Bişkekdə bir daha sübut olundu ki, Müzəffər Liderimiz müasir siyasətin bilicilərindən biridir- ÖZƏL

"Cənab Prezident İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirakı, ümumiyyətlə görüş zamanı qaldırılan məsələlər, müzakirə edilən mövzular həm bu siyasi təsisatın inkişafının gələcək konturlarının dəqiqləşdirilməsi, həm də dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə onu vurğulayaq ki, COP29 tədbirinə sayılı günlər, hətta saatlar qalıb. Bu baxımdan Qırğızıstanda bütün görüşlər zamanı COP29 konfransına diqqət çəkilməsi, hər cür dəstəkdən bəhs edilməsi xüsusi əhəmiyyət kəsb edən amil idi. İstər dövlət başçılarının, istərsə də xarici işlər nazirlərinin görüşü zamanı COP29-un ən yüksək səviyyədə keçirilməsinə ifadə edilən dəstək, məhz bu amilin özü Azərbaycana olan rəğbətdən, onun Liderinə olan  hörmətdən xəbər verir". 

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Dövlət başçımızın da vurğuladığı kimi məhz belə proseslər zamanı aktorların Azərbaycana olan münasibəti daha da dəqiqləşir. Bu münasibəti dəqiqləşdirən daha bir mühüm məsələ Qarabağın dirçəldilməsi prosesinə sərgilənən mövqe, göstərilən əməli dəstəkdir. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan kimi dövlətlərin bu işdə atdığı addımlar Azərbaycan dövləti qədər, xalqımız, cəmiyyətimiz tərəfindən də təqdir olunur. Şübhəsiz ki, ortaq türk əlifbasının yaradılması da biləyimizi gücləndirəcək. Qürurverici məqam odur ki, Naxçıvan Sazişi, Qarabağ Bəyannaməsi, Şuşada qeyri-rəsmi Zirvə görüşü, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın da dəvəti kimi əlamətdar hadisələr Azərbaycanın adı ilə bağlıdır. 
Diqqətçəkən xüsusi məqamlardan biri də odur ki, sözügedən təsisat çərçivəsində hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq daha da genişlənib. Deməli, ümumi, mövcud təhdidlərə qarşı mübarizə bu amili şərtləndirib. Burada onu da vurğulamaq yerinə düşür ki, Müzəffər Liderimiz son iki ildə Qırğız Respublikasına üçüncü səfərini reallaşdırır, deməli TDT çərçivəsində olduğu qədər ikitərəfli qaydada da Qırğızıstan və Azərbaycan münasibətləri ürəkaçan səviyyədədir. Buraya iki dövlət başçısı arasında olan münasibətləri də əlavə etməliyik. Azərbaycan Liderinin proaktiv diplomatiyası qədər cəsarətli, düşünülmüş təşəbbüsləri hər zaman öz sözünü deyir. TDT-nin Şuşa sammitində Azərbaycan Prezidenti Orta Dəhlizdən səmərəli istifadə üçün xüsusi nümayəndə təyin etməyi təklif etmişdi. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bişkekdə bu məsələni bir daha xatırladaraq bu rolda Türkiyə Respublikasının namizədliyini irəli sürməyə hazır olduğunu bildirdi ki, sözügedən dəhlizin reallaşdırılmasının mövcud dönəmində bu son dərəcə mühüm məsələdir. Azərbaycan Lideri mədəniyyətin inkişafına hər zaman böyük dəstən verən, yaşlı nəslə hörmətlə yanaşan və bunun əhəmiyyətini xüsusi qeyd edən siyasi xadimdir. Bu baxımdan birinci amili əsas tutaraq xüsusi önəm daşıyan məsələ odur ki, Ümummilli Liderimiz Heydər Əliyevin  "Türk dünyasının fəxri" adlandırdığı, qırğız xalqının böyük oğlu, dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun oğlu tərəfindən Müzəffər Liderimizə  "Çingiz Aytmatov" ordeni təqdim olundu. Necə ki, haqlı olaraq Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü adlandırıldı, əlavə olaraq biz də böyük qürur və fəxarət hissi ilə deyirik ki, dövlət başçımız sadəcə səngərlərin, döyüş meydanının Müzəffər Lideri deyil, həm də  175 milyon əhaliyə və 1,2 trilyon dollar səviyyəsində ticarət imkanlarına malik böyük bir coğrafiyanı əhatə edən qədim etnosun ən parlaq şəxsiyyətlərindən, müasir siyasətin bilicilərindən biridir. Yaşlı nəslə hörmət kimi ikinci arqument isə Azərbaycanın Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi ayırmasında öz əsasını tapır. Bütövlükdə, dövlət başçımız milli maraqlarımızın realizəsi istiqamətində ardıcıl addımlar atmaqda davam edir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31