Gənc nəslin formalaşdırılmasında müəyyən nümunələrin təqdimatı olduqca təsirlidir
25 Oktyabr 2024 12:41 Siyasətİstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
"Yeni nəsil formalaşdırmaq hər bir dövlətin, xalqın, millətin qarşısında dayanan strateji vəzifələrdən biridir. Çünki onsuz, yeni nəsil formalaşdırmadan millətin gələcəyi yoxdur, özünün gələcəyini formalaşdırmayan millətin isə əslində heç bu günü də yoxdur və o, real olaraq ölümə məhkumdur. Buna görə də özünü cavanlaşdırmaq, özünün yeni nəslini formalaşdırmaq bütün millətlərin hazırkı cari fəaliyyətinin ən ümdə vəzifələrindən biri sayılmalıdır.
Yeni nəslin formalaşdırılması çoxşaxəli bir prosesdir. Həm də kortəbiilik, pərakəndəliyi sevməyən, sistemli şəkildə aparılmasını istəyən bir prosesdir. Buna birinci növbədə yeni nəslin sağlam bir nəsil olaraq formalaşdırılması kimi baxmaq lazımdır. İkincisi, özünün, xalqının milli-mənəvi dəyərlərinə, tarixinə, onun mədəniyyətinə, dininə, dilinə bağlılıq yeni nəslin formalaşdırılmasının növbəti vacib istiqamətləridir. Çünki fiziki cəhətdən sağlam olmayan nəsil təbii ki, millətin nə keçmişini, nə də gələcəyini çiynində apara bilməz. Haqlı deyiblər ki, sağlam bədəndə sağlam ruh olar. Əgər fiziki cəhətdən sağlam nəsil yoxdursa, onun sağlam ruhu da yoxdur. Təbii ki, sağlam ruhu olmayan nəslin isə nə milli-mənəvi dəyərləri, nə mədəni dəyərləri, nə dil xüsusiyyətlərini, nə də dini dəyərlərini çiynində gələcəyə daşımaq imkanı olmayacaq. Ona görə də gənc nəslin formalaşmasına çoxşaxəli və sistemli bir proses kimi baxmaq lazımdır. Onu nə kortəbii axara buraxmaq mümkündür, nə də sırf dövlət tərəfindən tənzimlənən bir quru proses kimi təsəvvür etmək düzgün deyil. Gənc nəslin formalaşması prosesini dediyim kimi, çoxcəhətli bir iş kimi nəzərdə tutmaqla, orada dövlətin də xüsusilə aparıcı və təşkilatçı rolunu nəzərə almaq lazımdır. Müəyyən qanunvericilik normalarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Çünki gənc nəslin formalaşdırılması, inkişafı və tərbiyəsi, eyni zamanda, onun yad təsirlərdən hüquqi-inzibati vasitələrlə müdafiə olunması deməkdir. Biz dəfələrlə görmüşük ki, bizim gənclərimizin şüurunu, ideologiyasını, milli-mənəvi dəyərlərini korlamaq, onu marginallaşdırmaq üçün müxtəlif mərkəzlərdən hansı cəhdlər göstərilir və bu cəhdləri neytrallaşdırmaq üçün aydın məsələdir ki, təkcə maarifçilik işi ilə izahatına kifayətlənmək olmaz. Bu sahədə dövlətin böyük imkanlarından, onun təşkilati inzibatçılıq xüsusiyyətlərindən və qanunun normativlərindən maksimum dərəcədə yararlanmaq olduqca vacibdir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Beləliklə, gənc nəslin formalaşdırılmasına ilk növbədə dövlətin himayəsi, çətiri altında olan böyük bir ictimai dövlət işi kimi baxmaq lazımdır. Digər tərəfdən, gənc nəslin milli-mənəvi dəyərlərə, tariximizə, dil xüsusiyyətlərinə bağlılığının böyük bir fərqləndirici xüsusiyyət olduğu gənc nəsilə aşılanmalıdır. Çünki gənc nəsil hansı millətin, hansı tarixə, hansı mənəvi dəyərlərə və hansı istedada malik olan xalqın, millətin nümayəndəsi olduğunu başa düşməsə, dərk eləməsə, o heç vaxt formalaşa bilməz. Və yaxud da ki, o formalaşsa da tamamilə yad ideyaların, yad fikirlərin və yad milli etnik mühitlərin təsiri altında böyüyən bir nəsilə çevriləcək. Məsələn, əgər Azərbaycanın tarixi qəhrəmanlarını, alimlərini, xalq şairlərini, yaradıcı insanlarını, dövlətçilik tarixini lazımi qədər bilməyən və bilmək istəməyən bir gənc necə Azərbaycan gənci kimi formalaşa bilər? O, kökü yerdən üzülmüş və üzünü hara tutacağını bilməyən bir fərddən başqa bir şey deyil. Əgər kökü yerdən Azərbaycan xalqının milli-mənəvi, etnik, dini sistemindən üzülübsə, onu istənilən bir yad təsirin altına salmaq və istənilən bir etnik mühitə daşımaq mümkündür. Məsələn, adı deyək ki, azərbaycanlı olan bir gəncin əgər Azərbaycanın milli, dini, etnik, tarixi köklərindən xəbəri yoxdursa, o, istənilən bir millətin nümayəndəsinə, istənilən bir millətin ideyasının daşıyıcısına çevrilə bilər ki, bu da bizim üçün olduqca böyük təhlükədir. Çünki bir tərəfdən biz milli ruh daşıyıcısı olan gənclərimizi itirmiş oluruq, o biri tərəfdən isə bizə düşmən olan milli sistemlərin təsiri altında olan gənclər yetişdirmiş oluruq. Ona görə də milli mənəvi-dəyərlərin, tarixin, dilin düzgün formada aşılanması, millətin həm gələcəyinə təminatı, həm də bizim gənc nəslimizin formalaşdırılması üçün böyük rol oynayır.
Dediyim kimi, gənc nəslimizin formalaşdırılmasında müəyyən nümunələrin təqdimatı olduqca təsirlidir. Biz Vətən Müharibəsindən yenicə çıxmışıq. İndiyə qədər bizim gənclərimiz vətən uğrunda, milli ideya uğrunda ölməyə hazır olan gənclərin olduğunu gözləri ilə görməmişdilər və bunu yalnız kitablardan oxumuşdular, tarixdən görmüşdülər. Amma bizim böyüməkdə olan gənc nəslimiz Vətən Müharibəsində elə nümunələr göstərdi ki, bu nümunələr həm Vətənin böyük maraqlarını və mənafelərini müdafiə elədi, eyni zamanda, böyüməkdə olan nəslin formalaşmasına çox böyük təsirə malik bir tərbiyə nümunəsinə çevrildilər. Məsələn, vətən uğrunda canından keçmiş gənc əsgərlərimizin həyat, şəhidlik hekayəsi mən əminəm ki, bizim gənc nəslin formalaşması və özünə yol seçməsi yönündə olduqca böyük təsirə malikdir. Belə gənclərin həyatını və mübarizəsinin tarixini öyrənmək, yaşatmaq gələcəkdə də bizim nəsillərimizin formalaşmasına böyük təsir göstəcək. Və yaxud da ki, əgər bizim gəncliyimiz vaxtilə Azərbaycan dövlətinin nə qədər əraziyə malik olduğunu, nə qədər qüdrətli dövlətlər və imperiyalar yaratdığından xəbərsiz olsa, bu gün dövlət maraqlarını müsbət ambisiya ilə həyata keçirməkdə çətinlik çəkəcəklər. Çünki özünün milli dövlətçilik ideyasından xəbərsiz insanlar gələcək dövlətçiliyin daşıyıcılarına çevrilə bilməzlər. Buna görə də Azərbaycan gəncliyinin formalaşdırılmasına həm dövlətin işi kimi baxmaq lazımdır, həm bizim cəmiyyətin işi kimi baxmaq lazımdır, həm də nümunələrin, tarixin və dəyərlərin təsiri altında formalaşmaq kimi baxmaq lazımdır.
Gəncliyimiz təkcə millətin gələcəyi deyil, bizim gəncliyimiz dövlətimizin gələcəyidir. Ona görə ki, biz tarixdən də, müasirlikdən də yaxşı bilirik ki, heç də hər millətin dövləti olmur. O millətlər xoşbəxtdir ki, onun dövləti var. O dövlətlər xoşbəxt dövlətdir ki, o dövləti çiynində yaşatmağı özünün missiyasına çevirmiş bir milli toplum var. O milli toplum dövlətin gələcəyidir. Əgər Azərbaycan dövlətinin gələcəyi haqqında düşünürüksə, bunun üçün narahatlıqsa, birinci növbədə bu dövləti çiynində daşımağı özü üçün missiya hesab edən gənc nəslin formalaşdırılması daimi iş kimi nəzərimizdə, diqqətimizdə olmalıdır. Əgər Azərbaycan dövlətini çiynində daşımağı özünün missiyası kimi qəbul edən gənc nəsil formalaşdıra bilmişiksə, bu artıq dövlətimizin gələcəyi üçün bir qarantiyadır. Heç bir narahatlıq üçün əsas olmamalıdır ki, dövlətçiliyi özünün missiyası kimi qəbul etmiş bugünkü nəsil sabah özündən sonrakı nəsli formalaşdırmaqda maraqlı olacaq və bunu özünün vəzifəsi kimi qəbul edəcək ki, əgər məni bu dövləti çiynində daşıyan bu missiyanı həyata keçirən bir insan kimi yetişdiriblərsə, mən də özümdən sonra belə insanlar yetişdirməliyəm.
Bu cür əlaqələr, bu cür irsi bağlılıq, dövlətçilikdə ənənənin əsasının qoyulması həm də dövlətin gələcəyi üçün bir qarantiyadır.
Azərbaycan dövlətinin gələcəyinin gənclərdən asılı olduğu fikri olduqca həqiqi, ciddi və güclü bir fikirdir. Bu fikrin ətrafında gənclər siyasəti bir an belə olsun fasilə vermədən aparılmalıdır. Çox yaxşı ki, bu gün Azərbaycan gəncliyi həqiqətən bizim dövlətimizin haradan başlayıb, harada bitdiyini bilirlər, bunu göstərirlər. Bu da onların həm vətəndaş, həm də dövlətçilik missiyasının daşıyıcısı kimi formalaşmasında öz rolunu oynayır".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.