Siyasi hadisələr, seçkilər və yaddaşlarda qalan təlatümlər – ÖZƏL
26 Dekabr 2024 15:53 Siyasət"2024-cü il həm dünyada, həm də Azərbaycanda mühüm ictimai və siyasi hadisələrlə yadda qaldı. İlin ən diqqətçəkən məqamlarından biri isə ölkəmizdə iki seçkinin - fevralda prezident, sentyabrda isə parlament seçkilərinin keçirilməsi oldu. Hər iki seçki yüksək aktivlik şəraitində baş tutdu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Prezident seçkilərində Azərbaycan xalqı gözlənildiyi kimi, yekdilliklə qalibiyyətin memarı olan Müzəffər Ali Baş Komandana dəstəyini bir daha təsdiqlədi. Bu, xalqın minnətdarlığının və etimadının bariz ifadəsi idi. Parlament seçkilərində də hakim Yeni Azərbaycan Partiyası böyük üstünlüklə qalib gəldi, seçilən deputatların əksəriyyətinin hakim partiyadan olması xalqın dövlət başçısının siyasətinə verdiyi dəstəyi bir daha nümayiş etdirdi.
Dünyada isə siyasi arenada bir çox vacib hadisələr yaşandı. Qardaş Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında sədr dəyişikliyi ilə yanaşı digər siyasi hadisələr də müşahidə edildi. Regionun ən gərgin siyasi atmosferi isə qonşu Gürcüstanda yaşandı. Xarici agentlər haqqında qanunun qəbulundan sonra ölkədə kütləvi mitinqlər keçirildi. Bu proseslər fonunda baş tutan parlament seçkilərində hakim Gürcü Arzusu partiyası yekdilliklə qalib gəldi. Prezident Salome Zurabişvilinin müxalifəti dəstəkləməsi isə siyasi gərginliyi daha da artırdı. Beləliklə, Qərbin Gürcüstanda təsirini itirdiyi bir dövrün şahidi olduq.
Avropada da 2024-cü il siyasi dəyişikliklər ilə yadda qaldı. Fransada Avropa Parlamentində keçirilən seçkilər radikal sağçıların, o cümlədən Milli Cəbhə hərəkatının lideri Marin Le Penin güclənməsi ilə nəticələndi. 2024-cü il Avropada radikal sağın yüksəlişi kimi qiymətləndirilə bilər. İslamofobiya və antimiqrant siyasətləri ilin əsas trendlərindən biri oldu.
Yaxın Şərqdə ilin ən böyük hadisəsi Suriyada baş verdi. 13 ildən artıqdır davam edən vətəndaş müharibəsi nəticəsində Bəşər Əsəd rejimi devrildi. Radikal islamçı Təhrir əş-Şam qruplaşması digər silahlı qruplarla birgə hakimiyyəti ələ keçirdi və bununla da Suriyada vətəndaş müharibəsi başa çatdı. Bu hadisə region üçün yeni bir mərhələnin başlanğıcını göstərir.
ABŞ-də isə dörd illik fasilədən sonra Donald Tramp yenidən prezident seçildi. Bu hadisə 2025-ci ildə dünyanın siyasi mənzərəsini dəyişə biləcək mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Təəssüf ki, Azərbaycan üçün 2024-cü ilin sonu faciəli bir hadisə ilə yadda qaldı. Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xalqımızın yaddaşında acı bir xatirə kimi qalacaq. Ümumilikdə, 2024-cü il həm siyasi gərginliklər, həm də yeni reallıqların formalaşması ilə tarixə yazıldı".
Qiymət Mahir