Nikol Paşinyan hakimiyyəti özü İran üçün təhlükədir- ÖZƏL

"İranın Zəngəzur dəhlizinə qarşı çıxması bölgədə gərginliyi bir az da artırdı. İran başa düşmür ki, Zəngəzur dəhlizi əsla İranın maraqlarına qarşı yönəlməyib və burada İranı hədəf alan bir şey yoxdur. Tam əksinə, müharibədən də sonra cənab Prezidentin çıxışlarında regional tərəfdaşlıqdan bəhs edilmişdi və burada İran da cənab Prezident tərəfindən vurğulanmışdır". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Əslində Azərbaycan İranla münasibətləri yaxşılaşdırmağa, regional tərəfdaşlığı yüksəltməyə maraqlıdır. Lakin İran hələ də bu məsələləri görmür və elə hesab edir ki, əgər Zəngəzur dəhlizi açılarsa, İranın Şimalında İrana qarşı bir təhlükə törənəcək və Ermənistanla əlaqələri kəsiləcək. Burada İranın daxilindəki siyasətə baxdığımızda görürük ki, Məsud Pezeşkian hələ də susur və üzdə olan keçmiş simalar danışmağa davam edir. İran bunu açıqlamalıdır ki, nəyə görə sərhədlərin pozulması Şimalda İrana böyük təhlükə törədilməsi kimi qəbul edilir? Digər tərəfdən bu gün SORUSçu, Qərbdən pul alan, dəfələrlə İranın özünə düşmən hesab etdiyi ABŞ ilə Ermənistan ərazisində hərbi təlim keçən Aİ-nin missiyasını Ermənistana dəvət edən Nikol Paşinyan hakimiyyəti özü İran üçün təhlükədir. Sabah Ermənistan ərazisindən Qərbin İrana qarşı kəşfiyyat apardığını eşitsək, təəccüblənmərik. Çünki Nikol Paşinyan birbaşa olaraq Qərb dairələrindən asılı bir hökumət qurmuşdur. Belə olan təqdirdə, İran tam olaraq reallığa uymayan qorxularını kənara atıb daha məntiqli şəkildə fikirləşməlidir. Şübhəsiz ki, İran rəsmilərinin bu çıxışları davam edərsə, bu, Azərbaycan-İran münasibətlərində yenidən gərginləşməyə səbəb ola bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31