Elçin Xalidbəyli : “Rusiya NATO ilə açıq savaş ehtimalını istisna etmir “ – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda deyib ki, Şimali Atlantika Alyansının demək olar ki, bütün ölkələri Rusiya ilə müharibə vəziyyətindədir.

"Bu açıqlama Rusiyanın daxili auditoriyasına yönəlib. Prezident Putin Rusiyanın xarici düşmənlərinin nə qədər güclü olduğunu daxili auditoriyaya göstərməyə çalışır və bununla da daxili auditoriyanı Kremlin ətrafında daha güclü şəkildə birləşdirməyə, Rusiya cəmiyyətini bir araya, vahid mövqeyə gətirməyə çalışır. Bu, Rusiya daxilində narazılıq meyllərinin zəiflədilməsinə yönəlik bir açıqlamadı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Digər tərəfdən, Rusiyanın beynəlxalq rəqiblərinə də mesaj verilir ki, Rusiya özünə qarşı savaş açmış koalisiyanın gücünü bilir və buna müqavimət göstərmək niyyətindədir. Yəni bu açıqlamada müəyyən mənada üstüörtülü şəkildə Qərbə yönəlik təhdid əlamətləri də sezilir. Rusiya NATO-nun bütün qüvvələrinə qarşı duruş gətirmək imkanında olduğunu büruzə verməyə, gündəmə gətirməyə çalışır. Ümumilikdə götürdükdə, Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya NATO ilə qarşıdurmadan hələlik bərabər səviyyəli nəticələrlə çıxmağa nail olub. Digər tərəfdən, prezident Putin bir müddət əvvəl vurğulamışdı ki, NATO Rusiyaya qarşı savaş açıb və bu, Rusiya üçün qırmızı cizgilərdir. Əgər o qırmızı cizgilər indiki kimi kobud müdaxiləyə məruz qalarsa, Rusiya da buna adekvat reaksiya vermək məcburiyyətində qalacaq. Bu da o deməkdir ki, Rusiya NATO ilə açıq savaş ehtimalını istisna etmir və buna yönəlik hazırlıq prosesi içərisindədir. Yaxın gələcəkdə NATO və Rusiya arasında birbaşa hərbi toqquşmalar təhlükəsini Kremldə nəzərə alırlar".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31