Dünya azərbaycanlılarının bu tarix ətrafında birləşməsi dövlətimizin ətrafında birləşmə deməkdir - ÖZƏL

"31 dekabr Dünya azərbaycanlılarının gücünün toparlanması baxımından böyük təsiri olan bir rəmzdir, bunun böyük tarixi var". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"1991-ci ildə Naxçıvan Ali Məclisinin qərarı ilə qəbul olunmuş və simvollaşmış bu tarix Azərbaycan dövləti ilə əbədi yaşayacaq. Bu tarix həm Azərbaycan dövlətinin dünyada gücünü nümayiş etdirmək baxımından əhəmiyyətlidir, həm də dünya azərbaycanlılarının dövlətçilik ətrafında, Azərbaycan müstəvisində və milli mənafelərimiz ətrafında daha sıx toparlanmasına təsir gücündə olan bir rəmzdir. 
Dünya azərbaycanlılarının bu tarix ətrafında birləşməsi dövlətimizin ətrafında birləşmə deməkdir. Dünya azərbaycanlılarının gücü ilə Azərbaycan dövlətinin gücünə qatqı gətirmək üçün bu tarix bu gün önəmli bir hadisədir. Dünyanın harasında olmağından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər bir kəs 31 dekabrı Azərbaycan dövləti ilə özünün arasında bir körpü kimi görür, bağlantı kimi görür. Həmrəylik günü deyəndə dünya azərbaycanlıları ilə, dünyada azərbaycanlılar diasporu ilə Azərbaycan dövləti bir vəhdət halında təsəvvür olunur. Buna görə də 31 dekabr dünya azərbaycançılığının iki böyük qanadı olan Azərbaycan dövləti ilə Azərbaycan diasporunun bir-birinə daha çox birləşməsini və onların heç vaxt ayrılmayacağını ifadə etmək baxımından böyük əhəmiyyətə malikdir. Məhz 31 dekabr Azərbaycan dövləti ilə Azərbaycan diasporu arasında mənəvi körpü rolunu oynayır. Bu körpü Azərbaycan dövlətinin gücünü daha da artırmaqla bərabər, Azərbaycan diasporuna müqəddəs bir məbədin olduğunu da nümayiş etdirir. Bu baxımdan, 31 dekabrın bir bayram, tarixi gün kimi simvollaşdırılması, həm də böyük strateji əhəmiyyətə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31