COP29-da qəbul edilən qərarlar əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək - Tacikistan Nümayəndələr Palatasının sədri

İqlimin mühafizəsi aktual problemlərdən biridir. Birgə mübarizə olmadan onların həlli mümkün deyil. Qlobal istiləşmənin şahidi oluruq. Bu çağırışlar müxtəlif ölkələrdə, o cümlədən Tacikistanda dayanıqlı inkişafa nail olmaqda ciddi problemlər yaradır.

Olaylar xəbər verir ki, bunu Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə COP29 çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil edilən Parlament görüşünün tərkib hissəsi olan "Zəminin hazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyasında deyib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

O, BMT-nin qərarlarını su və iqlim məsələlərinin həllində önəmli hesab etdiklərini bildirib: "İnanıram ki, bugünkü yüksək səviyyəli Parlament Görüşünün iştirakçıları da bu işdən kənarda qalmayacaq. Bununla bağlı birgə səylər göstəriləcək. Təcili praktik tədbirlər görməliyik, bərpaolunan enerjidən istifadə və yaşıl enerjiyə keçid etməliyik. Bəzi ölkələrdə bunun üçün resurslar çox böyükdür. Bərpaolunan enerji mənbələrindən istifadə yaşıl iqtisadiyyatın inkişafına yaxşı təsir göstərəcək".

Məhmədtair Zokirzadə əlavə edib ki, COP29-da qəbul edilən qərarlar milli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31