Azərbaycanın böyük beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəsi var - ÖZƏL
14 Noyabr 15:50 Siyasət"200 ölkənin qərarı ilə COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi birinci növbədə ölkəmizə olan etimadın göstəricisidir. Çünki Azərbaycanın həm belə böyük beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəsi var, digər tərəfdən də ölkənin iqtisadi, maliyyə imkanları və potensialı buna şərait yaradır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Onu da deyim ki, Azərbaycanın artıq ənənəvi enerjidən alternativ bərpa olunan enerji resurslarına keçid sahəsində də başqa ölkələrlə müqayisədə həm təcrübəsi, həm də artıq iradəsi var. Dünya dövlətləri bilirlər ki, Azərbaycan artıq illərdir bu sahədə siyasət aparır. Yəni, ənənəvi enerjidən, neftdən, qazdan əldə olunan vəsaitin artıq mühüm bir hissəsi illərdir alternativ enerji mənbələrinin yaradılmasına yönəldilir. Dünyada yaxşı görürlər ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin yaradılmasına əhəmiyyətli dərəcədə investisiya yatırmaq siyasətini artıq sistemləşdirib, bu yöndə iradəvi və həmişəlik seçilmiş siyasət aparır. Buna görə də dünya ölkələri COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsinin hər hansı bir risk ehtimalı ilə üzləşməyəcəyini bilirlər. Yəni bilirlər ki, həm Azərbaycanın bu sahədə iradəsi var, həm təcrübəsi var, həm də belə tədbirin keçirilib keçirilməməsindən asılı olmayaraq, Azərbaycan ənənəvi enerji mənbələrindən əldə olunan gəlirin artıq alternativ enerjinin yaradılmasına, transfer olunmasına köklənib, bu istiqamətdə heç nədən asılı olmayan siyasət aparır. Ona görə də COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi 200 ölkənin həm Azərbaycanın etimadı, həm də ağıllı bir qərarıdır".