Suriya bir barıt çəlləyi idi
7 Dekabr 2024 12:25 SiyasətQonşuya ümid olan şamsız qalar. Bu deyim Suriyanın hazırkı vəziyyətini bütün gerçəkliyi ilə əks etdirir. Suriya bir barıt çəlləyi idi və nisbi sakitlik fonunda nə vaxtsa partlayışın olacağı gözlənilirdi.
Suriyada yaşanan hadisələr son iki ildə regionda baş verən siyasi proseslərlə sıx bağlıdır. Rusiyanın Ukrayna müharibəsinə fokuslanması və İsrailin İran proksilərini demək olar ki, məhv olma həddinə çatdırması Bəşər Əsədin təhlükəsizlik arxitekturasında ciddi boşluqlar yaratdı. Çünki bundan əvvəl hadisələrin kəskin xarakter daşıdığı 2014-cü il və ümumiyyətlə bu dövr ərzində rejim adına qazanılan nailiyyətlərin memarları havada Rusiya Hərbi Hava Qüvvələri, quruda isə İran və Hizbullah idi. Əsəd və ona bağlı qüvvələr sadəcə bir fiqur kimi proseslərdə iştirak edirdi.
Rejimin ordusunu modifikasiya etmək və təşkilatlandırmaq istiqamətində heç bir ciddi fəaliyyət göstərməyi müddət ərzində Türkiyə dəstəkli müxalif qüvvələr, xüsusilə Heyət Təhrir əş-Şam çox ciddi şəkildə hazırlıq prosesi keçdi və nizami ordu səviyyəsinə yüksəldi.
Bir məqamı xüsusi olaraq qeyd edim ki, Suriyada üç hakimiyyətililik olduğu üçün müxalif qüvvələri PKK-nın Suriya uzantısı YPG, PYD qruplaşmaları ilə səhv salmaq olmaz.
Hal hazırda HTŞ çox sürətli şəkildə irəliləyir və Əsəd qüvvələri hər hansı bir ciddi müqavimət göstərə bilmir. Bununla yanaşı Rusiya öz hərbi kontingentini, HHM sistemlərini tədricən ölkədən çıxarır. Bu gedişlə Şamın düşməsi artıq an məsələsidir. Görünür Əsəd proseslərin başladığı dövrdə Moskvaya qaçaraq imdad diləsə də, bunun heç bir nəticəsi olmayıb. Bununla paralel İran xarici işlər naziri Abbas Əraqçının Şama səfəri fonunda Tehran tərfindən Əsədə təskinlik verilməsi belə ciddi bir effekt yaratmadı.
Hadisələrin inkişaf perspektivlərinə nəzər saldıqda Suriyada Baas hakimiyyəti sona çatandan sonra mümkün ssenari kimi yeni dövlətlərin yaranması aktuallaşır.
Hazırda regionun dəyişən siyasi xəritəsi əsasında Kürd və Türkmən dövlətlərinin yaranma ehtimalı yüksəkdir. Çünki Türkmənlər və Kürdlər regionda sayı milyondan çox olub, lakin dövləti olmayan iki etnik qrupdur. Ancaq beynəlxalq müstəvidə göstərilən dəstəyə baxarsaq Kürd dövlətinin qurulma ehtimalı daha yüksəkdir. ABŞ, Böyük Britaniya, İsrail, Fransa, Rusiyanın özü belə Kürd dövlətinin qurulmasında maraqlıdır. Ankara isə bunun əksinə ritorika sərgiləyir və qəbul etmir. Çünki hazırkı İraq Kürdüstan Muxtariyətindən fərqli olaraq qurulması planlaşdırılan yeni bir Kürd dövləti Türkiyə ilə Bərzani rejimi kimi sıx əməkdaşlıq etməyəcək və Ankaranı zəiflətməyə çalışacaq. Ona görə də hazırda rəsmi Ankara Suriyada yaşanan proseslərin ardında duran güc kimi prinsipiallıq nümayiş etdirir və ona qarşı hesablanmış planları pozmağa çalışır. Türkiyə Misaki Milli sərhədləri fonunda ideologiyasını gündəmə gətirir və hesab edirəm ki, günün sonunda üzü gülən tərəf məhz qardaş ölkə olacaq.
Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri