D-8 seçici, Azərbaycan seçilən tərəfdir- ÖZƏL
20 Dekabr 2024 15:58 SiyasətUğurlarımızın memarı Müzəffər Ali Baş Komandanımızdır
"Cənab Prezident İlham Əliyevin reallaşdırdığı hər bir səfər, istifadə etdiyi ritorika belə Azərbaycan diplomatiyasında yeni uğurlara yol açır. Təsadüfi deyil ki, son zamanlarda regionda və dünyada artan mövqeyimiz İslam aləmində də rəğbətlə qarşılanmış, türk-müsəlman birliyinin möhkəmlənməsi işinə verdiyimiz töhfələr bəhrəsini vermişdir. Azərbaycan lokal, dar maraqlardan çıxış etmir, qlobal və geniş hədəflər müəyyənləşdirir, onların realizəsi istiqamətində praktiki addımlar atır. Uğurları sərhədləri aşan və sağlam ideologiyaların, vizyonların dəstəkçisi və tərəfdarı olan Azərbaycan İslam dəyərlərinin qorunmasında yaxından iştirak edir".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Sürətlə artan İslamafob meyillərlə mübarizədə Azərbaycan bu dəyərlərin hamisinə çevrilib. D-8-ə üzv seçilməyimiz, şübhəsiz ki, uğurdur. Əsas məsələ isə uğurların tandem təşkim etməsi, məntiqi ardıcıllığı və nəticəsidir. Qürurverici məqamdır odur ki, cənab Prezident İlham Əliyevin hər bir uğuru da xarici siyasətimizdə bir-birini tamamlayır. Yəni, D-8-ə üzv seçilməyimiz İslam Əməkdaşlıq Təşkilatına üzvlüyümüz ilə tamamlayıcı amil qismində çıxış edir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində hadisələri müşahidə etmir, baş verən siyasi proseslərə reaksiya vermir, yürüdülən proaktiv siyasətlə proseslərə yön verir. Necə deyərlər ayaq səslərimiz indi də İslam aləmində eşidilir, özü də gurultulu şəkildə. Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi bunun əyani sübutudur. Yekdil qərar isə hər ölkə ilə əlaqədar verilən bir qərar deyil. Deməli, Azərbaycan beynəlxalq münasibətlər sistemində özünü tam doğrultmağı bacarıb. Hələ üstəlik o faktı da nəzərə alaq ki, D-8 yarandığı gündən bu təsisatın sıralarına ilk dəfədir ki, yeni bir üzv qəbul edir. Deməli, təsisat seçici, Azərbaycan seçilən tərəfdir. Regional və qlobal təhlükəsizliyə verdiyimiz töhfə, ölkədə ictimai-siyasi sabitliyin nümunəvi forması, Şərqlə Qərb arasında körpü rolunu oynamağımız bu məsələdə mühüm rol oynayıb. "İslam Səkkizliyi" böyük bir coğrafiyanı əhatə edir. D-8 ölkələri təbii ehtiyatlarla zəngin və geniş əhali çoxluğu ilə xarakterizə olunur. İqtisadi potensialı, turizm üçün coğrafi mövqeyi də nəhəng, gözəl və zəngindir. Eyni zamanda, təsisata daxil inkişaf etməkdə olan ölkələr arasında sıx dini, tarixi və mədəni əlaqələr mövcuddur. D-8-in perspektivləri, inkişaf potensialı çox genişdir. Ucuz və ixtisaslı işçi qüvvəsinə, çoxşaxəli insan kapitalına, zəngin təbii sərvətlərə
və böyük bazara malik bu təsisat 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir ki, üstəlik 130 milyard ticarət dövriyyəsi həyata keçirir. Üzvlərinin əhalisinin sayı isə bütövlükdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Azərbaycanın ədalət və beynəlxalq hüquq amillərini prioritet sayan bu təsisatla fundamental məsələlər üzə baxışı da üst-üstə düşür.
Cənab Prezident İlham Əliyev bir çox beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvət olunur ki, bu da Azərbaycanın nüfuzunun göstəricisi, şəxsiyyət kimi dövlət başçımıza duyulan rəğbətdir. Dövlət başçımız ilk dəfə olaraq fəxri qonaq qismində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə də xüsusi qonaq qismində iştirak etmişdi.
Bir sözlə, 19 dekabr 2024-cü il Azərbaycanın müstəqillik tarixində beynəlxalq diplomatik nailiyyətlər sırasına daxil olan daha bir əlamətdar hadisə kimi tarixə düşdü. Bu uğurların isə bir memarı var, o da Müzəffər Ali Baş Komandanımızdır".
Zeynəb Rzayeva