Azərbaycanın siyasəti nəticəsində Fransanın xarici siyasət uğursuzluğu tamamilə ifşa olunub - ÖZƏL

"Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar bir neçə yöndə şərh oluna bilər".

Bunu Olaylar.az-a açıqlamasında millət  vəkili   Elçin Mirzəbəyli bildirib.

"Əvvəla, qeyd edim ki, bütövlükdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, suveren hüquqlarını ölkənin bütün əraziləri üzərində bərpa etməsi regionda tamamilə yeni reallıqlar yaradıb. Bu, xarici aktorların bölgəyə müdaxiləsi və münaqişədən istifadə edərək o cümlədən, region dövlətlərinin xüsusilə Azərbaycana təzyiq göstərməsi ehtimalını sıfıra endirib. Təbii ki, bu reallıq Fransa kimi ölkələri qane etmədiyi üçün onlar yenə də Ermənistanı silahlandırmaqla yeni münaqişə vəziyyəti yaratmağa və bu münaqişə vasitəsilə də bölgəyə müdaxilə etməyə cəhd göstərirlər. Fransanın niyyəti nəyin bahasına olursa olsun, ATƏT-in artıq ömrünü başa vurmuş Minsk qrupu formatını yenidən dirçəltmək və yaxud hər hansı bir yeni format formalaşdırmaqla Azərbaycan əraziləri ilə bağlı beynəlxalq müzakirə predmeti olmayan məsələləri beynəlxalq gündəmə daşımaqdan ibarətdir. 
Digər aspekt, Azərbaycanın yürütdüyü siyasət nəticəsində Fransanın mahiyyəti, o cümlədən xarici siyasətdəki uğursuzluğu tamamilə ifşa olunub. Həmçinin Fransanın bu günə qədər insan hüquq və azadlıqları ilə bağlı yürütdüyü siyasətin mahiyyəti ortaya qoyuldu ki, bu ölkə müstəmləkəçi siyasət yürüdərək milyonlarla insanın haqqını pozaraq, insan hüquqlarından və demokratiyadan danışır. 
Azərbaycanın   Qoşulmama Hərəkatına sədrliyi dönəmində və bütövlükdə bu prosesdə iştirakı müstəvisində ölkəmizin prinsiplərinin mahiyyətini daha geniş miqyasda təbliğ etməsi, müstəmləkəçiliyə qarşı siyasətin artıq önəmli bir mərhələyə gətirib çatdırılmasında ölkəmizin oynadığı rol təbii ki, Fransanı qıcıqlandırıb. Bu baxımdan Ermənistanı nümayişkaranə şəkildə silahlandırmaqla sanki Azərbaycanı bu kontekstdən cəzalandırmaq istədiyini diqqətə çatdırmaq istəyir.
Başqa bir aspekt isə şübhəsiz ki, ölkəmizin yürütdüyü müstəqil siyasətlə bağlıdır. Azərbaycan heç bir geosiyasi qarşıdurmanın qurbanına çevrilmək niyyətində olmadığını, özünün prinsipial mövqeyi ilə, təbii ki, ölkə liderinin qətiyyəti ilə hər zaman ortaya qoyub, nümayiş etdirib və bu cəsarətli addım öz azadlıqları uğrunda mücadilə aparan xalqları da ilhamlandırır, onların da gələcəyə daha da ümidlə baxmasına zəmin yaradır. Əslində görünən mənzərənin mahiyyəti bundan ibarətdir. Lakin Fransa da, digərləri də unutmalı deyil ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə yarana biləcək hər hansı bir təhdid, ölkəmiz tərəfindən cəzasız qalmayacaq. Yəni müasir hüququn da doktrinası onu deməyə əsas verir ki, əgər Ermənistan ərazisindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə yeni təhlükə yaradılarsa və real təhdid forması alarsa, o zaman özünümüdafiə hüququ təkcə ölkənin sərhədləri çərçivəsinə aid edilməyəcək, Ermənistan ərazisindəki bütün hərbi obyektlər Azərbaycan üçün legitim hədəflər sayılacaq. Çünki biz artıq 30 ilə yaxın zaman kəsiyində beynəlxalq təhlükəsizlik mexanizmlərinin qorunmasına görə məsuliyyət daşıyan ölkələrin, o cümlədən Fransa kimi ölkələrin qeyri-məsuliyyətli davranışlarının şahidi olmuşuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31