Qazanılan uğurların təməlində Ulu Öndərimizin izi var– ÖZƏL
26 Dekabr 18:08 Siyasət"Bu gün dövlətlərin uğur və uğursuzluqları ilə bağlı siyasi mülahizələr irəli sürülür, dünyanın aparıcı beyin mərkəzləri bu istiqamətdə fundamental məqalələrlə çıxış edirlər. Dünya xəritəsinə baxdığımız zaman resurslar qeyri-bərabər paylandığından, daha dəqiq ifadə etsək bölüşdürüldüyündən aparıcı dövlətlərin açıq-aşkar münaqişə və müharibələrin davamlı olmasında marağı aydın görünür. Qıtlıq özünü çox istiqamətdə büruzə versə də, nəzərəçarpan sahə ən çox insan kapitalıdır. Müasir texnoloji yeniliklər özü ilə paralel olaraq ixtisaslı kadrlar yetişdirsə də, ən çox hərtərəfli, xarakterik xüsusiyyətlərə malik insanlar baxımından qıtlıq müşahidə olunur".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Şərqlə Qərb, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan xalqı isə bu çətinliyə qalib gələrək lider yetişdirməyi bacardı. Yaranmış nizamsız dünyada bu gün liderlərin nə edəcəyi, necə addım atacağı ilə bağlı konkret fikirlər, proqnozlar vermək çətin olduğundan liderin vəzifəsi klassik mənada o olmalıdır ki, xalqın mənafeyini təmin etsin və məhz ona xidmət etsin. Lider həmçinin beynəlxalq münasibətlərdə və beynəlxalq siyasətdə milli maraqlar məqsədlərinə çatmaq üçün xarici siyasət formalaşdırmaq və reallığı qəbul etmək bacarığına da sahib olmalıdır. Azərbaycan xalqının maraqlarını maksimal səviyyədə təmin edərək, açılmaz hesab olunan düyünləri açaraq adını qızıl hərflərlə dünya tarixinə yazdıran cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2024-cü il də silsilə uğurlarla yadda qaldı. Dövlət başçımız dar deyil, arealı geniş siyasət yürüdür. Belə ki, yürürdüyü siyasət bölgənin yenidən reinteqrasiyasını hədəfləyir ki, bu da hər bir xalqın rifahının yaxşılaşmasına xidmət edəcək. Hər bir xalqın haqqı və məsuliyyəti var ki, beynəlxalq münasibətlərdə öz milli maraqlarının məqsəd, arzu və istəklərini təmin etsin. Lakin tarixi faktlar, reallıq və müasir dünya da sübut edir ki, heç bir xalq özünü tam təmin edən və özünə güvənən olmadığı üçün heç bir xalq da dövlətlərarası münasibətlər saxlamadan yaşaya bilməz. Yəni, qarşılıqlı asılılıq beynəlxalq münasibətlərin əvəzsiz faktorudur. Bir digər həqiqət odur ki, hər bir xalqın davranışı digər xalqların davranışına təsir edir. Bütün bu nəzəri amilləri də əsas tutmaqla Azərbaycan qeyd olunan böyük dövlətlərin münaqişə və müharibəni davamlı tutmaq istəyini sındırdı. Müzəffər Liderimizin də dediyi kimi "Sarsılmaz hesab olunan daşları tərpətdik".
2024-cü ildə atılan hər bir addım bölgəyə dayanıqlı sülhün gətirilməsinə istiqamətləndi. 2025-cü ildə də eyni əzm və dövlət-xalq fenomeninin monolit birliyi ilə hədəflərimizə doğru irəliləyəcəyik. Bu uğurlara yol açan amil isə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət oldu. Bütün dünya azərbaycanlıları həmrəylik və yeni il ərəfəsində də Ulu Öndərimizin Azərbaycan üçün etdiklərini dərin minnətdarlıq hissi ilə xatırlayır və anır. Dünyada tayı-bərabəri olmayan "azərbaycançılıq" məfkurəsinin sayəsində ölkəmizdə müxtəlif xalqlar dinc və təhlükəsiz şəraitdə yaşayıb-yaradırlar. Vətən müharibəmizin də, 2024-cü ilə qədər qazanılan uğurların da təməlində şəksiz və şübhəsiz, mütləq qaydada Ulu Öndərimizin izi var. Ata vəsiyyətini layiqincə icra edən cənab Prezident İlham Əliyevin mükəmməl siyasətinin növbəti ildə də xalqı zəfərlərə doğru aparacağı mütləqdir".
Zeynəb Rzayeva