Buna görə sülh prosesi və təhlükəsizlik məsələləri daha da mürəkkəbləşir- ÖZƏL
17 Dekabr 2024 21:47 Siyasət"Niderland səfirinin Azərbaycan-Ermənistan şərti sərhəddinə gəlməsi bir daha Avropanın bəzi ölkələrinin, xüsusən də Fransa və Niderlandın Azərbaycana qarşı qərəzli mövqeyinin bir hissəsi kimi qələmə verilməlidir".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu iki ölkə artıq son bir neçə ildir ki, Azərbaycan münasibətində qərəzli mövqe sərgiləməklə yanaşı, açıq-aşkar ifrat erməni təəssübkeşliyini ortaya qoymuşlar. İstər Parlament, istər hökümət rəsmiləri səviyyəsində Ermənistanın haqsız mövqeyini dəstəkləyən açıqlamalarla yadda qalmışlar. Məhz bu səbəbdəndir ki, Avropa missiyasının şərti sərhəddə göndərməsini dəstəkləyən ölkələr də məhz elə Fransa və Niderland idi. Niderland səfirinin gəlməsindən öncə də Fransa səfiri Avropa Birliyinin Azərbaycan-Ermənistan şərti sərhəddində dırnaqarası patrul xidməti aparan missiyasının qərargahına gəlmişdir. Həmin missiyanın "binokl diplomatiyası"na qoşulmuşdur. Bu missiyanın həyata keçirdiyi "binokl diplomatiya"sı Ermənistan lehinə müəyyən kəşfiyyat məlumatları toplamaqsan başqa bir işə yaramır. Eyni zamanda da Ermənistanın revanşizm və militarizm siyasətini daha da alovlandırır. Bu missiyanın hədəfi sülh deyildir. Əks təqdirdə Aİ Ermənistanı vadar edirdi ki, Ermənistan hazırki sülh danışıqlarında konsultiv mövqe sərgiləsin, qısa zamanda konstitusiyasında dəyişikliklər həyata keçirsin və s. Bunlar baş vermədiyinə görə sülh prosesi və regional sabitlik və təhlükəsizlik məsələləri daha da mürəkkəbləşir".
Zeynəb Rzayeva