İran bu məsələdə özünün məzhəbçi baxışlarını ortaya qoyur- ÖZƏL

"Bütövlükdə bu gün İranın Zəngəzur dəhlizinə yanaşması birmənalı şəkildə İranın ideoloji olaraq siyasi prosesləri dəyərləndirməyinin nəticəsidir. İran əgər bölgəyə rasional və ağıllı formada yanaşma göstərsəydi əslində, Zəngəzur dəhlizinin İran üçün də iqtisadi alternativlər və nəfəslik rolunu oynaya biləcəyini dərk edərdi". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün bölgənin böyük qüvvələri Zəngəzur dəhliziylə bağlı ortaya mövqe qoyublar. Təbii ki, Azərbaycanla Ermənistan arasında 10 Noyabr bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmağıdır ki, Ermənistan hələ də bunu yerinə yetirmir. Digər tərəfdən 10 Noyabr bəyanatının üçüncü imzası olan Rusiya da Zəngəzur dəhlizinin açılmağıyla bağlı ortaya mövqe qoyub. Həmçinin Mərkəzi Asiyanın türk ölkələri də Zəngəzur dəhlizinin açılmağı ilə bağlı mövqelərə malikdirlər. Belə olan halda hansısa formada İranın hələ də bu prosesə qarşı gəlməsi onu göstərir ki, İran bu məsələdə özünün məzhəbçi baxışlarını ortaya qoyur. Regionda hansısa sərhədlərin dəyişdirilməsindən söhbət getmir. Regionda sərhədləri dəyişdirən Ermənistan olmuşdur. Azərbaycanın İran sərhədləri də daxil olmaqla 30 faiz torpağını işğal edəndə İran sərhədlərin dəyişdirilməsindən danışmırdı. Fransanın və Qərbin bəlli imperialist dairələrinin də Zəngəzir dəhlizi layihəsinə qarşı çıxdığını düşünəndə İranın guya Avropa ilə əks mövqedə dayansa da Zəngəzur dəhlizinə qarşı siyasətdə əslində Qərblə addımlar atdığını göstərir. Həmçinin Borrellin də İranın nüvə proqramı üzrə koordinasiyalı işin bərpa olunması barədə açıqlamaları göstərir ki, Qərb və İran müəyyən məsələlərdə artıq ortaya eyni mövqe qoymağa başlayıblar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31