Prezidentin çıxışında vacib məqamlara xüsusi aydınlıq gətirildi - ÖZƏL
17:10 Siyasət"Azərbaycan prezidentinin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə qarşımıza belə bir mənzərə çıxmış olur ki, bu müsahibədə regionda və dünyada baş verən proseslər, bu proseslərin Azərbaycana təsirləri, Azərbaycanın regionda və beynəlxalq arenada oynadığı rol, dünyanın bundan sonrakı mərhələdə hansı istiqamətə yönəlməsi, xüsusilə də regionumuzda Ermənistanla Azərbaycan arasında sülhə gedəcək yol necə ola bilər, buna maneə haradandır və s. məsələlər dəqiqliyi ilə öz əksini tapıb."
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
" Bu müsahibədə Azərbaycanın İkinci Qarabağ savaşı dövründə, ondan sonrakı mərhələdə atdığı addımlar, region dövlətlərinin Azərbaycana münasibəti, beynəlxalq səviyyədə Azərbaycana qarşı münasibət, region dövlətlərinin, eyni zamanda Ermənistana münasibəti və hətta qeyri-region dövlətlərinin belə Ermənistana və Azərbaycana baxışı məsələsi diqqətlə nəzərdən keçirilir. Xüsusilə də son dövrlər daha çox aktual olan mövzular ki var, bunların hər birinə Azərbaycan prezidentinin müsahibəsində xüsusilə aydınlıq gətirildi. Hətta Rusiya-Azərbaycan münasibətlərinin necə formalaşması və bugünkü vəziyyəti ortaya qoyuldu. Bugünkü beynəlxalq səviyyədə mövcud olan reallıqlar, Fransanın Ermənistanı silahlandırmasının və Hindistanın, ABŞ-nin Ermənistan silahlandırmasının arxa planı nələrdən ibarətdir? Niyə bunu edirlər, səbəbləri nələrdir? Bunların hamısının müzakirə olunması, hesab edirəm ki, kifayət qədər mətləbləri bizim üçün açmış oldu. Azərbaycan prezidenti tərəfindən belə bir məqamda, bu şəraitdə Rusiya telekanalına belə müsahibənin verilməsi çox vacibdir, çünki Suriya məsələsi çox aktualdır. Rusiya isə Suriyada uzun illərdir əsas fiqurlardan biri olub. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin gedişi prosesində, Donald Trampın hakimiyyətə gəldiyi bir dönəmdə, xüsusən də Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesində təzadlı vəziyyətlərin yarandığı anda müsahibə verilməsi və Azərbaycan prezidentinin dilindən, birinci şəxsin dilindən bu fikrin səsləndirilməsi, kifayət qədər vacib məsələlərin dilə gətirilməsi, Azərbaycanın dünəni, bu günü və gələcəyi baxımından strateji bir konsepsiya və hədəf kimi də görünə bilər".