İsrailin sabiq naziri Fransa prezidentini sərt tənqid edib
13:58 SiyasətƏgər Fransa prezidenti Emmanuel Makronun Ukraynadan tutmuş İrana kimi, eləcə də digər məsələlərdə apardığı siyasət obyektiv qiymətləndirilərsə Fransanın riyakar siyasətini və Makron hökumətinin gülüş obyektinə çevrilməsini görmək mümkündür.
Diasporla İş üzrə Dövlət Komitəsindən Olaylar-a verilən məlumata görə, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ və beynəlxalq yəhudi diasporunun populyar nəşri "Jewish News Syndicate"də dərc olunmuş "Riyakar mövqe Emmanuel Makronu gülüş obyektinə çevirir" başlıqlı məqaləsində yazıb. Qeyd olunub ki, fransızlar üçün insan haqları öz imperiya maraqlarını genişləndirmək məqsədi daşıyan döyüş fəryadından başqa bir şey deyil. "Bloomberg"in son hesabatına görə, Fransa 2024-cü ildə Rusiyadan rekord miqdarda təbii qaz idxal edib. Bu o deməkdir ki, Makron Paris görüşündə Zelenski və Trampın yanında dayansa da, nəzəri cəhətdən Ukraynanı və Rusiyaya qarşı sanksiyaları dəstəkləsə də, əməldə bunlara riayət etmir. Axı Rusiya qazı Fransa bazarlarından bütün dünyaya satıla bilər və bu, Makronun Rusiya əleyhinə çıxışını kifayət qədər mənasız edir. Fransa bazarındakı reallıq Makronu gülüş obyektinə çevirir.
Həmçinin diqqətə çatdırılıb ki, Fransanın riyakar mövqeyinin başqa bir nümunəsi rəsmi Parisin Tehranla sıx əlaqələridir. Ermənistanın vasitəçiliyi ilə Fransa və İran arasında geniş əməkdaşlıq mövcuddur. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanla Makron arasında keçirilən görüşdə Fransa lideri erməni həmkarına İrana mesajların çatdırılması ilə bağlı müasir üstüörtülü təlimatlar verib.
Sabiq nazir Avropa İttifaqının İrana qarşı daha çox sanksiyalar tətbiq etdiyi halda, Makronun Ermənistan vasitəsilə İranla gizli danışıqlar aparmasını riyakarlıq adlandırıb.
Məqalədə eyni zamanda bildirilib ki, Fransanın İran və Ukraynaya qarşı yürütdüyü siyasət riyakarlığın yeganə nümunəsi deyil. Belə ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin başlanğıcından Fransa özünün ATƏT-in Minsk Qrupundakı bitərəf vasitəçi roluna zidd, qərəzli mövqe nümayiş etdirib. Minsk Qrupu ilə əməkdaşlıq çərçivəsində Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün səylərini əsirgəməyib.
İsrailli siyasətçi yazısında Fransanın Korsika ilə yanaşı, öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən digər dənizaşırı ərazilərə qarşı da müstəmləkəçilik siyasəti apardığını vurğulayıb: "Fransızlar üçün insan haqları onların imperiya maraqlarına xidmət edən vasitədir. Beləliklə, Azərbaycanın Qarabağa haqqı yoxdur, amma fransızların başqa ölkələri müstəmləkə etmək, imperiya təsir dairəsini genişləndirmək hüququ var. Bu riyakar mövqe Makronu gülüş obyektinə çevirən daha bir misaldır".
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jns.org/hypocritical-positions-makes-a-laughingstock-out-of-emmanuel-macron/