Natiq Qasımov- mərdlik və cəsurluq simvolu
13:04 SiyasətBu günlər bizim hər birimiz Qalib Ölkənin Qalib Vətəndaşı olaraq 44 günlük Vətən müharibəsindəki Böyük Qələbədən sonra qürur içində yaşayırıq. 30 il bu möhtəşəm qələbəyə hazırlaşdıq. İqtisadi, hərbi, mənəvi. Bu illər ərzində çox şeylər əldə etdik. Ancaq itkilərimiz də çox oldu. Ən böyük itkilərimiz isə soydaşlarımız idi. Görünür, bu da bir qanunauyğunluqdur ki, nəsə itirməsən, nə isə əldə etmək olmur.
... Müharibə təzə qurtarıb. Sonuncu döyüşdən-Xankəndi şəhərində və Qarabağda məskən salmış erməni separatçılarına qarşı keçirilmiş antiterror əməliyyatından cəmi bir il keçir...Və bizim də bir fərd olaraq ən müqəddəs borcumuz şəhidlərimizi unutmamaq, onları qəlbimizdə, içimizdə, fəaliyyətimizdə, əməllərimizdə yaşatmaqdan ibarət olmalıdır. Əslində şəhidlərimizin hər biri, hər bir qazimiz, Vətən uğrunda döyüşmüş hər bir Azərbaycan vətəndaşı bir qəhrəmandır. Onlar son iki yüz ilin ən böyük qəhrəmanlığını 44 günlük Vətən müharibəsində parlaq şəkildə nümayiş etdirib.
Zaman keçəcək, şəhidlərimizin, qazilərimizin hər biri haqqında, onların misilsiz qəhrəmanlığı və şücaəti haqqında yeni-yeni əsərlər meydana gələcək. Gələcək nəsillər hələ isti olan yaraları araşdırdıqca , döyüş meydanındakı sirlər açıldıqca, erməni vəhşilərinin törətdikləri faciələr öyrənildikcə şəhidlərimizin yeni- yeni qəhrəmanlıqları üzə çıxacaq. Hələliksə bu günədək rəsmi dövlət sənədi - Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adını almış 295 döyüşçümüz vardır. Onların sayının və statistikasının artacağına tam əminəm...
Bu yazının qəhrəmanı isə Azərbaycanın sonuncu Milli Qəhrəmanı Natiq Qasımovdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanın hələlik sonuncu Milli Qəhrəmanı adını almış Natiq Qasımov. İndi ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında az adam tapılar ki, Natiq Qasımovu tanımasın... Natiq Qasımovu yaddaşlara köçürən təkcə Prezident Sərəncamı deyil, həm də onun göstərdiyi misilsiz qəhrəmanlıqdır. Bununla belə Natiq bu misilsiz qəhrəmanlığı ona Milli Qəhrəman adı veriləndən 32 il əvvəl göstərmişdi...
Mənim qənaətimcə, Qəhrəmanlar qəhrəmanlığı qəhrəman olmaq üçün göstərmirlər. Qəhrəmanlar heç anadan da qəhrəman doğulmurlar. Onlar qəhrəmanlıqlarını, qəhrəman olmaq xatirinə, qəhrəman adı almaq məqsədilə də etmirlər. Natiq Qasımov kimi. Bəs nə idi Natiqi bu misilsiz qəhrəmanlığı göstərməyə sövq edən? Düşünürəm ki, qəhrəmanlıq Natiqin xislətində idi. Ona qəhrəmanlığını nümayiş etdirmək üçün situasiya yetişməliymiş, yəqin. Nə idi Natiq Qasımovun qəhrəmanlıq fəlsəfəsinin kökündə duran məqamlar? Mən çalışacam ki, bu yazıda onun qəhrəmanlıq fəlsəfəsinin ayrı -ayrı detallarını izah edə bilim.
Əslən Gədəbəyin Kiçik Qaramurad kəndindən olan Natiq Səlim oğlu Qasımov ailəsi ilə birgə Mingəçevir şəhərinə köçəndə hələ orta məktəbdə oxuyurdu. Məktəbin 8-ci sinfini və Mingəçevirdki texniki peşə məktəbini bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, "Kosmos" kinoteatrında kinomexanik işləmişdi. Sonra o zamankı Sovet Ordusu sıralarında, Rusiyada Daxili Qoşunlarda hərbi xidmət etmiş, 1991-ci ildə ordudan tərxis olunduqdan sonra Mingəçevirə qayıdaraq əmək fəaliyyətini davam etdirmişdi.
1992-ci ildə müharibə başlayanda könüllü olaraq ağdamlı Yaqub Rzayevin "Qarabağ Şahinləri" könüllü batalyonuna qoşularaq Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak etmiş və bununla da ən azı Vətən qarşısında bir vicdan borcunu yerinə yetirmişdi. Yəni Natiq də bir çoxu kimi təkrar cəbhəyə getməyə bilərdi. Lakin Xocalıda baş verən faciə Natiqi yerindən oynatdı. "Xocalı faciəsindən sonra özünə yer tapa bilmirdi. Natiq anama bir məktub yazıb cəbhəyə yollanmışdı. Cəbhədən də evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm". (Qardaşı Nöfəl Qasımovun müsahibələrindən). Natiq Qasımovun qısa, lakin zamana sığmayan qəhrəmanlıq hekayəti beləcə başlayır.
... 1992-ci ilin martında "Qarabağ şahinləri" batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Pirlər (Xramort) kəndi yaxınlığındakı strateji əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. O zaman həmin yüksəklik Ağdamın təminat yolunu nəzarətdə saxlamağa imkan verirdi. Ona görə də dəstə elə oradakı qədim alban kilsəsində məskunlaşır. Ermənilər bir neçə dəfə həmin mövqeyi ələ keçirməyə cəhd ediblər. Döyüşlərdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü isə geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumları ilə yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən qədim alban məbədində təkbaşına mübarizəni davam etdirib. 5 gün təkbaşına ermənilərə yüksəkliyi ələ keçirməyə imkan vermir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən istifadə edirlər. O zaman Xocalı sakini, məktəb direktoru işləmiş Cəfər müəllimi Xocalı girovlarının saxlanıldığı yerdən gətirib kilsəyə göndərirlər. Natiqə Cəfər müəllim vasitəsilə ermənilərin şərtini çatdırırlar ki, əgər kilsədəkilər təslim olmasalar, 22 nəfər girov götürülmüş Xocalı sakinini güllələyəcəklər. Cəfər müəllim Natiqdən niyə qaçmadığını soruşub. Natiq ona deyib ki, komandirə söz verib, bayrağı və postu qoyub gedə bilməz, sona qədər vuruşacaq. O zaman 2 gülləsi qalıbmış. Cəfər müəllimə deyib ki, 20-dən çox əsirin güllələnməsinə razı ola bilməz. Kilsədən çıxıb, əlində bayraq və silahla ermənilərə tərəf addımlayıb. Güllənin birini də atıb, ermənilərə tərəf bağırıb onları yanına çağırıb. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, yanında Cəfər müəllimi görüb Natiqin üstünə tökülüşürlər. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirlər. Kilsəni aramsız avtomat atəşinə tutublar. Heç kimin olmadığını görəndə daha da qəzəbləniblər. Natiq əlində üçrəngli bayrağımız erməni terrorçularının arasında irəliləyərkən orada italyan jurnalist də olub. Natiqin əlində bayraq fotosunu da həmin jurnalist çəkib".
Hələliksə Natiqin erməniləri mat qoyan, onları özündən çıxaran və mənliyini lərzəyə gətirən bu qəhrəmanlığından Cəfər müəllimdən, erməni "boyevik"lərindən, "Oqonyok" jurnalının xüsusi müxbiri Konstantin Smirnov və dünyaca məşhur italyan fotoqrafı Enriko Serzinidən başqa heç kimin məlumatı yoxdur. Bir neçə gün keçəcək, İtalyan fotoqrafın Natiqin misilsiz qəhrəmanlığının sübutu olan gördüyünüz şəkil "Oqonyok" jurnalının 1992-ci il aprel nömrəsində (№14-15) dərc edildikdən sonra, onun qəhrəmanlığından mingəçevirlilərin də, ailəsinin də xəbəri olacaqdı. Həmin şəklin təqdimatında Konstantin Smirnov aşağıdakı sözləri yazmışdı. Ürək parçalayan həmin mətni kiçik ixtisarla təqdim edirəm.
"...Tezliklə biz Stepanakertdən Əsgərana tərəf yola düşdük. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin yolda silahlı saqqallılarla-boyeviklərlə dolu BTR-ə rast gəldiyimiz üçün Əsgərana gedib çıxa bilmədik, şübhəsiz, buradakı dəstənin yaraqlıları "iş dalınca" gedirdilər. Alınan məlumata görə, bir neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları kənddən sıxışdırıb çıxartsalar da qədim Qriqorian(Alban R.G.) kilsəsində azərbaycanlıların milli ordusunun bir qrup "boyeviki" qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə nə qədər azərbaycanlıların qaldığı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər itirmişdi və müxtəlif vasitələr - gözyaşardıcı qazdan qumbaralaradək əl atsalar da, məqsədlərinə nail ola bilməmişdilər. Təbii ki, biz də onların izi ilə hərəkət edirdik.
Təəssüf, biz hadisə yerinə çata bilmədik, maşınımız dağın yamacındakı yaş torpaqda ilişib qaldı və BTR gözümüzdən itdi. Buna baxmayaraq bu hadisə hamı üçün aydın olsun deyə bildirirəm ki, nə həmin gün, nə də sonrakı gün erməni boyeviklərinə kilsəni ələ keçirmək müyəssər olmadı. Yalnız üçüncü cəhddə onlar məbəddə sağ qalmış yeganə döyüşçü ilə danışıqlar apararaq, onu təslim olmağa və qədim qəbirstanlıqla birlikdə məbədi qaytarmağa müvəffəq oldular. Bu tüstüdən sifəti qaralmış və qarsımış, beş gün ac-susuz döyüşmüş, başının üstündə yaşıl (üçrəngli R.G.) bayraqla silahlanmış yeniyetmə bir oğlan idi. Bax, budur, erməni boyeviklərinin əhatəsində bayrağı aparan həmin oğlan. Diqqət yetirin onun simasına, görün onun od saçan gözlərində nə qədər həyəcan, qorxu və nifrət var, onu hara aparırlar, onunla nə edəcəklər?. Onu artıq həlak olmuş döyüşçü yoldaşlarının meyitlərinin arası ilə harasa aparırıdılar. Aşağıda, dağın altında, uzaqlarda isə onun vətəni Azərbaycan görünürdü."
Kifayət qədər ciddi və dəqiq məlumat idi, "Oqonyok"un yazdığı məlumat. Qardaşı Nofəl Qasımov dərhal Natiqin axtarışlarına başladı. 1992-ci ilin martında Natiq təslim olandan bir neçə gün sonra Cəfər müəllimi 21 nəfər Xocalı sakini ilə birlikdə dəyişdirdilər.Cəfər müəllim Mingəçevirdə məskunlaşmışdı. Natiqi son dəfə görən azərbaycanlı idi. Nofəl bir neçə dəfə onunla görüşdü. Hadisənin təfərrüatını bütünlüklə öyrəndi. Cəfər müəllim Natiqin sonrakı taleyindən xəbərsiz idi. Nöfəl Qasımov hadisənin şahidi Konstantin Smirnovla əlaqə yaratmağa çalışır, Gürcüstan vasitəsilə Natiqin yerini öyrənməyə cəhd edir. Ağdamın özünümüdafiə dəstəsinin komandirlərindən biri, Milli Qəhrəman Allahverdi Bağırovla görüşür.(O vaxt əsirləri onlar dəyişirdilər). Allahverdi Bağırov deyib ki, Vitali Balasanyanla görüşüb, o da deyib ki, Natiq bizim nə qədər əsgərimizi öldürüb, biz onu yandırmışıq. Nofəl deyilənlərə inanmır və Natiqin axtarışlarını yorulmadan davam etdirir, lakin bütün bu cəhdlər heç bir nəticə vermir.
Natiqin qəhrəmanlığı haqqında məlumatlar yavaş-yavaş ölkəyə yayılmağa başladı. Yaradıcı insanlar onun qeyri -adi qəhrəmanlığı haqqında şeirlər, poemalar yazmağa başladılar. Natiq Qasımov haqqında ilk dəfə məqaləni 1992-ci ildə, o itkin düşəndə, anası Dursun xanımla və atası Səlim kişiylə görüşəndən sonra yazıçı-jurnalist Mənsurə Eldar Xələfbəyli, ilk iri həcmli əsəri-poemanı isə mingəçevirli yazar, şair-publisist Alim Dərələyəzli yazmışdı. "Qeyrət Qalası" adlanan həmin poema "Mingəçevir şahinləri" və "Qeyrət qalası" kitablarında yer almışdı. Natqin Milli Qəhrəman adına gedən yolu da uzun çəkdi. Bu illər ərzində onun misilsiz qəhrəmanlığı haqqında onlarca müsahibələr verildi, məqalələr, şeirlər yazıldı. Natiq Qasımov haqqında ilk ekran əsəri -"Natiq Qasımov" sənədli filmi 2016-cı ildə çəkilmişdi. Kifayət qədər mükəmməl ekran əsəri olan bu filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüsseri Emil İbrahimov, prodüsseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib, 24 fevral 2017-ci ildə təqdimatı keçirilmişdir. Mən Natiq Qasımovu öz yaradıcılıqlarında tərənnüm etmiş, mərhum xalq şairimiz Fikrət Qoca, mingəçevirli şair Ayaz Məmmədov, onun haqqında məqalələr, yazılar hazırlamış "Musavat"qəzetinin əməkdaşı E.Məmmədəliyev, jurnalistlər Zaira Akifqızı, Naibə Qurbanova və Natiqin qəhrəmanlığını öz yaradıcılığında qələmə almış, onun haqqında müəyyən bilgilər vermiş, adını bilmədiyim müəlliflərin hər birinə bir vətəndaş, bir oxucu olaraq dərin təşəkkürümü bildirirəm. Sözsüz ki, onların yazıları, yaratdıqları Natiqin qəhrəmanlığının gündəmdə saxlanılmasında müəyyən rol oynamışdır. Lakin bir təsadüf Natiqin qəhrəmanlığının yenidən gündəmə gəlməsində, sözün əsil mənasında gündəmi zəbt etməsində mühüm rol oynadı və mən bu yazıda onu qeyd etməyə bilmərəm.
... 2022-ci il fevralın 28-də Xocalı Soyqırımının 30 illiyini böyük kədərlə qeyd etdiyimiz günlərdə, bu acı tarixlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Böyük Britaniyanın "Broken Bot Media"studiyasının və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə "Broken Bot Media Ltd" studiyasının istehsal etdiyi "Oğul" filminin təqdimat mərasimi keçirildi. Ssenari müəllifi və rejissoru Karan Singh olan filmin əsas süjet xətti 1992-ci ildə Qarabağ müharibəsi zamanı məcburi olaraq ermənilərə təslim olmuş bir OĞULUN- Natiq Qasımovun ailəsinin ağrı və əzablarından, böyük kədərindən, həqiqət axtarışlarından bəhs edir. Təsəvvür edin Karan Sinqh Vyetnam müharibəsindən film çəkmək üçün bir vaxtlar Vyetnam müharibəsinin canlı şahidi olmuş, dünyaca məşhur, arxivində dünyada baş verən müharibə və münaqişələri özündə əks etdirən ən nadir fotoarxivə malik italiyalı fotoqraf Enriko Sarsinin ilə görüşür. O isə Karan Sinqhə Natiq Qasımovla bağlı film çəkməyi tövsiyyə edir. Beləcə əfsanəvi qəhrəman Natiq Qasımovun ürəkləri riqqətə gətirən qəhrəmanlığından bəhs edən"Oğul" filmi yaranır...
2023-cü ilin 17 oktyabrında ölkə ictimaiyyətinin nümayəndələrinin, görkəmli sənət adamlarının, millət vəkillərinin, hökumət yetkilərinin iştirakı ilə filmin təkrar təqdimatı keçirildi. Təqdimatda həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanın Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva iştirak edirdi. Filmin təqdimatından öncə jurnalistlərin və tamaşaçıların suallarını cavablandıran filmin rejissoru və ssenari müəllifi Karan Sinqh bildirdi ki, film italiyalı hərbi fotoreportyor Enriko Sarsininin 1992-ci ildə Qarabağda çəkilmiş fotoları əsasında ekranlaşdırılıb: "Mən Enriko ilə ilk dəfə görüşəndə onun Vyetnamla bağlı şəkilləri haqqında danışmaq istəyirdim. Amma daha sonra o, mənə Qarabağda baş verənlər haqqında danışdı. Ondan sonra başa düşdüm ki, bu hekayə bütün dünyaya tanıdılmalıdır. Bu bəşəri bir hekayədir. Üç ilə başa gələn bu sənədli ekran əsərinin yaradıcılarından biri olan, filmin prodüsseri Ekart Seycer təqdimat zamanı qeyd edib ki, Natiq Qasımovun təslim olduğu və ermənilər tərəfindən dindirildiyi səhnələri əks etdirən şəkillər onu sarsıdıb. O qeyd edib ki, bu fotolar təkcə foto deyil, həm Natiqin qəhrəmanlığını, həm də onun dindirilmə prosesini təsdiq edən sübutlar idi. O, həmçinin qeyd edib ki, Natiq Qasımovun taleyi haqda heç nə məlum olmayıb və məhz buna görə də filmin yaradıcı heyəti araşdırmalara başlayıb. Seycer xüsusilə vurğulayıb ki: "Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bizim üçün məsələyə obyektiv və təmkinli yanaşmaq çox vacib idi. Bu faciəli hadisə Qarabağ müharibəsinin təcəssümü oldu".
Qeyd etməyi zəruri hesab edirəm ki, "Oğul" (The Son) sənədli filmi 14 mart 2024-cü il tarixdə, London şəhərində, nüfuzlu Britaniya Film Mükafatları Akademiyasının (BAFTA) kino zalında nümayiş etdirilib. Tədbir Britaniya Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə diplomatik korpusun çoxsaylı nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan, Türk və digər icmaların üzvləri, jurnalistlər iştirak ediblər. Film həmçinin Hindistanda, bir sıra Avropa ölkələrində və kino festivallarda uğurla nümayiş etdirilib və "film boyunca nümayiş olunan faktlar Natiq Qasımovun kimliyi, onun taleyi və müharibə qəhrəmanlığı, müharibəyə təsiri ilə bağlı auditoriyaya kifayət qədər mesajlar ötürmək qabiliyyətindədir. Bu, olduqca uğurlu məqamdır". Və Natiq Qasımovun qeyri-adi qəhrəmanlığı bütün dünyaya beləcə təqdim olunur.
Natiq Qasımovun dindirilməsində iştirak edən ermənilərin axtarışına çıxan film müəllifləri ilk öncə Qarabağ müharibəsinin ilk günlərindən bu münaqişənin ideoloqlarından və ən fəal üzvlərindən, Xocalı soyqırımının təşkilatçılarından və icraçılarından biri olan, əli yüzlərlə azərbaycanlının qanına batmış Vitali Balasanyandan müsahibə götürməli olurlar. Qarabağdakı oyuncaq separatçı rejimin "qəhrəmanı" və "generalı", "Qondarma rejim"in müdafiə nazirinin müavini olmuş Vitali Balasanyanın iblis sifətinin bütün mahiyyəti ekranda öz əksini tapmışdır. Yaradıcı heyətin üzvlərindən ona ünvanlanan suallara və təqdim olinan şəkillərə baxarkan Vitali Balasanyan nəinki Natiqin, heç özünü də tanımadığını bildirir.
Filmin yaradıcı heyəti kilsədən çıxarkən Natiqi müşayiət etmiş erməni "boyevik"lərdən birini Yerevanda, digərini isə Rusiyanın Saratov şəhərində tapır və onlardan müsahibə götürür. Hər iki şahid-iştirakçı həm Natiq Qasımovun qəhrəmanlıq olayını, həm də Vitali Balasanyanı tanıdıqlarını bildirir və Natiqin Vitali Balasanyanın göstərişilə işgəncələrlə -doğranaraq qətlə yetirildiyini bildirirlər. Və bu hadisə ermənilərin vəhşi simasının bir daha təsdiq edir. Beynəlxalq konvensiyalara baxmayaraq təslim olmuş bir şəxsin vəhşicəsinə qətlə yetirilməsini əyani şəkildə, faktlarla sübut edir.
Və mən yazının sonunda bu qəhrəmanlıq təcəssümü, cəsarət, qeyrət, mərdlik və qorxmazlıq simvolu olan Natiq Qasımovun heyrətamiz qəhrəmanlıq hekayəsinin detallarını bir daha qeyd etməyi zəruri hesab edirəm.
Natiq Qasımov 1992-ci ilin 26 fevral Xocalı Soyqırımından sonra bu faciədən dəhşətə gələrək cəbhəyə könüllü olaraq yollanmışdı;
Natiq Qasımov və onun daxil olduğu könülllülər dəstəsi komandanlıqdan strateji mövqe olan Ağdamın Pirlər (Xramort) kəndi yaxınlığındakı strateji əhəmiyyəti olan bir yüksəkliyi və həmin müvqedəki məbədi ələ keçirərkən mərdliklə döyüşmüşdü;
Həmin mövqenin əldə saxlanması uğrunda döyüşdə, komandirini və döyüşçü yoldaşlarını itirən Natiq Qasımov, sonradan təkbaşına mövqeni qorumuşdu;
Həmin mövqe uğrunda 5 gün, az bir sursatla, ac-susuz döyüş aparmışdı və bu zaman bir neçə erməni "boyevik"ini məhv etmişdi;
Bütün döyüş müddətində o, mühafizə etdiyi məbədin üstündə Azərbaycan bayrağını asaraq ermənilərə göz dağı vermişdi;
Heç bir sursatı qalmayan Natiq Qasımov həmin mövqeni tərk edərək canını qurtara bilərdi. Lakin o, komandirin son vəsiyyətinə əməl edərək, bayrağı və postu tərk etməmişdi. Əvəzində, erməni tərəfinin şərtini qəbul edərək 22 Xocalı sakinini xilas etmək xatirinə, öz sonrakı acı taleyini dərk edərək təslim olmuşdu;
Təslim olarkən isə məbədə bərkitdiyi Azərbaycan bayrağını özü ilə götürərək birbaşa bayraqla erməni "boyevik"lərinin üstünə gəlmiş və onlara yaxınlaşarkən son gülləsini onların başı üzərindən havaya atmışdı...
Və bu sadalananlardan sonra Natiqə nə ad vermək olardı? Düşünürəm əgər dövlətimizin təltifləri sırasında Azərbaycanın Milli Qəhrəmanı adından yüksək ad olsaydı, Prezidentimiz həmin adı Natiqə verərdi. Lakin bu addan yüksək ad olmadığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Prezidentimizin bu Sərəncamı bütün natiqsevərlər tərəfindən gözlənilən idi və böyük rəğbətlə qarşılandı. Düşünürəm həm də Natiqin ruhu bu fərmandan şad oldu. Lakin hesab edirəm ki, onun ruhu hələ də narahatdır. Əli Natiq Qasımovun və yüzlərlə azərbaycanlının qanına batmış Vitali Balasanyan və Natiqi xüsusi amansızlıqla qətlə yetirənlər, bu dəhşətli olayın şahidləri sağdır və onlar Natiqin nəşinin qalıqlarının yerini bilir. Əminəm ki, Natiqin misilsiz qəhrəmanlığının qiymətini layiqincə verən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səyi ilə Natiqə dəhşətli işgəncələr verərək qətlə yetirən Vitali Balasanyan və onun əmrinin icraçılarının da zamanı gələcək və layiq olduqları cəzanı alacaqlar. Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimov kimi, Natiqin nəşinin də qalıqları tapılacaq və onun boya-başa çatdığı Mingəçevirə və ya anadan olduğu Gədəbəyə gətirilərək Qəhrəmana layiq, şərəflə dəfn ediləcək, məzarı üzərində abidəsi ucaldılacaq, adı əbədiləşdiriləcəkdir. Bunu bizə Prezident İlham Əliyevin 2 oktyabr 2024-cü ildə Bakıda keçirilən "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində "Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir"- fikri deməyə əsas verir.
Tarixin bütün dönəmlərində, müharibələr tarixində çox müxtəlif qəhrəmanlıqlar olub. Lakin Natiqin göstərdiyi qəhrəmanlıq zirvəsinin oxşarı yoxdur. Natiq Qasımov bu misilsiz qəhrəmanığı ilə bütün dövrlərin qəhrəmanlıq zirvəsini fəth edib. Qəhrəmanlar ölmürlər, onlar ölməzdir. Həmişə yaşayırlar. Natiq Qasımov kimi.
Ramiz Göyüş
Yazıçı-publisist