Qərb Gürcüstanı itirmək istəmir
1 Noyabr 2024 10:02 SiyasətOna görə də rəngli inqilab ssenarisini aktivləşdirib
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün minlərlə insan Tbilisinin mərkəzində parlament binasının qarşısına toplanıb. Diqqətçəkən məqam aksiyanı Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşkil etməsidir. Maraqlıdır, Gürcüstanda baş verən proseslər hansı istiqamətə gedir, Qərb bu ölkədə istəyinə nail olacaqmı? Politoloq Turan Rzayev qeyd edib ki, 26 oktyabrda baş tutan seçkilərdə hakim "Gürcü Arzusu" partiyası 53,93 faiz səslə qalib gəlib: "Hakim partiyanın qələbə qazanacağı bəlli idi. Çünki, Gürcüstanda hakim partiyanın kifayət qədər çox dəstəkçisi var. Bununla belə, parlamentə düşməyi bacaran 4 müxalif koalisiyası və Prezident Zurabişvili seçkilərin saxtalaşdırıldığını iddia edib və nəticələri tanımayıb. Əslində, müxalifətin seçkinin nəticələrinə etiraz etməsi və aksiyalara başlaması öncədən proqnozlaşdırılırdı. Qərb faktiki olaraq Gürcüstanı itirmək istəmir. Buna görə də rəngli inqilab ssenarisini aktivləşdirib. Prezident Zurabişvilinin liderlik etməsi də proseslərin pərdəarxasında Qərbin olduğunu deməyə əsas verir. Prezidentin təcümeyi-halına nəzər yetirdikdə görmək olar ki, bu şəxs bir çox diplomatik vəzifələri icra edib. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə hər iki dövlətin prezidenti arasında əldə olunan razılığa əsasən Gürcüstan vətəndaşlığını qəbul edib və bu ölkənin ilk qadın xarici işlər naziri təyin olunub. O, Rusiya qüvvələrinin Gürcüstan ərazisinin mübahisəsiz hissələrindən çıxarılmasına səbəb olan müqavilə üzrə danışıqlar aparıb.
S.Zurabişvili prezident olmasına baxmayaraq Qərblə, xüsusilə də kəşfiyyat qurumları ilə təmasları kəsilməyib. Bu da onun hazırda proseslərə liderlik etməsini bir daha açıqlayır. "Buradakı hər kəsə demək istəyirəm ki, siz seçkilərdə uduzmadınız, onlar sizin gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur", - Zurabişvili aksiyadakı çıxışında bildirib.
Gürcüstan faktiki olaraq Qərbin vədlərinə inanmır. Son zamanlar Gürcüstanın Qərbə qarşı qəbul etdiyi qanunlar, həmçinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri Tbilisinin xarici siyasi kursunda dəyişikliyə gedəcəyini göstərir. Hazırkı proseslər isə göstərir ki, Qərb Gürcüstana təzyiq yolunu seçib. Lakin bunun nəsə dəyişiklik yaratması real deyil. Belə olarsa, Qərb Tbilisi ilə uzlaşma yoluna gedə bilər.
Mövcud vəziyyət Rusiyanı məmnun etsə də, Gürcü Arzusu Kremllə buzları tez bir zamanda əritməyəcək. Moskva Tbilisini yenidən qazanmaq, həmçinin prosesləri əvvəlki məcrasına salmaq üçün əlindən gələni edəcək. Gürcü Arzusu isə Azərbaycanın illərdir tətbiq etdiyi balans siyasətinin bənzəri bir kurs izləyə bilər".
Politoloq əlavə edib ki, hazırda dünyada baş verən hadisələr deməyə əsas verir ki, iki nüvə gücü arasında yeni dövlət yaradıla bilər: "Hindistan dünyanın dil, din, etnik mənsubiyyət baxımından ən rəngarəng ölkələrindən biridir. Məlumdur ki, bu ölkədə yalnız hindli adlanan xalq yaşamır. Hindistan konstitusiyasına görə, ölkənin 22 rəsmi dövlət dili var. Buna rəğmən, ölkədə 400-dən çox dil və ləhcə danışılır. Bu da özlüyündə ölkədəki etnik çoxluğu, multikulturallığı sübut edir.
Təəssüf ki, Hindistanla bağlı ölkəmizdə bilinməyən çox detal var. Bunlardan biri, ən önəmlisi isə bu ölkənin "qırmızı xətti" olan Xalistan Hərəkatıdır. Hindistanın Azərbaycan kimi mültikultural ölkə olmasına baxmayaraq hakimiyyətdəki radikal millətçi "Bharatiya Canata" (BJP) partiyası və Baş nazir Narendra Modinin sərgilədiyi siyasət ölkədəki fərqli dini inanclı şəxsləri və etnik azlıqları ciddi narahat edir. Daha çox islamofob mövqeyi ilə seçilən Modi son illərdə dünyanın 5-ci ən böyük dini olan siqhizmə inananlara qarşı repressiyalara başlayıb. Vəziyyət o həddə çatıb ki, Modi hökuməti ölkə xaricində də siqhləri təqib edir, sui-qəsdə məruz qoyur. Sonuncu belə hadisə 2023-cü ildə Kanadada baş verdi. Xalistan Hərəkatı Hindistanda siqhlər üçün müstəqil dövlət yaratmağa çağırır. Bu, separatçı hərəkat kimi görünsə də, əslində beynəlxalq hüquqa tam uyğun, xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə uzlaşan hərəkatdır. Özü də bu hərəkat nəsillərdir davam edir.
Böyük Britaniya Hindistanı tərk edərkən regionda müsəlmanların Pakistan, hindusların Hindistan dövləti yaratmasına icazə verdiyi halda siqhlərə bu imkan tanınmayıb. Siqhlər də məhz buna görə illərdir müstəqillik üçün mübarizə aparır. Hərəkat 1980-ci illərdə Hindistanın Pəncab əyalətində pik həddə çatıb. Lakin Hindistan silahlı qüvvələri həmin vaxt xüsusi əməliyyat keçirərək hərəkata ciddi zərbə vurub. Yüzlərlə şəxs məhz bu səbəbdən Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrə köç edib. Əslində Xalistan Hərəkatı da hazırda daha çox ölkə xaricində aparılır. Sinqh diasporunda olan şəxslər son illərdə müstəqillik çağırışlarını artırıb və referendumla bağlı müraciətlər edir. Modi hökuməti isə siqhlərin bu tələbinə repressiya və sui-qəsdlərlə cavab verir. Siqh lider Hardeep Singh Nijjar 18 iyun 2023-cü ildə Kanadada naməlum şəxslər tərəfindən öldürüldü. Kanada hadisədən dərhal sonra Hindistan hökumətini günahlandıraraq 6 diplomatı deportasiya etdi. Hindistan Xarici İşlər Nazirliyi buna cavab olaraq 6 kanadalı diplomatı ölkədən qovdu. İki ölkə arasında bu istiqamətdə gərginlik hələ də davam edir. Bu məsələ Azərbaycanın da diqqətində olmalıdır. Məsələ ondadır ki, rəsmi Dehli Ermənistanı regionda silahlandıran, müharibəyə təhrik edən dövlətlərdəndir. Bakı Dehlinin bu fəaliyyətlərinə cavab olaraq Siqh diasporu ilə təmaslar qurmalıdır. Hətta Bakı Təşəbbüs Qrupu daxilində siqhlərlə bağlı xüsusi bölmə yaradıla bilər".
Nurlan