Türk Dövlətləri Təşkilatı artıq gələcək əməkdaşlığın mühüm istiqamətlərini müəyyən edib - ÖZƏL
7 Noyabr 2024 17:41 Siyasət"Türk Dövlətləri Təşkilatının zirvəsi 15 illik yolun bir yekunu kimi dəyərləndirilə bilər".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Əvvəlki sammitlərdən fərqli olaraq, bu dəfəki Bişkek sammitində də mühüm qərarlar qəbul olundu. Xüsusilə də, Türk Dövlətləri Təşkilatının vahid büdcəsinin daha da gücləndirilməsi və onun qarşısında duran vəzifələrin icrasına imkan verən həddə çatdırılması bir istiqamət kimi götürüldü. Çox yaxşı haldır ki, Türk Dövlətləri Təşkilatı artıq öz aralarında iqtisadi, siyasi, mədəni, biznes və s. sahələrdə gələcək əməkdaşlığın mühüm istiqamətlərini müəyyən edib. Elə istiqamətlərdir ki, bunların həyata keçirilməsi Türk Dövlətləri Təşkilatının həqiqətən Avrasiyada qüdrətli bir təşkilata çevrilməsini şərtləndirə bilər. Çox önəmlidir ki, bu son sammitdə Türk Sülh Partiyası deyilən sənəd imzalandı, hansı ki, türk dövlətlərinin həm sülh və təhlükəsizliyi üçün önəmli rol oynayacaq, həm də bu təşkilatın bütün dünyadakı niyyətinin, məramının bir daha bəyan olunması nöqteyi nəzərindən əhəmiyyətlidir.
Türk Dövlətləri Təşkilatı XXİ əsrin təşkilatıdır. Amma çox qısa bir müddətdə onun artıq 15 sammit keçirməsi və bütün Avrasiyada güclü bir təşkilata çevrilməsi üçün dinamik inkişaf yolu keçməsi onun böyük gələcəyindən xəbər verir. Yəqin ki, müəyyən bir müddətdən sonra Türk Dövlətləri Təşkilatı artıq qlobal məsələlərin də həllində sadəcə bəyanatlarla yox, əməli, işi, hərbi, diplomatik, siyasi gücü ilə iştirak etmək həddinə gəlib çatacaq. Türk Dövlətləri Təşkilatı bir regional təşkilat olsa da, onun qlobal təşkilata çevrilməsi yollarını görürəm. Çünki onun artıq fəaliyyət istiqamətlərinin əsası müəyyənləşdirilib. Bunlar iqtisadi, təhlükəsizlik və strateji yollardır. Bu yolların hər üçündə bizim uğurlarımız təbii ki, önəmli olacaq".