Bütün sübutlara obyektiv qiymət veriləcəyi şübhə DOĞURMAMALIDIR

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri hər birimizi sarsıtdı. Hadisənin mənəvi-psixoloji ağırlığı o dərəcədə qabarıqdır ki, ölkəmizdə hər kəs onun təsiri altındadır. Həlak olanların hər birinə Uca Allahdan rəhmət, doğmalarına səbr diləyirəm. Təskinliyimiz ondadır ki, qəzanın ağırlığına baxmayaraq, 29 nəfər sağ qalıb. Yaralıların hər birinə şəfa diləyirəm.

Bu cür fövqəl hadisələr baş verərkən, vətəndaşın diqqəti daha çox iqtidar mənsublarına yönəlir, o, ilk növbədə, öz hakimiyyətindən umur və dövlətin hansı mövqedə olacağı, hansı addımları atacağı onu daha çox qayğılandırır. Vətəndaş təskinliyini məhz bu addımlarda tapır. Hadisədən sonra Azərbaycan cəmiyyəti bir daha əmin oldu ki, aidiyyatı dövlət qurumlarımız vətəndaşın yanındadır və Azərbaycan hakimiyyəti üçün insan taleyi siyasətin fövqündə dayanır. Prezident İlham Əliyev dekabrın 25-də- qəzanın baş verdiyi gün MDB Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa yola düşmüşdü. Hadisə barədə məlumat ona elə təyyarədə, Rusiyanın hava məkanında olarkən verilmişdi. Prezident səfərini dərhal təxirə saldı və Vətənə qayıtdı. Dövlətimizin başçısı bu qərarı ilə həm cəmiyyətimizə, həm də  həmkarlarına əyani şəkildə göstərdi ki, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, AZAL-a məxsus sərnişin təyyarəsində qəzaya uğramış insanların taleyi və onların doğmalarının hissləri Azərbaycan rəhbərliyi üçün bütün siyasi dividendlərdən öndədir. Cənab Prezident  Bakıya döndükdən dərhal sonra hava limanında keçirdiyi müşavirədə zəruri tapşırıqlarını verdi, elə həmin gün hadisənin səbəblərinin hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə Dövlət Komissiyasının yaradılması haqda Sərancam imzaladı, digər Sərəncamı ilə dekabrın 26-da ölkəmizdə matəm Günü elan etdi.

Baş vermiş hadisəyə ən ali səviyyədə bu qədər həssas yanaşılmasına, aidiyyatı dövlət qurumlarımızın dərhal Qazaxıstana ezam  edilməsinə, bütövlükdə dövlət aparatının çevik reaksiyasına baxmayaraq, təəssüf ki, xaricdəki bəzi dairələr və ölkəmizdə özündən başqa heç kimi müxalifət hesab etməyən radikal kəsimin ayrı-ayrı nümayəndələri növbəti dəfə hakimiyyətə qarşı kin-küdurət püskürməyə başladılar. Özlərini elə apardılar ki, guya bunlar aviasiya məsələləri üzrə "ən son və mötəbər" instansiyadır. Amma bəzilərinin hüquqi aspektlərlə bağlı açıqlamaları bir daha göstərdi ki, onlar siyasətlə yanaşı, bu sahədə də "piadadırlar". Baxmayaraq ki, tez-tez sinələrinə döyərək hüquqşünas olmaları ilə öyünürlər. Biri dedi ki, "görürsünüz, Azərbaycan təmsilçilərini Qazaxıstanda istintaqa yaxın buraxmadılar". Bir başqası dedi ki, "hadisə yerinə beynəlxalq komissiya buraxılmalıdır", yaxud "Azərbaycan təmsilçiləri istintaq hərəkətlərində niyə iştirak etmir və biganəlik göstərirlər?" Hər şeyi etməyə çalışdılar ki, təki hakimiyyətin, dövlət orqanlarının gördüyü təxirəsalınmaz və olduqca məsuliyyətli addım və qərarlarına kölgə salsınlar, ictimai fikri zəhərləsinlər. Faktiki bu faciə üzərindən, zərərçəkən şəxslərin doğmalarının və bütövlükdə cəmiyyətimizin hissləri ilə oynamağa başladılar, ənənələrinə sadiq qalaraq bu dəfə də çirkin manipulyasiya yolunu seçdilər. Əslində isə hətta hüquq təhsili olan bəziləri nə qədər dayaz və hazırlıqsız olduqlarını nümayiş etdirdi. Çünki başqa ölkənin ərazisində baş vermiş hadisə ilə bağlı istintaq hərəkətlərində iştirak etmək, yaxud beynəlxalq komissiyanın cəlb olunması üçün həmin ölkənin istintaq orqanının prosessual qərarı, icazəsi olmalıdır. Bu isə yalnız o zaman baş verə bilər ki, xarici ölkənin cinayət-prosessual qanunvericiliyi buna imkan verir. Onu da nəzərə almadılar ki, bütün bu nüanslara baxmayaraq, aidiyyatı dövlət qurumlarımızın təmsilçiləri ilk saatlardan etibarən Qazaxıstan ərazisində sübutların toplanması və onların əhatə dairəsinin müəyyən olunması işində iştirak etdilər. Bununla bağlı aparılan videoçəkilişlər dərhal ictimaiyyətlə paylaşıldı, hər kəs də əyani şəkildə onları gördü. Bir sözlə, xalqımız əmin oldu ki, umduğu və gözlədiyi qərarlar bütün səviyyələrdə dərhal verilir.

Təəssüf ki, bəziləri baş vermiş hadisə və onun səbəbləri üzərindən siyasi xal qazanmaq üçün hələ də iyrənc populizmlə məşğul olurlar. Halbuki hər birimiz elə etməliyik ki, Dövlət Komissiyasının və istintaq araşdırmalarının obyektiv nəticələri məlum olanadək, kimlərsə bizim ictimai şəkildə bildirdiyimiz fikirlərdə araşdırmaların nəticələrinə kölgə salmaq və sui-istifadə üçün bəhanə tapmasın. Heç kəsdə şübhə olmasın ki, gözlə görünən və görünməyən bütün sübutlar həm Dövlət Komissiyası, həm də istintaq tərəfindən obyektiv və şəffaf şəkildə araşdırılacaq, nəticələri barədə cəmiyyətə vaxtaşırı məlumat veriləcək. Bunun üçün ən ali səviyyədə siyasi iradə ortadadır və nə yaxşı ki, "qara qutu" ilə yanaşı qəzadan sağ çıxmiş şahidlər həyatdadır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31