Prezident İlham Əliyevin müsahibələri həmişə səs gətirən olub - ÖZƏL

"Prezident İlham Əliyevin müsahibəsi yenə də yeni bilgilərlə, məlumatlarla zəngindir. Eyni zamanda, cənab Prezident həmişə olduğu kimi olduqca açıq şəkildə danışır və istər Ermənistana, istər onun arxasındakı güclərə, istərsə də bizim bölgəmizlə bağlı beynəlxalq qüvvələrə yetərincə açıq mesajlar verir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Qardaş Türkiyə ilə bağlı suala verilən cavab xüsusi qeyd edilməlidir. Türkiyə hərbi bazalarının Azərbaycanda olub olmaması ilə bağlı, eyni zamanda Ermənistanın işğal dövründə Azərbaycana vurduğu maddi zərərin hesablanması ilə bağlı rəqəmin səsləndirilməsi və s. Bilirsiniz ki, bu rəqəmlə bağlı müxtəlif manipulyasiyalar vardı. Əlbəttə ki, dəqiq olmayan ifadələr işlədilirdi. Artıq cənab Prezident müsahibədə qeyd elədi ki, dörd ildir aparılan araşdırmalar nəticəsində məlum  olub  ki,   Azərbaycana 150 milyard dollardan artıq maddi zərər dəyib. Yəni Ermənistan dövləti əlbəttə ki, bu rəqəmə uyğun təzminat ödəməlidir. Biz düşünürük ki, bundan sonrakı mərhələdə artıq Ermənistan təzminatı necə ödəməsi ilə bağlı bir çıxış yolu təklif etməlidir. İstənilən halda Azərbaycana böyük zərər dəyib və bu, zərər qarşılanmalıdır.
Eləcə də Rusiya ilə münasibətlər haqqında cənab prezident  yetərincə açıq danışdı. Qonşu Gürcüstanda baş verən proseslər və bu proseslərə Qərb dövlətlərinin kobud müdaxilələrinə xüsusi toxundu. Yəni bu müsahibə əslinə qalanda çox adamın cavabını eşitmək istədiyi suallara verilən cavablarla diqqət çəkir. Yəni əminəm ki, şəxsən mən özüm də daxil olmaqla, bir çox insanlar məhz cənab prezidentin dilindən bu cavabları eşitmək istərdi. Ona görə də düşünürəm ki, belə bir müsahibə yerinə düşdü. 
Ümumiyyətlə isə Prezident İlham Əliyevin müsahibələri həmişə səs gətirən olub, yəni kifayət qədər diqqət cəlb edib, uzun-uzun müzakirələr doğurub. İstər Azərbaycanın özündə, istərsə də xaricdə prezidentin müsahibələri geniş şəkildə təhlil edilib. Bu müsahibə də istisna deyil. Dediyim kimi, diqqət çəkən məqamlarla çox zəngindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31