Sülh və təhlükəsizlik: Strateji əməkdaşlıq perspektivləri

Prezident İlham Əliyevin dekabrın 17-də Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə regionda sülh sazişi üzrə danışıqların hazırkı vəziyyətini və qarşıya çıxan maneələri dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı müsahibəsində sülh prosesində əldə edilmiş böyük irəliləyişlərdən və eyni zamanda, Ermənistanın silahlandırılması ilə bağlı ziddiyyətli məqamlar barədə məlumat verib.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin 17 maddəsindən 15-i artıq razılaşdırılıb. Yalnız iki maddə müzakirə mərhələsində qalıb və bunların da həll olunması ilə sülh sazişinin imzalanması mümkün ola bilər. Kazanda Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşdə Ermənistan tərəfinin həmin iki maddəni qəbul etməyə yaxın olduğu müşahidə edilib.

Bu maddələrdən biri, dövlət başçısının sözlərinə görə, bir-birinə qarşı beynəlxalq iddialardan imtina ilə bağlıdır. Azərbaycan lideri bu şərtin qarşılıqlı şəkildə qəbul olunan ədalətli bir prinsip olduğunu qeyd edir. Bu, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün fundamental baza rolunu oynaya bilər.

Prezident İlham Əliyevin bu fikirləri, eyni zamanda, beynəlxalq ictimaiyyətə bir mesajdır. Azərbaycan sülh sazişi üzrə bütün səylərini səfərbər edib və ədalətli, qarşılıqlı hörmətə əsaslanan bir razılaşma əldə etməyə çalışır. Bununla belə, Ermənistanın destruktiv addımları bu prosesi ləngidir. Beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və digər müvafiq qurumlar bu məsələdə daha fəal mövqe sərgiləməli, regionda sülhün bərqərar olunmasına dəstək verməlidirlər.

Regionda davamlı sülh yalnız hər iki tərəfin bu prosesi dəstəkləməsi ilə mümkündür. Sülh sazişi Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, sərhədlərin açılması və xalqlar arasında münasibətlərin normallaşması üçün mühüm platforma yarada bilər. Azərbaycan tərəfi, beynəlxalq hüquq normalarına əsaslanaraq, Ermənistanla münasibətlərin normallaşdırılmasında prinsipial mövqe tutur. Ermənistan rəhbərliyi isə destruktiv siyasətini dayandırmalı, bölgədə sabitlik üçün real addımlar atmalıdır. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə regionda yaşayan xalqlar üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin obyektiv mövqeyi göstərir ki, regionda sülhə nail olmaq üçün böyük imkanlar mövcuddur. Sülh sazişi üzrə əldə edilən irəliləyişlər regionun gələcəyinə ümidlə baxmağa imkan verir. Bununla yanaşı, Ermənistanın destruktiv siyasəti, xüsusən də hərbi silahlanması bu prosesi təhlükə altına alır. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə sülh prosesində son mərhələyə nail olmaq mümkündür. Azərbaycanın regionda sülh və sabitlik yaratmaq məqsədilə atdığı addımlar isə ədalət və beynəlxalq hüquq prinsiplərinə əsaslanır.

Bu məsələdə hər iki tərəfin praqmatik və konstruktiv mövqeyi tələb olunur. Sülh yalnız razılaşdırılmış maddələrin icrası və qarşılıqlı hörmətlə təmin oluna bilər. Azərbaycan bu istiqamətdə addımlar atmağa davam edir və Ermənistanın da bu prosesi dəstəkləyəcəyinə ümid edir.

Prezident İlham Əliyevin müsahibəsi, həmçinin Azərbaycanın xarici siyasətinin müstəqilliyi, regional müttəfiqlik və təhlükəsizlik məsələləri ilə bağlı vacib açıqlamalarla zəngindir. Dövlət başçısının bu açıqlamaları ölkənin beynəlxalq arenadakı yerini və strateji hədəflərini daha dərindən dəyərləndirmək üçün önəmlidir.

Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürüdən bir ölkə olaraq qəbul edildiyini vurğulayıb. O, Azərbaycanı həm Rusiyanın, həm də NATO üzvü olan Türkiyənin müttəfiqi kimi dəyərləndirib. Bu vəziyyət Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı bir mövqe tutmasına imkan yaradır. Dövlət başçısının fikrincə, Azərbaycan bu müstəqil siyasətinə davam edəcək və gərginliyin azaldılması (detente) məsələsində öz töhfəsini verə bilər.

Azərbaycanın müttəfiqlik öhdəlikləri, xüsusilə Rusiya və Türkiyə ilə imzalanan sənədlərlə müəyyən edilib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında 2021-ci ildə imzalanmış Müttəfiqlik haqqında Bəyannaməyə də toxunaraq, hər iki ölkənin xarici təhlükə və təcavüz qarşısında qarşılıqlı hərbi yardım təmin etməsi barədə öhdəliklərini xatırladıb. Bu, Azərbaycanın hərbi müdafiə siyasətindəki yanaşmalarının təməlini təşkil edir.

Müsahibədə dövlətimizin başçısı Ermənistanın eyni vaxtda həm sülh sazişi üzrə irəliləyiş əldə etməsi, həm də silahlanmasının iki fərqli kurs olduğunu vurğulayıb. Bu ziddiyyətli vəziyyət regionda sülhə nail olunmasını çətinləşdirir və inam mühitinə ciddi zərbə vurur. Prezident İlham Əliyev Fransa hökumətinin Ermənistana öldürücü silahlar tədarük etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Fransanın Ermənistana verdiyi hücum silahları Azərbaycan üçün ciddi bir təhlükə yaradır. Dövlət başçısı bu silahların Azərbaycana qarşı istifadə oluna biləcəyini, Ermənistanla uzun sərhədimiz olduğunu, bu narahatlığını Fransa və Birləşmiş Ştatlar rəhbərliyinə də çatdırdığını bildirib.

Fransa və Hindistanın Ermənistana öldürücü silahlar verdiyini gizlətməməsi, ABŞ-ın isə bu məsələdə susqunluğu cənab İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən biridir. O, Ermənistanın hava limanlarına enən hərbi təyyarələrin silah daşımasına dair izləmələrin aparıldığını bildirib ki, bu da həmin dövlətlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini göstərir.

Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi bir daha Azərbaycanın xarici siyasətinin müstəqilliyini, dövlətin strateji müttəfiqlərini və beynəlxalq müstəvidə balanslı mövqeyini təsdiqləyir. O, Azərbaycanın qarşısında duran təhlükələrə qarşı məsuliyyətli yanaşaraq, hərbi müdafiə və diplomatik əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu, Azərbaycan üçün müstəqil siyasət və beynəlxalq aləmdə daha fəal rol oynamaq baxımından mühüm bir mərhələdir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31