Elman Vəliyev: “Rusiyaya yeni strategiya lazımdır” – ÖZƏL
16:41 SiyasətRusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda deyib ki, Şimali Atlantika Alyansının demək olar ki, bütün ölkələri Rusiya ilə müharibə vəziyyətindədir.
Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən konflikt analitik Elman Vəliyev qeyd edib ki, Putinin NATO ilə bağlı verdiyi açıqlama bir neçə səviyyədə analiz edilə bilər:
"Bu cür bəyanatlar adətən həm daxili auditoriyaya, həm də beynəlxalq səviyyədə müxtəlif strateji məqsədlərə xidmət edir. Adam haqlıdır. Demək olar ki, alyansın bir çox dövlətləri ilə diplomatik gərginlik yaşanır. Ancaq bunlara baxmayaraq, bəziləri enerji asılılığı olduğundan "dilin çıxarda bilmir". Rusiyanın qlobal gücünü əlindən alaraq onu regional güc etməyə çalışırlar. Rusiya üçün yeni bir strategiya lazımdır: Amerika ilə danışıqlar, Ukrayna məsələsini həll etmək, yeni satış bazarları təmin etmək, regional güc olmamağa çalışmaq.
Putinin bu açıqlamasını ilk növbədə Rusiyanın daxili auditoriyasına yönəlmiş bir mesaj kimi dəyərləndirək; Son iki il ərzində Ukraynada davam edən müharibə Rusiya cəmiyyətində müəyyən sosial və iqtisadi gərginliklər yaradıb. Putinin NATO-nu "müharibə vəziyyətində olan" tərəf kimi təqdim etməsi, Rusiya vətəndaşlarının diqqətini xarici təhdidlərə yönəltməklə, onları mövcud rejimin ətrafında birləşdirməyə çalışır. Bu narrativ, ölkə daxilində müharibəni "vətənpərvərlik" və "Qərbin təcavüzünə qarşı mübarizə" kimi təqdim etməyə və əhalinin dözümlülüyünü artırmağa hesablanıb.
Beynəlxalq səviyyədə isə bu cür ritorika Rusiyanın xarici siyasətinin sərtləşdiyini və Qərblə münasibətlərdə gərginliyin artmasını göstərir. Putinin bəyanatı NATO-nun genişlənməsinə və Qərbin Ukraynaya dəstəyinə qarşı bir növ xəbərdarlıqdır. Bu, həm də potensial olaraq NATO üzvü olan ölkələr arasında müəyyən narahatlıq yaratmaq və onları daha ehtiyatlı davranmağa sövq etmək məqsədi güdə bilər. Rusiya bu bəyanatla NATO ölkələrinə Ukraynaya hərbi və siyasi dəstək verməkdən çəkinmələri üçün təzyiq göstərmək istəyir.
Putinin çıxışı, eyni zamanda, Rusiyanın uzunmüddətli strateji planlarının bir hissəsi kimi qiymətləndirilə bilər. Bu bəyanat vasitəsilə Rusiya, öz təhlükəsizlik maraqlarını müdafiə etmək üçün NATO ilə qarşıdurma xəttini sərtləşdirəcəyini bəyan edir. Bu, yeni bir strateji dövrün başlanğıcı ola bilər, çünki Rusiya Qərblə siyasi və hərbi cəhətdən daha aqressiv bir mövqe tutmağa hazırlaşır. Ancaq məsələ burasındadır ki, sərt mövqe tutduqca, itirmələr yaşayır. Sözsüz ki, NATO Rusiyadan böyükdür. Buna qarşı mübarizə bu cür ola bilməz. Yeni strategiya lazımdır: Pazı pazla çıxarmaq".
Qiymət Mahir