Yaxın Şərqin bir nömrəli dövləti qardaş Türkiyədir - ÖZƏL

"Yaxın Şərqin bir nömrəli dövləti qardaş Türkiyədir". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əgər məsələlər bütünlüklə Türkiyəyə buraxılsa, burada nə qanlı qarşıdurmalar, nə də terror olacaq. Yəni Türkiyə 100 illərdir, təbiidir ki, əvvəlki Osmanlı imperiyası, ondan qabaqkı türk imperiyaları, o cümlədən də Azərbaycana dəxli olan imperiyalar indiki Azərbaycanı, bu bölgəni ədalətlə idarə edib. Ona görə də xalqlar arasında qanlı qarşıdurmalar olmayıb. Hamı bərabər görüldüyünə görə də heç bir narazılıq, narahatlıq yaşanmayıb. Təbii ki, müharibələr müəyyən dövrlərdə istisnadır. Amma indiki şəraitdə, özəlliklə də Co Bayden administrasiyasının öz burnunu bizim bölgəmizə soxması, əsas da Yaxın Şərq bölgəsinə, qardaş Türkiyənin sərhədində olan İraqa, Suriyaya, onun öhdəsində Fələstin-İsrail məsələsinə, İordaniyaya, Liviyaya, Livana və s. nəticə etibarı ilə gətirib ona çıxarır ki, illərdir bu bölgədə qan axır. İndi əgər Amerika Birləşmiş Ştatları buradan çəkilərsə, onunla bərabər bəzi Avropa ölkələri də meydandan çəkilərsə, iş qardaş Türkiyəyə tam olaraq buraxılarsa, çox qısa müddətdə o qanlar dayanacaq. Çünki Türkiyə hamıya bir gözlə baxmağı bacarır. Heç kimi milli mənsubiyyətinə, etnik kimliyinə, dininə görə ayrı görmür, hamıya ədalətlə yanaşır. Ona görə də məsələləri həll etməkdə problem yoxdur. Baxın, adi Suriya örnəyi. Uzun illər idi Suriyada bir tərəfdən Rusiya, bir tərəfdən Amerika Birləşmiş Ştatları, bir tərəfdən İran müdaxilə edirdi və bu məsələ də həllini tam olaraq tapa bilmirdi. Nəhayət, qardaş Türkiyə İran və Rusiya ilə üçtərəfli görüş keçirdi. Bu görüşün nəticəsində onları razı sala bildi ki, meydandan çəkilmələri problemin həllinə yol açacaq. Onlar bunu anladılar, çəkildilər və qısa müddətdə, 10 günün içində qardaş Türkiyə məsələni kökündən həll etdi, Bəşər Əsəd başını alıb qaçmalı oldu. İndi Suriyanın böyük bir ərazisində sakitlik və sabitlikdir. Yalnız Amerika Birləşmiş Ştatlarının dəstəklədiyi PKK terrorçularının nəzarətindəki torpaqlar istisnadır. İndi əgər Amerika Birləşmiş Ştatları orada PKK terrorçularını dəstəkləməsə, onlar da qısa müddətdə yox olub gedəcəklər və Suriyanın bütün ərazisində sakitlik və sabitlik bərqərar olunacaq. Yəni demək istədiyim odur ki, Amerika Birləşmiş Ştatları, özəlliklə də indiki Co Bayden administrasiyası bu işlərə burnunu soxmasa, məsələlər çox qısa müddətə, tam da kökündən həll ediləcək və bu işdə baş rolu qardaş Türkiyə oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31