etməməyə çağırması beynəlxalq hüquq prinsiplərinə zidd addım kimi qiymətləndirilir. Belə mövqelər Avropa Parlamentinin obyektivliyinə və regionda davamlı sülhün bərqərar olunması cəhdlərinə necə təsir göstərə bilər?
"Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət ilə tanınan Natali Luazonun ermənipərəst mövqeyi yeni hadisə deyil. Şiddətli ermənipərəst fikirləri ilə ermənilərin nüfuzunu qazanmış Natali Luazo yaranmış fürsətdən istifadə edərək mütəmadi olaraq Azərbaycan əleyhinə ənənəvi sərt ritorikası ilə
öz "şəxsiyyətini" nümayiş etdirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib:
"Fransadakı erməni lobbi qruplarının və Ermənistan dövlətinin himayəsi altında anti-Azərbaycan fikirləri ilə nüfuz qazanmaq istəyən bu şəxs ermənilərin yaxın dostu olduğunu hər fürsətdə göstərir. İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə Ermənistanın bütün addımlarını gözüyumulu dəstəkləyən N.Luazonun "tövsiyələri" ciddi effekt verməsə də, fransızın bu addımı demək olar ki, bütün erməniləri sevindirir. Həm də Luazonun bu addımları onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycana qarşı söylədiyi böhtanlara görə himayədarlarından maliyyə mükafatı qazanmasına səbəb olur.
Xatırlayırıq ki, Natali Luazo Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrlərdə, həmçinin erməni təcavüzü nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkünlük yaşandığı zamanda İrəvanın maraqlarını müdafiə edib. O, bununla da kifayətlənməyərək
44 günlük Vətən müharibəsi zamanı beynəlxalq hüquqa zidd olaraq təcavüzçü Ermənistana açıq dəstək verən Fransanın mövqeyini qeyd-şərtsiz bölüşüb.
Fransanın beynəlxalq hüquqa, üzv olduğu təşkilatların nizamnaməsinə zidd davranışı bizə yad deyil. Vaxtilə heç bir effektiv və səmərəli fəaliyyəti olmayan, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun İrəvanın həmsədrlərindən biri olan Fransanın bu gün də eyni siyasətinin şahidiyik.
Fransa sözdə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanısa da, reallıqda Ermənistanın işğal faktını, təcavüzünü, təxribatlarını görməzdən gəlib. Paris bu gün də Avropa Parlamentindəki nümayəndələrinin Azərbaycan əleyhinə hərəkətlərinə göz yumur, hətta onları dəstəkləyir".
Ekspert qeyd edib ki, Ermənistanın və erməni xalqının maraqlarını müdafiə edən, qarayaxma kampaniyaları ilə məşğul olan Natali Luazonun Ermənistanın "Təşəkkür" medalı ilə təltif edilməsi təsadüfi deyil:
"O, Laçın "dəhlizi"ni bəhanəsilə ermənilərin "aclıq şousu"nun, "humanitar problem" kimi əsassız məsələrinin gündəmə gətirilməsində həm erməni "donorları"nın, həm də E.Makron administrasiyasının direktivlərini yerinə yetirərək ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunur.
Natali Luazo Ermənistanın "Armenpress" mətbuat orqanına verdiyi müsahibəsində, həmçinin sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib. Bilirik ki, Azərbaycan və Ermənistan tərəfi sülh müzakirələrinin ikitərəfli formatda müzakirə edilməsində həmfikirdirlər. Lakin erməni rəsmilərinin situaiv davranışları və öz himayədarlarını müzakirələrə daxil etmək cəhdləri konstruktiv dialoqun təşviqində problemlər yaradır. İstənilən halda sülh müzakirələrinin aparıldığı bir zamanda Natali Luazonun son fikirləri Ermənistanın və onun siyasi strategiyasını müəyyən edən qüvvələrin marağına uyğun gəlir. Hazırda Ermənistanın mütləq sülhün deyil, formal olaraq bir sazişin imzalanmasının tərəfdarı olduğu daha çox sezilir. Siyasi-iqtisadi müstəqilliyə malik olmayan Ermənistanın hazırda sülh müzakirələrində də tam müstəqil olmaması səbəbindən 3 ildən çoxdur davam edən proses uğurlu şəkildə yekunlaşmır".
Qiymət Mahir