Ermənistanı silahlandıran Qərb: Sülhə təhdid və yeni münaqişə ocağı – ÖZƏL
16:34 Siyasət"Bu gün çox təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Avropa dairələri, Qərb, Amerika Birləşmiş Ştatlarının təsiri və təhriki altında Fransa, Hindistan və bir çox ölkələr Ermənistanın kütləvi silahlandırılması ilə məşğuldur. Onlar bununla Ermənistandan bir vasitə kimi istifadə edərək Cənubi Qafqazda yeni müharibə və ya münaqişə ocağı yaratmağa çalışırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:
"Qərbin bu mövqeyi qəbuledilməzdir. Ermənistanın silahlandırılması konkret olaraq sülh və təhlükəsizlik üçün ciddi təhdidlərdən biridir. Azərbaycan dövləti uzun müddətdir ki, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün bütün resurslarını səfərbər edib. Ölkəmiz Ermənistanla dayanıqlı sülh əldə etmək üçün danışıqlar prosesini ciddi şəkildə davam etdirməyə çalışır. Görünən odur ki, Ermənistan Qərbdəki, Avropadakı havadarlarına, onlara silah-sürsat tədarük edən ölkələrə güvənərək bölgədə sülh və təhlükəsizlik yaratmaq istəmir. Əksinə, buna mane olmağa çalışır və Azərbaycana qarşı hər an hərbi təhdidlər yönəltmək məqsədi güdür. Bununla da Ermənistanın növbəti dəfə işğalçılıq, terrorizm və separatçılıq siyasətinin açıq-aydın şahidi oluruq. Bu, o deməkdir ki, Ermənistan ciddi şəkildə silahlanmaqla yeni müharibəyə hazırlaşır".
Siyasi ekspert digər təəssüf doğuran məqam kimi, beynəlxalq dairələr, beynəlxalq qurumların bu prosesə göz yummasını qeyd edib:
" Beynəlxalq dairələr, beynəlxalq qurumlar bu prosesə göz yumur və bu prosesin dayandırılması istiqamətində heç bir əməli addım atmır. Bu gün tələb olunan və arzulanan odur ki, aidiyyatı beynəlxalq təşkilatlar, bir çox beynəlxalq qurumlar Ermənistanın kütləvi silahlandırılmasına qarşı öz qəti etirazını ortaya qoysun, mövqeyini nümayiş etdirsin. Bununla da sülh və təhlükəsizlik istiqamətində öz istəklərini və mövqelərini açıq-aydın ifadə etməlidirlər. Amma təəssüf ki, hələ bunu görmürük və əksinə, həmin dairələr bu prosesə göz yumur. Azərbaycanın haqq, ədalət səsini əvvəlki dövlərdə olduğu kimi yenə də eşidən yoxdur. Bu mənada ki, Azərbaycan Ermənistanın silahlandırılması istiqamətində daim öz qətiyyətli və sərt mövqeyini ortaya qoyur, bunu qınayır və bu prosesin dayandırılmasını tələb edir. Amma Fransa, Hindistan və digər bu kimi ölkələr Ermənistanı silahlandırmaqda davam edirlər. Bu, həmin ölkələrin riyakar mövqeyinin, Azərbaycana qarşı düşmənçilik və qərəzli mövqeyinin bir daha bariz nümunəsidir".
Qiymət Mahir