D-8 təşkilatına üzvlük iqtisadi məsələlərlə yanaşı, siyasi əlaqələri də gücləndirə bilər- ÖZƏL
19 Dekabr 2024 15:22 Siyasət"Məlumdur ki, Azərbaycan həm də İslam dünyasının bir parçası olaraq İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. Ölkəmiz islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu oynayır. Bu baxımdan islam ölkələrini özündə birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq istəməyimiz tamamilə başa düşüləndir.
Qeyd edim ki, D-8 Türkiyənin o dövrdəki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1997-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub. Azərbaycan bu quruma üzvlük üçün rəsmi şəkildə müraciət edib və 2017-ci ildə Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində də iştirak edib".
.jpg)
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"D-8 dünya ölkələri içərisində böyük iqtisadi potensiala malik bir təşkilatdır. Məlumatlara görə D-8 üzvü olan ölkələrdə 1,2 milyarda yaxın insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi 3,8 trilyon dollardır. D-8-in əsas məqsədləri üzv ölkələr arasında ticarət həcmlərinin artırılması, sənaye və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi, ticarət və investisiya maneələrinin aradan qaldırılması və davamlı inkişafın təşviqidir. D-8 üzv ölkələrə xarici asılılıqdan daha çox daxili potensiala əsaslanan dayanıqlı iqtisadi sistem qurmaq məqsədini qarşısına qoymuş platforma kimi özünü təqdim edib.
İndiyə qədərki dövr ərzində D-8 mühim nailiyyətlər əldə edib. Məsələn, üzv ölkələr arasında daxili ticarət dövriyyəsi 1997-ci ildəki 15 milyard dollardan 2022-ci ildə 100 milyard dolları keçib. D-8 ölkələrinin dünya iqtisadiyyatına töhfəsi, xüsusilə istehsal, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində artıb.
Ölkəmizin D-8 ölkələrinin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətləri mövcuddur və təbii ki, bu quruma üzvlük mövcud münasibətlərin daha güclənməsinə töhfə verə bilər. Eləcə də, ölkəmiz təşkilatın potensialından qarşılıqlı əməkdaşlıq üçün səmərəli istifadə edəcək. D-8 ölkələri də Azərbaycanın Avropa və Asiyanın qovuşuğunda yerləşməsindən iqtisadi-ticari əməkdaşlıq baxımından daha yaxşı yararlana biləcəklər.
Azərbaycan regionun ən böyük təbii qaz tədarükçülərindən biridir və onun D-8-ə inteqrasiyası iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirə bilər. Bundan əlavə, Azərbaycan güclü aqrar sektora malikdir və pambıq, qoz-fındıq, tərəvəz və meyvə kimi yüksək keyfiyyətli məhsullar ixrac edir. İndoneziya və Malayziya kimi aqrar nəhənglərlə əməkdaşlıq ticarət həcmlərinin artırılması üçün qarşılıqlı faydalı perspektivlər yaradacaq.
Digər tərəfdən D-8 təşkilatına üzvlük iqtisadi məsələlərlə yanaşı, siyasi əlaqələri də gücləndirə bilər. Yəni, təşkilatda təmsil olunan ölkələrlə siyasi əlaqələrimizin daha da genişləndirilməsi üçün bu platforma olduqca faydalıdır. Bu təşkilat üzv ölkələrə beynəlxalq səhnədə fəaliyyətlərini koordinasiya etməyə, müsəlman dünyasının maraqlarını müdafiə etməyə imkan verir".
Zeynəb Rzayeva