„Gürcüstanda sabitlik bütün region üçün vacibdir“- Rizvan Nəbiyevlə MÜSAHİBƏ

Gürcüstanda baş verən hadisələrdə Qərbin rolunun olması danılmaz faktdır. Artıq bölgədə marağı olan dairələr qonşu dövlətdə müəyyən dərəcədə xaos yarada biliblər. Hazırda Gürcüstanda cərəyan edən siyasi təlatümün necə başa çatacağı ekspertlərin diqqət mərkəzindədir. Regionda baş verən bu və  digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev cavablandırıb. 

-Rizvan müəllim, Gürcüstanda baş verən hadisələri necə dəyərləndirisiniz? Sizcə etiraz aksiyalarının kökündə hansı amillər durur? 

-Gürcüstanda baş verən hadisələrdə katalizator rolu oynayan xarici qüvvələrdir. Onlar bu hadisələrdə öz geosiyasi mövqelərindən çıxış edirlər. Gürcüstanın siyasi dairələri və cəmiyyəti üçün həssas mövzuları alət kimi istifadə edirlər ki, öz maraqlarını təmin etsinlər. Digər məsələ ondan ibarətdir ki, Gürcüstan hökumətinə qarşı müxalifət qüvvələrlə yanaşı, Prezident Salome Zurabaşvili də müxalif mövqedən çıxış edir. "Hakimiyyədaxili müxalif qüvvələr" yeni seçilmiş parlamentin legitimliyini sual altına qoyur, öz tərəfdarlarını ətrafına toplayır, bəzi səfirlər dəstək əlaməti olaraq istefa verir və sair. Deməli, hökumətə qarşı hökumətin daxilindən müxalifətçilik, müxalifətin özü və bunlara kənardan verilən dəstək ortadadır. Həmçinin, Qərb mətbuatının məsələyə yanaşması, hadisələri necə  təsvir etmələri vacib şərtdir ki, bundan sonra Gürcüstanda hadisələr hansı istiqamətə cərəyan edəcək. Əcnəbi ekspertlər 2021-ci il Belarus modeli, yoxsa 2018-ci Ermənistan modeli üzrə hadisələrin inkşaf edəcəyi barədə şərhlər verirlər. Yəni, hazırki hakimiyyət legitimliyini qoruyub saxlayaraq ölkədə asayişi təmin edə biləcək, yoxsa hadisələrin inkişafı meydan hərəkatına gətirib çıxaracaq? 

- Gürcüstanda baş verən hadisələrdə kimin mövqeyi əsaslı sayıla bilər? Sizcə hakimiyyətin arqumentləri əsaslıdır, yoxsa müxalifətin?

-Məsələ orasındadır ki, hər iki tərəf ölkə Konstitusiyasına əsaslanır. Hökumət deyir mənim konstitusion hüququmdur ki, ölkədə ictimai asayişi təmin edim, ona görə də hüquq- mühafizə qüvvələrindən istifadə edirəm. Müxailəfət isə deyir ki, Konstitusiyada əks olunub ki, Avroatlantik məkana inteqrasiya etməliyik. Lakin hökumət bu siyasi xəttdən geri çəkilir, Konstitusiyanın 78-ci maddəsi pozulur, ona görə də meydana çıxırıq. Əgər bu arqumentləri nəzərdən keçirsək görərik ki, sadalanan arqumentlər inandıcı səslənmir. Burada söhbət hansısa qüvvələrin hadisələrdən öz maraqları üçün alət kimi istifadəsindən gedir. 

-Hadisələrdə Qərbin, xüsusən Avropa İttifaqının rolu nə dərəcədədir?

-Avropa İttifaqından məsələlərə münasibət bildirənlərdən biri Gürcüstan-Avropa İttifaqı Parlamentlərarası Komitəsinin sədr müavini Fransadan olan deputat Natali Luazodur. Biz onu hələ 2020-ci ildən bəri Azərbaycana münasibətdə verdiyi qeyri-obyektiv və böhtan xarakterli bəyanatları ilə tanıyırıq. Bu insanın elə bil alın yazısıdır ki, Azərbaycanla, regionla bağlı yalnız xaotikliyə xidmət edən bəyanatlar versin. Onun sonuncu bəyanatlarından biri odur ki, Avropa İttifaqı rəsmiləri Gürcüstana səfər etsin, prezidentlə danışıqlar aparsın. Nəzərə alsaq ki, dekabrın 14-də prezidentin səlahiyyət müddəti başa çatır, artıq bu bəyanat hökumətə qarşı verilmiş növbəti demarşdır. Salome Zurabaşvili isə bəyan edir ki, parlament legitim deyil, yeni prezident seçə bilməz, ona görə yeni parlament formalaşana qədər prezident vəzifəsində qalacaqdır. Sözsüz ki, belə fikirlər ölkədə hadisələrin gərginləşməsinə təsir edir. Məqsəd isə ondan ibarətdir ki, etiraz aksiyalarının müddəti uzansın. Bu isə Gürcüstanda hakim dairələrin marağında olmayan məsələdir. 

-Sizcə, bu hadisələrin arxasında hansı maraqlı qüvvələr dayanır?

-Müəyyən ehtimallar olsa da, burada kimisə barmaqla göstərmək yox, qoyulan tələb və məqsədlərə baxmaq lazımdır. Bu gün Gürcüstandan nə istənilir və maraqlı qüvvələr nəyə nail olmaq istəyirlər? Baş verənlər təkcə Gürcüstan faktoru deyil, buna müəyyən mənada ümumi region çərçivəsində də yanaşmaq lazımdır. Gürcüstana münasibətdə irəli sürülən əsas tələblərdən biri də xarici agentlərlə bağlı qanunun ləğv edilməsi ilə əlaqədardır. Çünki, bu qanun Qərb dairələrinin Gürcüstanda fəaliyyətinin sərbəstliyini məhdudlaşdırır. Hökumət isə tamamilə əks fikirdədir. Hökumət  milli qanunvericiliyə əsaslanaraq ölkəyə kənardan daxil olan maliyyə axınına nəzarəti təmin etmək niyyəti ilə qanunda dəyişiklik etmişdir. 
İnkarolunmaz faktdır ki, bu məsələlərdə təkcə Avropa İttifaqı ilə deyil, həm də region üçün böyük bazar kimi çıxış edən Rusiya Federasiyası ilə münasibətlər məsələsi var. Məlumdur ki, Gürcüstan məhsullarının ixrac olunduğu əsas bazar Rusiya Federasiyasıdır. Gürcüstan Qərbə nə və nə həcmdə ixrac edə bilər? Avropa İttifaqının kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı kifayət qədər sərt məhdudiyyətləri var ki, Gürcüstanın ora böyük həcmdə hansısa məhsulu ixrac etməklə ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəyi real deyil. 

-Bu hadisələrdən sonra Gürcüstanın Avropa İttifaqına inteqrasiyası  mümkün görünürmü?

-Gürcüstanın Avropa İttifaqında qısa və orta müddətdə daxil olması sual doğurur. Avropa İttifaqına daxil olmaq üçün üzvlüyə namizəd dövlət üçün qoyulan çoxsaylı tələblər var ki, onların icrası illər və ciddi resurslar tələb edir. Avropa İttifaqının məlum tələblərinin həlli üçün Şərqi Avropa dövlətləri məhz Brüsselin dəstəyi ilə uzun illər çoxşaxəli islahatlar apardı. Gürcüstan bugünkü resursları ilə qısa müddətə Aİ-yə üzvlüyü həyata keçirmək gücündə deyil. Eyni zamanda, Gürcüstanın bu gün  Aİ-yə üzvlüyü nə dərəcədə prioritet məsələdir, çünki bu ölkənin ərazi bütövlüyü məsələsi var. Regionda yalnız Azərbaycan beynəlxalq hüquqa əsalanaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bundan sonra Gürcüstan hökumətində də müəyyən bir ruh yaranmşdı ki, nələrdənsə bəhrələnib bu istiqamətdə addım atmaq olar. Lakin Gürcüstan cəmiyyətində hazırda xaotik vəziyyət yaranıb. 

-Bəs Gürcüstanda hadisələrin inkişafı regiona nə vəd edir?

- Etiraf edilməlidir ki, bu məsələ narahatedicidir. Əgər hadisələr öz məcrasına düşsə, bunun Azərbaycan və Ermənistan, o cümlədən, Xəzər dənizinin şərq tərəfində olan dövlətlər üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan əhəmiyyətlidir. Çünki Gürcüstan dünya bazarına açıq bir pəncərədir. Məlumdur ki, birbaşa dənizə çıxışı olmayan 43 dövlət arasında dörd Mərkəzi Asiya dövlətləri ilə yanaşı, Qazaxıstan, Azərbaycan və Ermənistan da var. Bu dövlətlərin Gürcüstan üzərindən açıq dənizə və dünya bazarına çıxışı mümkündür. Deməli, Gürcüstanın malik olduğu coğrafiya mövqe strateji əhəmiyyətli hesab olunur. Həmçinin, kommunikasiya-nəqliyyat məsələləri var ki, bizim neft və qazımız Avropa və dünya bazarlarına Gürcüstan üzərindən nəql edilir.  Biz bununla kifayətlənməyərək elan etmişik ki, Şərqi Avropaya Gürcüstan üzərindən həm də "yaşıl enerji" ixrac edəcəyik. Gürcüstanda Azərbaycanın iqtisadi maraqları da var. SOCAR orada iri vergi ödəyicisidir. Azərbaycan Gürcüstanın təkcə milli enerji təhlükəsizliyinin təminində deyil, ümumilikdə dövlətçiliyinin inkişafında mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm komponentidir. Bundan başqa, Gürcüstanda çoxsaylı soydaşlarımız yaşayır. Deməli, hansı tərəfdən yanaşsaq, Gürcüstada sabitliyin qorunması, stabil inkişaf və rifah bizim üçün vacibdir. 

-Baş verənlərin Ermənistan-Azərbaycan münasibətlərinə təsiri nədən ibarət ola bilər?

- Ermənistanın sürətlə silahlandırılmasına artıq Yunanıstan da qoşulub, Fransa və Hindistandan da silahlar gəlir. Ermənistanda da hadisələrin nəzarətdən çıxmaq təhlükəsi hələ ki, potensial olaraq qalır. Gürcüstanda hadisələrin belə dramatik inkişaf etməsi region üçün narahatlıq yaradır. Azərbaycan regionda sabitliyin tərəfdarıdır. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin uğurlu hərbi və siyasi-dipomatik strategiyası nəticəsində ölkəmizdə sabitlik möhkəm təməl üzərində qurulub. 2023-ci ildə beynəlxalq hüquqa uyğun olaraq dövlət suverenliyimizin tam bərpasından sonra regionda unikal şərait yaranıb ki, Cənubi Qafqazda sülh və sabitlik, regional inteqrasiya üçün davamlı addımlar atılsın, əhalinin rifahı üçün iqtisadi layihələr genişləndirilsin. Bundan bəhrələnən həmçinin bizim qonşularımız olacaq. Deməli, həm geoiqtisadi, həm də geosiyasi baxımdan Gürcüstandakı sabitlik bizim üçün vacibdir. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31