Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

2024-cü ilin 25 dekabrında bütün dünyanı sarsıdan faciə baş verdi. Bakı-Qroznı marşrutu ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. "Embraer E190" təyyarəsinin göyərtəsində 67 nəfər olub, onlardan ekipaj üzvlərinin peşəkar hərəkətləri sayəsində ikisi uşaq olmaqla 29 nəfər sağ qalıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı yaydığı açıqlamada qeyd olunub.

"Bu gün Azərbaycan Respublikasında matəm elan edilib. Ukrayna səfirliyi artıq Azərbaycan Respublikasında akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklər, o cümlədən Böyük Britaniya, ABŞ, AB, Almaniya, İtaliya, Türkiyə, Belçika, Litva, İsrail, Macarıstan və digər ölkələrin səfirlikləri tərəfindən verilmiş başsağlığına qoşulur. Bu, bütün Azərbaycan xalqı üçün böyük faciədir, regiondan uzaqlarda ağrı və kədərə səbəb olur.

İndi mediada getdikcə daha çox təsdiqini alan versiyalardan biri dünyada aktiv şəkildə müzakirə olunur. İlkin məlumatlara görə, təyyarə Rusiyanın "Pantsir-C1" hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilərdi ki, bunu faciə yerindən təyyarənin qalıqlarının çoxsaylı foto və videoları da təsdiqləyir. Bu, təyyarənin marşrutuna təsir edə bilər və sonda dəhşətli nəticələrə səbəb ola bilər. Bu versiya təsdiq olunarsa, bu, Rusiyanın işğalçı dövlət kimi beynəlxalq aləmdə terror fəaliyyətinin daha bir bariz sübutu olacaq.

Rusiya özünü çoxdan terrorçu ölkə kimi təqdim edib. 2010-cu ildə Smolenskdə Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi ilə baş vermiş faciəni xatırlayırıq, bunun səbəbləri hələ də sual altındadır. 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysinin Ukraynanın işğal olunmuş ərazisi üzərində Rusiyanın "Buk" raketi ilə vurulması bütün dünyanı heyrətə salmışdı. Həmin hadisədə 298 günahsız insan öldü.

2014-cü ildən dövlətimizə qarşı davam edən təcavüzünün davamı olan 24 fevral 2022-ci il tarixində Ukraynaya genişmiqyaslı hərbi təcavüzü başlayandan Rusiya dinc şəhərlərə, Ukraynanın mülki infrastrukturuna hücum edir, dinc sakinləri məqsədyönlü şəkildə qətlə yetirir, o cümlədən qadın və uşaqlar və xalqımızı qaranlığa və soyuğa qərq etməyə çalışır, enerjimizi məhv edir.

Bu dövlət və onun rejimi davamlı olaraq insan həyatına və beynəlxalq hüquqa hörmətsizlik və etinasızlıq nümayiş etdirir.

Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dayandırmaq və Rusiyanı Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, region və bütövlükdə planet üçün uzunmüddətli ədalətli sülh və təhlükəsizlik bərqərar etməyə məcbur etmək üçün birgə səyləri daha da birləşdirməli və gücləndirməlidir.

Dünya Qazaxıstanda baş verən təyyarə qəzasını araşdırmaq üçün yaradılmış komissiyanın işini diqqətlə izləyir. Biz istintaqda iştirak edən hər kəsi son dərəcə cəsarətlə, qərəzsiz və qətiyyətlə hərəkət etməyə çağırırıq. Bu faciəyə görə məsuliyyət daşıyanların adlarının çəkilməsi təkcə həlak olanların ailələri üçün ədalət məsələsi deyil, bu, gələcək nəsillər qarşısında borcudur. Yalnız bu cür hərəkətlərə görə aydın və ardıcıl cavabdehlik gələcəkdə oxşar faciələrin baş verməsinin qarşısını ala bilər.

Biz Azərbaycan rəhbərliyinə və xalqına dəstəyimizi bildiririk və ümid edirik ki, faciənin bütün halları müəyyən olunacaq və günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Bu, təkcə ədalətin bərpası üçün deyil, həm də bütün dünyada təhlükəsizliyin möhkəmləndirilməsi üçün vacibdir", - səfirin yaydığı açıqlamada bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31