COP29 Azərbaycanın "yaşıl artım" ölkəsi kimi inkişafının təqdimatı olacaq
12:40 SiyasətBakı növbəti mötəbər beynəlxalq tədbir ərəfəsindədir. Cəmi bir neçə gündən sonra paytaxımızda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayacaq. COP29 dünyanın diqqətini iqlim problemləmlərinə yönəltməklə yanaşı, Azərbaycanın növbəti qlobal səviyyəli təqdimatına çevriləcək.
Bakı beynəlxalq tədbirlər mərkəzidir
Öncə onu qeyd edim ki, Bakı uzun illərdir ki, beynəlxalq tədbirlərin əsas ünvanlarından biri kimi tanınır. Belə ki, Azərbaycanın inkişafı və nümunəvi siyasi-ictimai sabitliyə malik olması, cəmiyyətimizdə multikultural və tolerant dəyərlərin hökm sürməsi respublikamızı beynəlxalq ictimaiyyət üçün daha da cəlbedici edir. Elə buna görə Bakı indiyə qədər dünyanın diqqətlə izlədiyi mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib və etməkdədir. "Avroviziya" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, VI İslam Həmrəyliyi Oyunları və hazırda Bakıda keçirilməsi davam edən "Formula-1" kimi kütləvi tədbirlərdə dünya həm də Azərbaycanın nümunəvi evsahibliyinə şahidlik edib.
Çoxsaylı dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, tanınmış siyasi xadimlərin iştirakı ilə keçirilən Qlobal Bakı Forumu isə artıq ənənə halını alıb. 2024-cü ilin mart ayında Bakı artıq bu qəbildən olan XI foruma evsahibliyi edib.
Paytaxtımız ənənə halını alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da keçirildiyi ünvandır. Bu Forum Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsidir. "Bakı Prosesi" bütün dünyada mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul olunur.
Bu tədbirlər ondan xəbər verir ki, Azərbaycan həm də aktual qlobal problemlərin həllində fəal iştirak edən dövlətdir. Ölkəmizdə keçirilən bu tədbirlər dünya sülhə və təhlükəsizliyə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir.
Respublikamızın mühüm beynəlxalq uğuru
Qarşıdan isə COP29 gəlir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərar respublikamızın mühüm siyasi beynəlxalq uğurudur. Bu, Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, Azərbaycana olan hörmətin əlamətidir: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik".
Qlobal problemlərin həllində daim fəallıq nümayiş etdirən Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına da qoşulmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfələrini verir. Ən mühümü odur ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizədə xüsusilə fəal iştirak edən dövlətlər sırasında yer alır. Bunu Azərbaycanın qarşıya qoyduğu hədəflər də təsdiq edir. Belə ki, respublikamız 1990-cı illə müqayisədə 2030-cu ilə qədər atmosferə buraxılan istixana qazlarının miqdarının 35 faiz azaldılmasını qarşıya vəzifə qoyub. 2030-cu ildən sonra isə daha böyük hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Bu məqsədlər respublikamızda müxtəlif sferalarda həyata keçirilən tədbirlər nəticəsində reallaşacaq. Məsələn, Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi qarşıya qoyulan vəzifələrdir. Bütün bunlar istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə Azərbaycanın mühüm töhfələri olacaq.
Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin öncüllərindəndir
Qeyd edilən vəzifələrin yerinə yetirilməsi hazırda bir neçə istiqamətdə özünü göstərir. Bunlardan biri təmiz enerji mənbələrindən istifadə məqsədilə alternativ və bərpaolunan enerji istehsalının inkişaf etdirilməsidir. Azərbaycanda yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Eyni zamanda respublikamızda "yaşıl hidrogen" istehsalı potnesialı kifayət qədər böyükdür və torpaqlarımızın işğaldan azad edilməsi bu imkanı daha da artırıb.
Son illərdə alternativ və bərpaolunan enerji istehsalının inkişaf etdirilməsi sahəsində həyata keçirilən layihələr Azərbaycanda "yaşıl enerji"yə keçidin sürətli və dinamik olduğunu göstərir. Belə ki, ötən il 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Xızıda 240 meqavat gücündə Külək Elektrik Stansiyasının inşasının davam etdirilməsi, Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının inşasının planlaşdırılması təsdiq edir ki, Azərbaycanda "yaşıl enerji"yə keçidlə bağlı təşəbbüslər sürətlə reallaşır.
Qarabağ və Şərqi Zəngəzur isə "yaşıl enerji" zonaları elan edilib. İndiyədək işğaldan azad edimiş ərazilərdə 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara verilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisiinə tələbatı tamamilə "yaşıl enerji" hesabına təmin olunur.
Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 14,4 faiz təşkil edir. 2027-ci ildə isə elektrik enerjisinin istehsal gücündə "yaşıl enerji"nin payının 33 faizə çatdırılması gözlənilir.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdəki şəhər və kəndlərimizin bərpasında tətbiq edilən standartlar, iqtisadiyyatda ekoloji təmiz texnologiyaların tətbiqinin təşviq olunması, elektrik mühərrikli avtomobillərinin ixracının stimullaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliklə görülən işlər göstərir ki, Azərbaycan "yaşıl artım" ölkəsi kimi inkişaf edir. Bütün bunlar isə Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədəki praktik iştirakından xəbər verir.
Bu baxımdan COP29 həm də Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi töhfələrin, "yaşıl artım" ölkəsi kimi inkişafının təqdimatı olacaq. Dünya Azərbaycanın bu mübarizənin öncüllərindən biri olduğunu görəcək. Bunlarla yanaşı COP29 respublikamız üçün "yaşıl enerji"yə keçid sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı