Seçki ilə Gürcüstanda hakimiyyətin dəyişdirilməsi Qərb ölkələrinin əsas niyyəti idi - ÖZƏL
30 Oktyabr 21:33 Siyasət"26 oktyabr seçkisi Gürcüstan tarixində yəqin ən məsul və təsirli, ağır seçkilərdən biri olacaq. Çünki bu, təkcə Gürcüstanın özünün tarixi üçün təsirə malik olan hadisə deyil, eyni zamanda onun bölgənin taleyini həll eləməyə qadir və bu istiqamətdə təsirli olan hadisə kimi nəzərdən keçirmək lazımdır. Çünki özlüyündə bu seçki prosesindən daha çox müəyyən geosiyasi qütblərin arasında gedən mübarizə prosesidir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Faktdır ki, Qərb ölkələri bu, Gürcüstanda hakimiyyəti seçki yolu ilə dəyişməyə, əksinə, Rusiya isə ən yaxşı halda indiki hakimiyyətin qorunub saxlamağında maraqlıdır. Ona görə ki, Gürcüstan artıq 10 ildən çoxdur ki, Saakaşvilinin dövründə birmənalı şəkildə Qərbə meyllənmək siyasətindən, tədricən orta mövqeyə və müəyyən qədər Rusiya yönümlü siyasətə keçid edib. Təbii ki, bu dönüş təsadüfi deyil. Gürcüstan hakimiyyəti birinci növbədə güclü hakimiyyət yaratmaqla, qurmaqla, Gürcüstanın ərazi bütövlüyünü təmin etmək və bunun üçün Rusiya ilə mümkün qədər normal münasibətlərdə olmağa çalışır. Amma Qərb də Gürcüstana bu bölgənin qapısı kimi baxır. Çünki düşünürlər ki, Azərbaycan tam müstəqil və heç bir qütbə baş əyməyən siyasət aparan ölkə olduğu halda, bu bölgəyə nüfuz etməyin, daxil olmağın ilkin qapısı məhz Gürcüstandır. Başa düşürlər ki, Gürcüstanı əldən verməklə Qərb ölkələri Ermənistana da təsir imkanlarını xeyli dərəcədə itirə bilərlər. Ona görə də çox prinsipial əhəmiyyət verirdilər. Bu seçki ilə Gürcüstanda hakimiyyətin dəyişdirilməsi Qərb ölkələrinin əsas niyyəti idi. Amma Gürcüstan cəmiyyəti və Gürcüstanda hakimiyyətdə olan qüvvələr proseslərin başqa bir istiqamətdə nəticə verməsinə nail oldular. Və bu gün faktdır ki, müxalifət Qərbdən nə qədər böyük dəstək olsa da, hakimiyyəti dəyişə bilmədi.
Əlbəttə, Gürcüstanda hakimiyyətin dəyişilməsi bütün bölgənin taleyində öz dərin izlərini buraxa bilərdi. Nəzərə alsaq ki, Gürcüstanın indiki hakimiyyəti ilə Azərbaycanın yaxşı münasibətləri var və həm də bu yaxşı münasibətlərin üstündə regionun taleyi üçün çox əhəmiyyətli rol oynayan müəyyən regional layihələr artıq icra edilməkdədir. Bu layihələrin taleyinin şübhə altına düşə biləcəyi də bu seçkinin mümkün nəticələrindən biri idi. Amma nə yaxşı ki, Gürcüstanda xalq, əksəriyyət seçkinin belə bir nəticə verməsini dəstəklədilər.
Hadisələr göstərdi ki, Qərb ölkələri Gürcüstanda müxalifətin bu seçkilərin nəticəsi ilə razılaşmaması üçün əlindən gələni edəcək. Artıq açıq bəyanatlar var. Seçkidə pozuntulara yol verildiyi və seçki prosesində meydana çıxan təzahürlərin araşdırılması ilə bağlı açıq tələblər səslənir və Qərb ölkələri müəyyən Avropa strukturları mövqelərini gizlətmirlər ki, bu seçkilərin nəticələrini qəbul etmək fikrində deyillər. Amma əlbəttə, Gürcüstanda hakimiyyətin də bu seçkidən sonra parlamentdə mövqeyi xeyli dərəcədə möhkəmləndi və bundan sonra hər şey ondan asılı olacaq ki, Gürcüstan cəmiyyəti bu seçkilərin nəticələrinin müdafiəsi mövqeyində nə qədər aktiv fəaliyyət göstərəcəklər. Gürcüstan cəmiyyətinin seçkinin nəticələrinin müdafiə olunmasındakı mövqeyi bu seçkinin və bütünlüklə regionun taleyini müəyyənləşdirə bilər. Amma böyük ehtimalla demək olar ki, seçkinin nəticələrinin tanınması uzun bir proses olsa da, amma sonda seçkinin indiki nəticələrinin dəyişdirilməsi böyük ehtimalla mümkün olmayacaq".