Eskpert: Bu, cinayət xarakteri daşıyan insidentdir – ÖZƏL
27 Dekabr 2024 13:22 Siyasət"Şübhəsiz ki, bu hadisə Azərbaycan və Rusiya arasındakı münasibətlərə ciddi təsir göstərə biləcək əhəmiyyətli bir məqamdır. Mövcud faktlar göstərir ki, məsələ ilə bağlı günah Rusiya tərəfinin üzərindədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib:
"Xüsusilə, təyyarənin qəza vəziyyətində Qroznı hava limanı və ətrafdakı digər hava limanlarına enməsinə icazə verilməməsi, əksinə Aktauya yönləndirilməsi bu ehtimalları daha da gücləndirir. Təyyarənin Xəzər dənizinə düşərək izinin itirilməsi ilə bağlı iddialar isə məsələni daha ciddi və dəhşətli bir müstəviyə daşıyır. Bu kontekstdə, Rusiya dövləti rəsmi şəkildə açıqlama verməli, Azərbaycan tərəfdən üzr istəməli və lazımi kompensasiyanı təmin etməlidir. Çünki bu, yalnız etik məsələ deyil, həm də cinayət xarakteri daşıyan bir insidentdir. Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyanın tələblərinin pozulması ilə yanaşı, bu hadisə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərə də mənfi təsir göstərir. İki ölkə arasında strateji müttəfiqlik haqqında müqavilə mövcuddur və bu cür hadisələr həmin müqavilənin prinsiplərinə ziddir.
Rusiya hakimiyyəti məsul şəxsləri dərhal cəzalandırmalı və insidentlə bağlı adekvat addımlar atmalıdır. Bu, Rusiyanın Azərbaycanla dostluq münasibətlərini qorumağa sadiqliyini nümayiş etdirmək üçün vacibdir. Təəssüf ki, indiyədək Rusiya hakimiyyətindən bu hadisə ilə bağlı nə üzr, nə də hər hansı izahat xarakterli açıqlama eşidilməyib. Belə görünür ki, məsələni ört-basdır etmək və izləri gizlətmək üçün müəyyən cəhdlər göstərilib.
Bu hadisənin fonunda Azərbaycanın Rusiya tərəfinə rəsmi şəkildə nota göndərməsi və rəsmi izahat tələb etməsi aktuallaşır. Bu, məsələnin daha ciddi diplomatik müzakirələrə çıxarılması və Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi baxımından mühüm bir addım ola bilər".
Qiymət Mahir